Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:37

Dövlət ittihamçısı Həsən Hüseynliyə 7 il həbs istəyib


Həsən Hüseynli
Həsən Hüseynli

-

İyulun 4-də Gəncə şəhər Nizami rayon məhkəməsində «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin məhkəməsi davam edib. Dövlət ittihamçısı təqsirli bilindiyi maddələr üzrə Həsən Hüseynliyə ən ağır cəzanı – 7 il həbs verilməsini istəyib.

Həsən Hüseynlinin fikrincə, prokurorun nəzərdə tutulan müddətin maksimumunu tələb etməsi bu işin sifarişlə görüldüyünü bir daha təsdiqləyir:

«Cinayət işi qondarma və şər-böhtandan ibarət olsa da, burda cəzanın bir həddi var – 3 ildən 7 ilədək. Müstəntiqin təqdim etdiyi ittiham aktını hecalaya-hecalaya oxuyan prokuror üst-üstə gəlib 7 il iş istədi. Bu işin absurd və böhtan olduğunu sübut elədi. Prokuror işi oxumadan bu cəzanı istəyirsə, deməli, şər və böhtandan söhbət gedir».

Vəkillər – Elçin Sadıqov və Əlayıf Həsənov prosesə aid bir çox sənədin indiyədək onlara təqdim edilməməsinə məhkəmənin aydınlıq gətirməsini tələb etdilər. Şahidlərdən birinin hadisə günü «102» xidmətinə zəng etməsinə dair protokol da verilməyən sənədlər arasındadır. Hakim bu sənədləri prosesə aid saymadıqlarını bildirərək bu tələbi rədd edib.

«BİZİ GÖZLƏMƏDƏN CƏZA İSTƏDİ...»

Daha sonra vəkillər çıxışa hazırlıq üçün məhkəmədən bir həftə vaxt istəyiblər:

«Bugünkü məhkəmədə dövlət ittihamçısı bizim iştirakımızı gözləmədən cəza istədi. Prokuror Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə 7 il azadlıqdan məhrumetmə cəzası tələb edib. Bu, bu qanunvericilikdə nəzərdə tutulan maksimum cəzadır. Düşünürük ki, bu bir sifarişdir. Prokurorun çıxışından sonra hazırlaşmaq üçün bizə vaxt verilməli olsa da, məhkəmə məhz bu gün çıxış etməmizdə israrlıydı. Bizim israrımızla məhkəmə bizə vaxt verməyə razılaşdı. Növbəti məhkəmə iclası iyulun 11-ə, saat 12-ə təyin edildi».

Məhkəməni ABŞ səfirliyi siyasi şöbəsinin rəhbəri və səfirin müavini Colin Crenwolich də izləyib.

Həsən Hüseynli martın 31-də Gəncədə saxlanıb. O, həmyerlisi Arzu Qəhrəmanovanı bıçaqla yaralamaqda günahlandırılır. Polisdə 48 saat saxlanan Həsən Hüseynli daha sonra müstəntiqin qərarına əsasən, polis nəzarətində olmaqla azadlığa buraxılıb.

Həsən Hüseynli ictimai fəaliyyətinə görə saxlandığını düşünür.

Onun rəhbərlik etdiyi «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzi Azərbaycanın Qərb bölgəsində açıq cəmiyyət ideyalarını yaymağı, vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməyi özünə məqsəd bilir.

Mərkəz gənclərin ictimai fəallığının və liderlik qabiliyyətinin yüksəldilməsini hədəfləyən layihələr gerçəkləşdirir.

XS
SM
MD
LG