Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:03

Təhsil Nazirliyi müəllimlərin imtahana çəkilməsi barədə sualları cavablandırır


İlham Nağıyev
İlham Nağıyev
-
İyunun 10-dan 13-dək Təhsil Nazirliyi Bakı müəllimlərini sınağa çəkəcək. Nazirliyin insan resursları şöbəsi müdirinin müavini İlham Nağıyev bununla bağlı AzadlıqRadiosunun suallarını cavablandırıb:

- Müəllimlərin sınaq imtahanı kimin təşəbbüsü ilə keçirilir və nəyi hədəfləyib?

- Təhsil naziri müəllimlərin sınaq qiymətləndirilməsi üçün mayın 6-da qərar verib. Məqsəd odur ki, Bakı şəhərində yerləşən bütün ümumtəhsil müəllimlərinin biliyi qiymətləndirilsin. Sınaq imtahanlarını attestasiya ilə qarışdırmaq olmaz. Attestasiyanın nəticəsi müəllimin işdə qalıb-qalmamasını həll edir. Sınaq imtahanının iş məsələsinə və ya əməkhaqqına təsiri olmayacaq. Sadəcə, Təhsil Nazirliyi müəllim ordusunun biliyini qiymətləndirib öyrənmək istəyir ki, zəif yerlər haradır, haranı gücləndirmək lazımdır və s.

İmtahan fənlər üzrə aparılacaq və biz biləcəyik ki, hansı müəllim hansı sinfədək dərs deyə bilər. Hər müəllim tədris etdiyi fənn üzrə imtahan verəcək. Qiymətləndirmə 3 istiqamət üzrə aparılacaq. İmtahanda 80 sual olacaq, bunun 40-ı peşə ixtisası ilə bağlıdır. 20 sualla metodik biliklər yoxlanacaq. Yerdə qalan suallarla müəllimin təhlil qabiliyyəti qiymətləndiriləcək. İmtahan nəticəsi olaraq hər müəllimə xüsusi ixtisasartırma kursunun hazırlanması nəzərdə tutulub.

- Zəif nəticə göstərən müəllimlər ixtisasartırmaya gedəcəklərsə, yüksək nəticə göstərən müəllimlər öz uğurlarını nədə hiss edəcəklər?

- Hər bir müəllimin nəticəsini yalnız onun özü və məktəbin direktoru biləcək. Ən yüksək nəticə göstərənlər üçün maddi və qeyri-maddi mükafatlar nəzərdə tutulub. Amma dediyim kimi, bu sınaq imtahanın məqsədi müəllimləri «güclü» və «zəif» kateqoriyalarına bölmək deyil. Məqsəd – müəllimlərin zəif tərəfini müəyyənləşdirmək, bunu aradan qaldırmaqdır və eyni zamanda attestasiyaya hazırlıqdır.

- İllərdir ki, müəllimlərin attestasiyasından söhbət gedir, amma keçirilmir. Nədir mane olan attestasiyaya?

Son 20 ildə müəllimlərin attestasiyası keçirilməyib. Bəzi suallar cavablanmalıdır. Birincisi, nazirliyin mövqeyi olaraq vurğulamaq istərdim: bizlər, müəllim ordusu buna nə dərəcədə hazırdır? İkincisi, müəllimlərimiz nəyin yoxlanacağından nə dərəcədə məlumatlı olacaqlar? Məsələn, sizə ötən ilin rəqəmlərini deyim. Biz hər il işə qəbul keçiririk və yalnız keçid balını qazananlar müəllim adına layiq görülür. Ötən il fizika fənni üzrə müəllim işləmək istəyən 600 namizəddən cəmi 6 nəfəri keçid balını toplamışdı. Mən sizə ali təhsil müəssisəsini yenicə bitirib gələn məzunlarından danışıram. Attestasiya keçirsək, eyni nəticə ilə üzləşə bilərik. Tutaq ki, attestasiya keçirdik və məlum oldu ki, müəyyən faiz müəllimi dəyişməliyik. Kiminlə əvəzləyəcəyik onları?

- Bəs keyfiyyətsiz təhsillə haradək irəliləmək olar?

- Nəzərə almaq lazımdır ki, müəllim hazırlığı bir ilin işi deyil. Müəllimi işdən çıxarmaq asandır, amma onun yerinə, ən azı, ondan yaxşısını gətirmək çətindir. Bu sınaq imtahanını keçirək, bilək ki, real vəziyyət necədir. Müəllimlər də necə qiymətləndiriləcəklərini öyrənsinlər. Onlara hazırlaşmaq imkanı da verək. Bu gün müəllimi qiymətləndirib onu işdən çıxarmaq asandır, amma müəllimə hazırlıq şansı vermədən onu işdən çıxarmaq ədalətsizlikdir. Biliyini qiymətləndiririk və deyirik ki, bu gün nəticəniz budur, amma bir il, ilyarım vaxt veririk ki, öz üzərində işlə. Bundan sonra da attestasiya keçiriləcək.
- Bakıdakı bütün müəllimlər imtahana cəlb olunacaq? Onların arasında fəxri adı olanlar da var...

- Sınaq imtahanı bütün müəllimləri əhatə edir. Yalnız məktəb direktorları və adminstrativ işçilər imtahandan azaddır.
- Bəs məktəb direktorlarının menecerlik qabiliyyəti – təhsili idarəetmə bacarıqları yoxlanacaq?

- Təkcə məktəb direktorlarının deyil, o cümlədən kitabxanaçı, laborant və psixoloqların da bilik və bacarığı qiymətləndiriləcək.

- Sınaq imtahanları yalnız Bakını əhatə edir. Niyə məhz paytaxtda tədrisin keyfiyyət məsələsi qabardılır?

- Bakıda 330 məktəb var və daha çox müəllim Bakıdadır deyə, sınaq imtahanına buradan başlayırıq. İmtahan nəticələrinin təhlilindən sonra bölgələrdə də sınaq keçirəcəyik. Sınaq imtahanları müntəzəm xarakter daşıyacaq.

- Yüksək peşəkarlıq yüksək əməkhaqqı da istəyir. Müəllimlərdən yüksək peşəkarlıq tələb olunursa, onlar da aldıqları maaşın uyğunsuzluğunu qabarda bilərlər. Bu ziddiyyəti necə aradan qaldıracaqsınız?

- Biz müəllimlərdən artıq bir şey tələb etmirik. Onlardan öz sahəsini, dərs metodikasını bilmələrini tələb edirik və zatən, müəllimlər də bunu bilməlidir. Sadəcə, bəzi müəllimlər bunu bilmir deyə, xüsusi proqramlar hazırlanır. Gələcəkdə – attestasiya keçirilən zaman uğurlu nəticə göstərən müəllimlərin maaşı fərqləndiriləcək. İndi bunun üzərində çalışırıq.
XS
SM
MD
LG