Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:33

Krımda Azərbaycanın partizan dəstəsi döyüşürmüş


Arxiv foto
Arxiv foto
-

Krımın Azərbaycan icmasının başçısı Rəhim Hümbətovun AzadlıqRaduosuna bildirdiyinə görə, 2-ci Dünya Müharibəsi gedərkən, bu yarımadanın dağlarında – 8-ci Azərbaycan partizan dəstəsi döyüşürmüş. O zaman Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovun adını daşıyan həmin partizan dəstəsinə Məmməd Əliyev komandirlik edirmiş.

Cənub birləşməsi 7-ci partizan briqadasının komandiri Vixmanın imzaladığı «Xidməti xasiyyətnamə»də yazılıb ki: «Əliyevin rəhbərlik etdiyi dəstə 300 zabit və əsgəri əsir götürüb, 400-dən çox əsgər və zabiti öldürüb və 5 ağır topu, azı 50 pulemyotu, 350 tüfəngi və s.-i qənimət kimi ələ keçirib. Bütün döyüş və əməliyyatlarda yoldaş Əliyev igidlik və mərdlik nümunəsi göstərib».

İcma rəhbərinin sözlərinə görə, «Yalta tarix-mədəniyyət muzeyində qorunan bir sənəddə deyilir ki, Məmməd Kərim oğlu Əliyev Yalta bölgəsindəki hücum əməliyyatlarını yaxşı apardığından tapança ilə mükafatlandırılıb».

Yaltanı faşistlərdən azad edən 323-cü atıcı alayının komandiri Cəlil Nəcəbova (soyadı məlumatda belə yazılıb – red.) müharibədən sonra «Yaltanın fəxri vətəndaşı» adı verilib. 77-ci Azərbaycan diviziyası Krımın azad edilməsi uğrunda döyüşlərin ən fəal iştirakçılarındandır. Azərbaycanlılar digər hərbi birləşmələrin – gürcü və erməni diviziyalarının da tərkibində döyüşüblər.

Rəhim Hümbətov xatırladıb ki, Sevastopolda - «Sapun-Qora»da Azərbaycanın qəhrəman oğul və qızlarının şərəfinə xatirə abidəsi ucaldılıb. Ötən il həmin abidəni Krımın azərbaycanlı icmasının təşəbbüsü ilə Azərbaycan hökuməti bərpa edib.
XS
SM
MD
LG