Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:18

Elmar Məmmədyarov AŞ Nazirlər Komitəsində Azərbaycanın sədrliyi dövrünün prioritetlərindən danışıb


Elmar Mammadyarov
Elmar Mammadyarov
Xarici işlər naziri Elmar Məmmədyarov mayın 6-da Avstriyanın paytaxtı Vyanada Avropa Şurası Nazirlər Komitəsində Azərbaycanın sədrliyi dövrünün prioritetlərini təqdim edib.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, nazir deyib ki, 2001-ci ilin yanvarında Avropa Şurasının üzvü olduqdan sonra ilk dəfə Nazirlər Komitəsinə sədrliyi öz üzərinə götürmək Azərbaycan üçün böyük üstünlükdür: «Azərbaycanın sədrliyi təşkilatın 65-ci ildönümünə təsadüf edib. Bu uzun müddət özünün güclü və vahid standartları ilə istinad mərkəzi olan Avropa Şurası üçün həqiqətən də vacib dönüş nöqtəsidir.

Növbəti altı ay müddətində ölkəm Avropa Şurasının üç əsas sütunu – insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verəcək və səylərini əsirgəməyəcək. Bu müddət ərzində Avropa Şurasının əsas dəyərlərinin dəstəklənməsi və təşviqi bizim bütün fəaliyyət və öhdəliklərimizin mərkəzində duracaq.

Azərbaycanın sədrliyinin əsas prioritetləri Azərbaycanın müsbət xarakteristikası və müqayisəli üstünlükləri ilə yanaşı Avropa Şurasının gündəliyində duran aktual və təxirəsalınmaz məsələlərin nəzərə alınması ilə müəyyən edilib.

KORRUPSİYA İLƏ MÜBARİZƏDƏ ƏMƏKDAŞLIQ

Üzv dövlətlərdən təcili və qəti cavab əldə etməyi təmin etmək üçün Avropada demokratiya, təhlükəsizlik və stabillik sahəsindəki mövcud problemlərə ciddi diqqət ayıracağıq. Bu məqsədlə Azərbaycanın sədrliyi gücləndirilmiş dialoq, qarşılıqlı hörmət və anlaşma yolu ilə kompromis ruhunda razılaşdırılmış qərarları əldə etməyə çalışacaq.

Korrupsiya ilə mübarizədə güclü əməkdaşlıq Azərbaycanın sədrliyinin əsas prioritetlərindən biri olacaq. Biz Beynəlxalq Antikorrupsiya Akademiyası ilə birgə Bakıda yüksək səviyyəli konfrans təşkil etməklə korrupsiya ilə mübarizəni özünün əsas məqsədi elan etmiş Avropa Şurasının səylərinə töhfəmizi verəcəyik. Bu konfrans antikorrupsiya qanunlarının tətbiqinə böyük əhəmiyyət verərək və ehtiyat tədbirlərini təmin edərək milli təcrübə və ən yaxşı praktikalar üzrə fikir mübadilələrinə imkan yaradacaq».

Elmar Məmmədyarov deyib ki, Azərbaycan tarixən müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində birgə şəkildə mövcud olduğu yerdir: «Sədrliyi zamanı Azərbaycan mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada diskriminasiya və dözümsüzlüklə mübarizəyə yardım edəcək.

BEYNƏLXALQ TƏŞKİLATLARLA İŞ

Azərbaycanın sədrliyi sosial həmrəylik və sosial davamlılığı istənilən sarsılmaz və çiçəklənən cəmiyyətin vacib elementi hesab edir. Bizim bu istiqamətdə səylərimiz Avropa Şurasının zəif müdafiə olunan qruplara xüsusi diqqət ayıraraq, heç bir ayrı-seçkilik olmadan hamının sosial hüquqlardan istifadə etmək imkanının təmin edilməsinə yardım etməyə yönəlib. Ermənistanın işğalı səbəbindən geniş miqyaslı köçkünlük təcrübəsi olan Azərbaycan sədrliyin müvafiq fəaliyyətləri çərçivəsində cəmiyyətin müdafiəsiz üzvləri olan köçkünlərin insan haqlarının müdafiəsinə güclü diqqət ayıracaq. Əminik ki, XXI əsrin Avropasında milyonlarla insan hələ də bu hadisədən əziyyət çəkməsi əlaqədar olaraq bu məsələyə gələcəkdə Avropa Şurası çərçivəsində daimi diqqət ayrılmalıdır.

Avropa Şurası baş katibin təşəbbüsü ilə ciddi siyasi islahatların həyata keçirilməsi hədəfi qarşıya qoyulmuş və bu hədəf sədrliyimiz müddəti ərzində yekdilliklə və güclü şəkildə dəstəklənəcək. Azərbaycan sədrliyi həmçinin Avropa İttifaqı, ATƏT və BMT kimi digər beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da möhkəmləndirilməsinə dəstək göstərəcək».
XS
SM
MD
LG