Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:17

Yazıçının istefa bəyanatına Anardan reaksiya


Anar
Anar
-

“Biz heç kimi məcbur üzv etmirik. Kim istəyir üzv olur, kim istəyir istefa verir. Biz heç kəsi nə dəvət edirik, nə də çıxarırıq. Əgər Nəriman Əbdülrəhmanlı bu cür çıxmağı lazım bilirsə, xoş gəldi, lap yaxşı”.

Xalq yazıçısı Anar Nəriman Əbdülrəhmanlının AYB-dən istefası ilə bağlı APA-ya açıqlamasında belə deyib. O, bildirib ki, birliyə üzv olmaq könüllüdür.

Anar əlavə edib ki, N.Əbdürrəhmanlının qurultay nümayəndəsi seçilməməsi texniki yanlışlıq ola bilər: “İdarə Heyətinin üzvləri birbaşa nümayəndə olurlar. Görünür, bu texniki məsələdir. Mən zəng edib deyəcəyəm ki, onun adını daxil etsinlər. Sonra çıxar, özü bilər”.

Birlik sədri N.Əbdülrəhmanlının AYB-nin tədbirlərinə dəvət almamasına da münasibət bildirib. O qeyd edib ki, Yazıçılar Birliyindəki tədbirlər üçün heç kimə ayrıca dəvət göndərilmir: “Tədbirlərin elanı “Ədəbiyyat qəzeti”ndə çap olunur. Qəzeti alsınlar, buyurub gəlsinlər. 1600 üzvə bir-bir dəvət göndərə bilmərik”.

Yazıçı, tərcüməçi, kinosseanrist Azərbaycan Yazıçılar Birliyinin (AYB) İdarə Heyətinin üzvü Nəriman Əbdülrəhmanlı birlik üzvlüyündən və orada tutduğu bütün vəzifələrdən istefa verib. O, bununla bağlı qurultay iştirakçılarına müraciət ünvanlayıb.

O müraciətdə bildirir ki, 2004-cü ildə keçirilən XI qurultayda AYB İdarə Heyətinin üzvü seçilsə də, aradan ötən 10 il ərzində bir dəfə də olsun, təşkilatın nizamnaməsilə İH-nin səlahiyyətinə daxil olan hər hansı məsələnin müzakirəsinə, AYB-nin yubileylərinə və rəsmi tədbirlərinə dəvət olunmayıb.
Nəriman Əbdürrəhmanlı
Nəriman Əbdürrəhmanlı

İndi isə naməlum səbəblər üzündən XII qurultayın iştirakçıları sırasında deyil.

"Bununla belə, bəzən AYB ilə bağlı münasibət bildirəndə də etik çərçivədən çıxmamış, yazıçı adına ləkə gətirən hərəkətə yol verməmişəm. Amma Azərbaycan yazıçılarının doğma ocağı sayılan təşkilatdakı yarınma, dostbazlıq, yerlibazlıq, regionçuluq mühitinin dərin kök saldığını ürək ağrısı ilə müşahidə eləmişəm. Doğma saydığın təşkilatın “ögey övladı” olduğunu dərk eləmək, dövlətin qayğısının ancaq bir qrup qələm adamına şamil edildiyini görmək məndən ötrü ağırdır.

Buna görə də artıq AYB sıralarında qalmaq üçün mənəvi haqqım olmadığını dərk eləyir, təşkilatın üzvlüyündən çıxdığımı bildirirəm".

Qeyd edək ki, iyunun 17-də AYB-nin qurultayı keçiriləcək.

kulis.az
XS
SM
MD
LG