Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:52

İran qadınlarının darbalağına görə daxili işlər nazirinin «şalvarını çıxarırlar»


İran qadınları arasında populyar geyim komponenti – darbalaq.
İran qadınları arasında populyar geyim komponenti – darbalaq.

-

İran qadınları arasında çox populyar olan geyim komponenti – darbalaq İslam Respublikasının Milli Məclisində hay-küyə səbəb olub. Millət vəkilləri daxili işlər nazirini kəskin tənqid ediblər.

İyunun 24-də millət vəkilləri daxili işlər naziri Abdolreza Rahmani Fazli-ni vücuda kip yapışan darbalaqların qarşısını almağa çağırıblar.

Əslində nazir İranda icbari olan geyim məcəlləsinə niyə riayət edilmədiyi barədə suallara cavab verməli olub.

Qanunvericiləri ən çox da narahat edən «ziyanlı Qərb mədəniyyətinin» nümunəsi olan qadın darbalaqları imiş.

«Nə üçün Daxili İşlər Nazirliyi qadınların Tehranda və başqa şəhərlərdə darbalaq geyinmələrinə mane olmur» - deyə millət vəkillərindən biri sual verib.

Cənab Fazli-dən həmçinin soruşublar ki, geyim məcəlləsinin təminatı üçün büdcədən ayrılan kiçik vəsait niyə ləğv olunub.

Nazir cavab verib ki, onun nazirliyi İranda qadınların «hicablanmasına» cavabdehlik daşıyan 22 dövlət qurumundan yalnız biridir.

Son 30 ildə dini hökumət qadınların hicab qaydalarına əməl etməsi üçün dəfələrlə mədəni və zorakı tədbirlərə əl atıb.

Abdolreza Rahmani Fazli
Abdolreza Rahmani Fazli

Cənab Fazli deyib ki, onun nazirliyi bu məsələ üzərində ciddi işləyir, lakin problemin həlli uzun zaman tələb edir. O həmçinin bildirib ki, hicabın təbliği üçün xüsusi büdcə ayrılıb.

İran Daxili İşlər Nazirliyi islami geyim kodeksinə riayətin təminatı üçün bir sıra tədbirlər görüb.

Məsələn, bu məqsədlə xüsusi QHT-lər yaradılıb. Onların böyük mağazalarda, hava limanları və tələbə yataqxanalarında nəzarəti təmin olunub.

FOTOLAR DEPUTATLARIN XOŞUNA GƏLİB

İran mediası yazır ki, nazirin cavabları mühafizəkar millət vəkillərini qane etməyib və cənab Fazli-yə «sarı kart» göstərilib. Yəni, işində dönüş yaratmasa, «qırmızı kart» da ala bilər.

Millət vəkili Ali Motahari deyib ki, darbalaq geyinən qadınların rəsmi binalara daxil olması qadağan edilməlidir.

Ali Motahari
Ali Motahari

Motahari iddia edib ki, İran qadınlarının əksəriyyəti hicaba riayət edirlər, lakin ailənin əsaslarını sarsıdan «nadir hallar» da olur.

«Açıq-aşkar günahlara qarşı çıxmaq hökumətin vəzifəsidir» –millət vəkili deyib.

Motahari iştirakçıları daha da təsirləndirmək üçün parlament zalının böyük ekranında darbalaqlı qadınların fotolarını nümayiş etdirib.

O hətta zarafat da edib ki, fotolar, deyəsən, həmkarlarının xoşuna gəlib.

Parlamentdə keçirilmiş debatlar barədə öz facebook səhifəsində yazan bir tehranlı qadın belə nəticəyə gəlib ki, «darbalaq İslam Respublikasında milli təhlükəsizlik məsələsi»nə çevrilir.

«Millət vəkillərimizi nə nüvə, nə yoxsulluq və inflyasiya, nə də İŞİD narahat edir. Onlar üçün darbalaq məsələsi prioritetdir» – yazır həmin qadın.

XS
SM
MD
LG