Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:59

İntihar etmiş məktəblilərlə bağlı rəsmi məlumat


arxiv foto
arxiv foto
-
Azərbaycan Respublikası Baş Prokurorluğu mayın 24-də intihar etmiş məktəblilərlə bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, iki məktəblinin meyiti mayın 24-də Xaçmaz rayonunun Nabran kəndi yaxınlığındakı meşə massivində aşkarlanıb.

CİNAYƏT İŞİ BAŞLANIB


Xaçmaz şəhər sakini, 1998-ci il təvəllüdlü Quliyev Vasif Yaşar oğlunun meyiti ağacdan asılmış vəziyyətdə, təxminən 25 metr aralıda isə rayonun Hacıqurban-oba kənd sakini, 1997-ci il təvəllüdlü Tağıyeva Nərgiz Nurməmməd qızının meyiti tapılıb.

Meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib. Hər iki meyitin boyun nahiyyəsində stranqulyasiya şırımları və qollarında kəsilmiş yaralar, hadisə yerində isə butulka şüşəsinin qırılmış hissələri aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.

GƏNCLƏR BİR-BİRLƏRİNİ SEVİRMİŞLƏR

İlkin istintaqla müəyyən edilib ki, V.Quliyev ilə N.Tağıyeva Xaçmaz şəhəri 2 saylı tam orta məktəbdə paralel siniflərdə təhsil almaqla son bir ildə bir-birilərini seviblər. Lakin 2 ay əvvəl N.Tağıyeva Ukraynada yaşayan qohumuna nişanlandığından son günlərdə onların hər ikisi intihar etmək fikirlərini sinif yoldaşlarına bildiriblər. Hadisədən bir neçə saat əvvəl V.Quliyev və N.Tağıyeva sonuncunun sinif yoldaşı Amin Əlipaşayevlə qeyd edilən meşə massivinə gediblər. Özlərini intihar etmək üçün qollarını şüşə parçası ilə kəsən zaman yanlarında olan A.Əlipaşayev onları bu hərəkətdən daşındırmaq məqsədilə o da öz növbəsində qoluna xəsarət yetirib. Lakin V.Quliyev və N.Tağıyeva aldadaraq onu evlərinə yola salıb və bundan sonra qəti olaraq intihar yoluna əl atıblar.

İlkin fərziyyəyə görə V.Quliyev özündə olan bel kəməri ilə əvvəlcə N.Tağıyevanı boğaraq qəsdən öldürüb, daha sonra isə həmin kəmərlə özünü ağacdan asaraq intihar edib.
XS
SM
MD
LG