Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:16

Əli Hüseynli: «Azərbaycan parlamenti ilə bağlı yazılanlar tamamilə böhtandır»


Əli Hüseynli
Əli Hüseynli
-

Milli Məclisin Hüquq Siyasəti Komitəsinin sədri Əli Hüseynli «Şəffaflıq Azərbaycan» təşkilatının hazırladığı hesabatda Azərbaycan parlamenti haqqında yazılanlara toxunub. Deputat bu məsələdə «Şəffaflıq Azərbaycan» təşkilatının direktoru Rəna Səfərəliyevaya qarşı ittihamlar səsləndirib:

«Azərbaycan parlamenti haqqında təəssüf ki, beynəlxalq təşkilatlar, qeyri hökumət təşkilatları mətbuatda əks informasiyalar yayır. Qərəz dolu məlumatlar dərc olunur. Hesabat hazırlamağın texnologiyası var. Bir neçə gün əvvəl «Beynəlxalq Şəffaflıq» Təşkilatının hesabat layihəsində Azərbaycan parlamenti ilə bağlı yazılanlar tamamilə böhtandır. Bu təşkilatın Azərbaycan bölməsinin rəhbəri Rəna Səfərəliyeva Leyla Yunusun 100 minlərlə manat vəsaitinin nağdılaşdırılmasında əsas vasitəçilərdən biri olub. Hesab edirəm ki, Baş ofis Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığı dayandırmalıdır. Azərbaycan parlamentinin heç bir üzvü o təşkilatın tədbirlərində iştirak etməməlidir».

Deputat Azay Quliyev də «Şəffaflıq Azərbaycan» təşkilatının Azərbaycan parlamenti barədə hazırladığı hesabatın tamamilə qərəzli olduğunu qeyd edib.

Spiker Oqtay Əsədov bu hesabatı araşdırma deyil, «ara qarışdırma» adlandırıb.

AzadlıqRadiosu məsələ ilə bağlı «Şəffaflıq Azərbaycan» təşkilatının mövqeyini öyrənməyə çalışır

Bu günlərdə «Şəffaflıq-Azərbaycan» təşkilatı parlamentin vəziyyətini araşdıran ilkin hesabatını açıqlayıb. Hesabatda deyilir ki, Azərbaycan parlamenti öz əsas funksiyalarını kifayət qədər yerinə yetirmir, müstəqil qərar qəbul etmir.

OQTAY ƏSƏDOV: «MƏTBUATI AÇIRSAN HAMISI DEDİ-QODUDUR»
Oqtay Əsədov
Oqtay Əsədov
Daha sonra spiker Azərbaycan mətbuatını tənqid edib:

«Dünyada müxtəlif proseslər gedir. Bizim mətbuatı açırsan hamısı dedi-qodudur. Bir dənə maraqlı, dərin təhlilə rast gəlmək olmur. Bəzən deyirsən ki, mən bunların deputatıyam. Çox təəssüf edirəm. Bəzi televiziyalar Azərbaycan parlamentini çox pis formada verir, hansısa deputatı tənqid edir. Bir də görürsən ki, səhəri gün həmin deputat gedib çıxıb həmin televiziyaya danışır. Biz bütün addımlarımızda diqqətli olmalıyıq. Mən çox danışmaq istəmirəm, hesab edirəm ki, nə demək istədiyim hamıya aydındır».

Daha sonra deputat Fazil Mustafa Azərbaycanda Rusiya pasportlarının verilməsi barədə məlumatlara aydınlıq gətirilməsini istəyib.

Spiker Oqtay Əsədov bildirib iki, Azərbaycanda ikili vətəndaşlıq yoxdur, ona görə də əgər belələri olacaqsa onların Azərbaycanda yaşaması mümkün deyil. YAP-çı deputat Siyavuş Novruzov da belə adamlara qarşı amansız olmağın vacibliyini deyib. =
XS
SM
MD
LG