Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:39

Leyla Yunus: «Belə getsə, Qərb Azərbaycanı itirəcək» [Video]


Leyla Yunus
Leyla Yunus
-
«Azərbaycan Ermənistanın yolu ilə gedir. 1960-cı illərdən Ermənistanda antitürk təbliğatı başlanmışdı. Bu ovaxtkı Sovet hökumətinin siyasəti idi. Çünki Türkiyə SSRİ-nin qonşuluğunda idi və təhlükə yaradırdı. Bu cür təbliğat lazım idi onlara. 1994-cü ildən bəri Azərbaycanda antierməni təbliğatı aparılır. Bu cür təbliğatlar xalq diplomatiyasına zərbə vurur».

Hüquq müdafiəçisi Leyla Yunus bu sözləri Qafqazda xalq diplomatiyasının problemləri barədə keçirdiyi onlayn mətbuat konfransında səsləndirib. Hüquq müdafiəçisi Azərbaycan, Gürcüstan və Ermənistandan olan jurnalistlərin suallarını cavablandırıb.

Leyla Yunus Azərbaycanla Ermənistan arasında müharibə ehtimalı haqqında sualları da cavablandırıb:

«Hesab etmirəm ki, müharibə başlaya bilər. Müharibə ritorikası yaratmaq hər iki hakimiyyətə sərf edir. Avtoritar hakimiyyətlərə həmişə xarici düşmən lazım olub. Bu baxımdan hazırkı status-kvo həm Azərbaycan, həm də Ermənistan hakimiyyətlərinə sərf edir. Ona görə də hər iki hakimiyyət münaqişənin həll olunmasında maraqlı deyil. Bunlara xalq diplomatiyası lazım deyil. Çünki bu diplomatiya sülhə xidmət edir».

Leyla Yunus Rusiyanın Qafqaza təsiri haqqında da danışıb:
«Bakıda, hakimiyyətin yüksək eşelonunda Rusiya siyasətini həyata keçirənlər var. Bu, müstəqillik üçün çox təhlükəlidir. Təəssüf ki, nə ABŞ, nə də Avropa İttifaqı bunu nəzərə almır. Onlar Əliyev rejiminin siyasətinin qorxulu nəticəsini başa düşmürlər. Belə getsə, Qərb Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycanı itirəcək».

Aprelin 28-i gecə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, politoloq Arif Yunus Bakı aeroportundan Qətərin paytaxtı Doha şəhərinə yola düşərkən saxlanıblar. Onların ölkədən çıxmasına icazə verilməyib. Həmin gün Leyla Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində jurnalist Rauf Mirqədirovun (dövlətə xəyanətdə, Ermənistana casusluqda ittiham olunur) cinayət işi ilə bağlı dindirilib.

Leyla Yunus sualları cavablandırır
Bağışlayın, hazırda bu bölmə işləmir.
XS
SM
MD
LG