Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:41

Tərbiyəsiz istedada heyif


Mehri Mustafa
Mehri Mustafa
-

Sizcə, “ördək”dən bu qədər yazmağa ehtiyac varmı?..


Mehri Mustafa


"TƏRBİYƏSİZ İSTEDADA HEYİF!"


Düzü, heç bilmirəm ki, demək istədiklərimdən nəyi yazım, necə yazım?

Heç haradan başlayacağımı da bilmirəm.

Bildiyim bircə həqiqət var ki, ədəbiyyat ədəbdir, ərkandır, ar-abırdır. Ədəbiyyat üçün yeni tərif yaratmaq iddiasında da deyiləm. Çünki ədəbiyyatın incəlik, gözəllik olduğunu, ruha qida olub zövq oxşadığını, şübhəsiz ki, siz məndən daha yaxşı bilirsiniz.

Təbii ki, söhbət əsl ədəbiyyatdan gedir. Da yan-yörə üçün, dost-tanış üçün yazılmış şeir və ya hekayədən yox.

Əslində, bu bir-iki şeir və ya hekayə ədəbiyyata xələl gətirmir. Olsun nəyi pisdir ki?! İçi mən qarışıq hamı yazır, hər kəs yazır.

Amma bir məsələ var ki, bəzən oxucu (şəxsən özümü deyirəm) elə yazılarla rastlaşır ki, həmin yazını oxumağına peşman olur, öz-özündən utanır, xəcalət çəkir.

Deyə bilərsiniz ki, bəyənmirsən oxuma, səni kim məcbur edir ki? Mən də cavab verirəm ki, söhbət mənim bəyənib-bəyənməməyimdən yox, şeir, hekayə adı altında xalqa sırınan mənəviyyatsızlıqdan gedir.

Unudanlara xatırladım ki, hər şeyin adı hər kəsə bəllidir. Amma bu, heç də əsas vermir ki, hər şeyi öz adı ilə çağırasan. Əgər bunu edirsənsə belə elə ustalıqlqa edəsən gərək ki, milçək kimi oxucunun ürəyin bulandırmayasan, həmin yazını oxuduğuna peşman etməyəsən.

Əgər düşüncələrin səni bu qədər narahat edirsə, məsləhətimdir ki, bir gündəlik tut, ürəyindən keçən nə varsa, yaz ora. Bəlkə, onda hər ağlına gələni yazıb ortalığa çıxarmaq fikrin səni rahat buraxar. Axı ədəbiyyat çirkinlik, eybəcərlik, əxlaqsızlıq deyil. Bəlkə, söz qıtlığıdır?

Bəziləri də ancaq və ancaq “ördək”dən yazır. Ay bacı və qardaşlar, məgər yazmağa başqa mövzu yoxdur? Yəni sizin şeir və hekayələriniz üçün başqa qəhrəman ola bilməz? Niyə axı bu “ördək”ləri qoymusuz ortalığa və onların şəninə bu qədər şeirlər, hekayələr yazırsınız? Nə yaman ürəyiniz yanır, nə çox acıyırsınızmış hallarına.

Tələbə vaxtı bir müəllimimiz (X. Məmmədov) daim deyirdi ki, bu millətin bu qədərmi xəstəsi var, hər tinbaşı aptekdir? Yoxsa ki bu millətin bu qədərmi cinayətkarı, canisi, ya da ki, qatı açılmamış cinayətləri var ki, üç adamdan biri hüquqçudur? İndi məni də bir sual narahat edir ki, bu qədərmi “ördək” var ki, bəziləri dözməyib öz şah əsərlərini onlara həsr edir?

Şəksiz, hər yazarın, üzr istəyirəm hər yazanın öz işidir. Amma bacarırsansa öz qəhrəmanını Hüqonun Kozettası kimi təsvir elə, ya da Marquezin Bendisyon Alvaradosu kimi. Da “ördək” kimi yox.

O yazanların bir çoxu bəllidir ki, ya diqqət çəkmək üçün yazır, ya “yeni ədəbiyyat”a xidmət edir, ya da ki, elə-belə, bekarçılıqdan yazır. Bəzilərinin istedadı da ola bilər. Amma “tərbiyəsiz istedada heyif” (Sədi).
“Ədəbiyyat qonaq otağıdır” (Feyxtvanger) və bu otaqda kimlərin qalacağı zamanın işidir. Bircə onu deyim ki, yüngül yazılarla böyük ədəbiyyat yaratmaq iddiasında olanlar yamanca yanılırlar.

H. Cavid deyrdi: “Qadın pək körpə ikən tazə bir çiçək, sonra şətarətli bir kələbək; daha sonra füsünkar bir mələkdir. Yalnız bəziləri, əvət, əvət, bəziləri isə çamurlarda gəzən bir ördək, azğın və hərcayi bir ördəkdir.”

Sizcə, “ördək”dən bu qədər yazmağa ehtiyac varmı?


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG