Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:10

«Məktublar prezidentə çatsaydı, indi həbsdə Emil yox, o məmurlar olardı»


Emil Məmmədov
Emil Məmmədov

-

Gözlə

No media source currently available

0:00 0:03:30 0:00
Direct-ə keçid

İyunun 27-də 50 yaşını məhbəsdə tamamlayan hüquq müdafiəçisi Emil Məmmədovun həyat yoldaşı Sənubər Məmmədovanın AzadlıqRadiosuna müsahibəsi.

Həbsdəki hüquq müdafiəçisi, Salyan sakini Emil Məmmədovun iyunun 27-də 50 yaşı tamam olur. AzadlıqRadiosu yubileyini həbsxanada keçirən hüquq müdafiəçisin həyat yoldaşı Sənubər Məmmədovadan müsahibə alıb.

- Adətən, necə keçirirdiniz doğum gününü?

- Emil çox sadə, təvazökar insandır. Həmişə doğum günlərini sadə, təmtəraqdan uzaq keçirməyə üstünlük verərdi. Bu günü hər dəfə öz ailəmiz, qohum-qardaş, dostları ilə birgə qeyd edərdik.

- Evinizin enerji mənbəyi kimdir, yəni qanıqara vaxtlarınızda üzünüzü güldürən, nikbin notlara kökləyən adam?

- Qayınanamla, baldızımla birlikdə yaşayırıq. Bizim hamımızın yaşamaq inamı sarsılıb. İnamın qayıtmasını Emilin həbsdən çıxmasında görürük. O, evimizin bütün problemlərini həll edirdi. 3 uşağımız var – biri tələbə, o biriləri şagirddir. Hamısı Emilin öhdəsində idi. Çox pis vəziyyətdir, danışılası deyil. Bizə hələ çatmır ki, Emil həbsdədir. Sanki yuxudayıq. Ailə üzvlərinin vəziyyəti necə olacaq? Biləsən ki günahı var, sakit yerində oturub gözləyərsən. Bu, haqq-ədalət adamı, düzgün biri idi. Onu şərləyib tutublar.

- Yoldaşınızın durumundan yeni nə xəbər var?

- Həm telefonla danışırıq, həm də vəkil vasitəsi ilə əlaqə saxlayırıq. Vəziyyəti normaldır. Bir neçə dəfə müraciət etsək də, görüşməyə icazə verməyiblər

- Kimlər sizi yada salır, dəstək olur?

- Mətbuatdan maraqlanırlar, hüquq müdafiəçiləri, qohumlar maraqlanırlar. Hüquq müdafiəçiləri zəng edib dəstəkləyirlər. Bu yaxınlarda 50-yə yaxın QHT Emilin həbsi ilə bağlı bəyanat imzalayıb və yayıb. Onlar da bilirlər ki, Emilin heç bir günahı yoxdur. Beləcə, günümüzü keçiririk.

- Onun doğum günüdə hansı arzuları dilə gətirmək istərdiniz?

- İstərdim ki, bu gün ailəsi ilə birlikdə olsun. Günahsız həbsdə yatmazdı. O, həmişə dövləti və dövlətçiliyi dəstəkləyib, insanların hüquqlarını qoruyub. Prezident korrupsiyaya qarşı mübarizə aparır, Emil də rayondakı korrupsiya faktlarını prezidentə yazıb. Buna görə yerli məmurlar, başda icra hakimiyyəti olmaqla, onu həbs etdirib. Emilin heç bir günahı yoxdur. Onun yeganə günahı bu özbaşınalıqlar haqqında yazdığı məktublardır. Mən əminəm ki, bu məktubların heç biri prezidentə gedib çatmayıb. Əgər çatsaydı, indi həbsdə Emil yox, o məmurlar olardı.

Salyanda fəaliyyət göstərən «Demokratiyaya yardım» İctimai Birliyinin rəhbəri Emil Məmmədov mayın 13-də zorla pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb. Mayın 14-də Salyan rayon Məhkəməsi onun barəsində 3 ay həbs-qətimkan tədbiri seçib. Daha öncə – aprelin 17-də sözügedən QHT-nin digər fəalı Tofiq Qasımov zorla pul tələb etmək ittihamı ilə 2 ay müddətinə həbs edilib.

Hər iki fəal ittihamları sifariş hesab edir və özlərini günahkar saymırlar.

XS
SM
MD
LG