-
İyulun 14-də eks-prezident Heydər Əliyevin hakimiyyətə gəlişinin 45-ci ildönümü tamam olur. Bu münasibətlə bu gün Milli Parkda konsert və atəşfəşanlıq olacaq. Ölkə üzrə bayram tədbirləri isə bir neçə gündür keçirilir.
Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ildə SovİKP MK Siyasi Bürosunun üzvü seçilib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. İyirmi il SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub. 1987-ci ildə vəzifəsindən istefa verib. Rəsmi tərcümeyi-halında onun Baş Katib Mikhail Gorbachev-un siyasətinə etiraz olaraq istefa verdiyi bildirilir.
1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan H. Əliyev 1993-cü ilin iyununda ölkədə yaranmış siyasi böhranla bağlı o zamankı prezident Əbülfəz Elçibəyin dəvəti ilə siyasi rəhbərliyə dəvət edilib. 1998-ci il seçkilərində səslərin 76 faizini topladığı rəsmi olaraq bildirilib və 2003-cü ilədək ölkəni idarə edib. Həmin ilin dekabrında vəfat edib.
AZƏRBAYCAN TARİXİNİN HEYDƏR ƏLİYEV DÖVRÜ
Rəsmi media Heydər Əliyev hakimiyyətinin 45 illiyi münasibətilə silsilə yazılar dərc edir. «Azərbaycan» qəzetində Bakı Dövlət Universitetinin rektoru, akademik, Milli Məclisin deputatı
Abel Məhərrəmovun «Azərbaycan tarixinin Heydər Əliyev dövrü» başlıqlı məqaləsində oxuyuruq: http://www.azerbaijan-news.az/index.php?mod=3&id=44326
«45 il bundan qabaq - 1969-cu il iyulun 14-dən Azərbaycan tarixinin Heydər Əliyev dövrü başlandı. Elə bir dövrü ki, sovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan bütün məhdudiyyətləri və çatışmazlıqları ilə bərabər, respublikanın sosial, iqtisadi və mədəni inkişafında əvvəllər görünməyən sıçrayışlarla, ən başlıcası isə xalqın mənəvi intibahı, oyanış proseslərinin dərinləşməsi, milli özünüdərkin kütləvi şəkildə oyanması ilə xarakterizə olunurdu. Bu nöqteyi-nəzərdən ulu öndər Heydər Əliyev 40 illik siyasi fəaliyyəti dövründə üzləşdiyi bütün çətinlikləri, maneələri, problemləri, hətta uğursuzluqları mətinliklə dəf edən, məğlubiyyət sözünü yaxına buraxmayan, inamlı qərarları ilə milyonlarla insanın taleyində müstəsna rol oynayan millət fədaisi, sərkərdə və lider kimi xatırlanır. Tam cəsarətlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin hələ sağlığında əfsanəvi və xarizmatik şəxsiyyətə çevrilməsində onun millətinin mənafeyi naminə həyatını hər cür riskə atması, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət və prinsipiallıq göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynayıb».
VARİS PLANI
2002-ci il avqustun 24-də keçirilən referendumla Konstitusiyanın 105-ci maddəsinə edilən dəyişikliklə baş nazir ölkənin ikinci şəxsi elan olundu. Bu dəyişikliyin İlham Əliyevin hakimiyyətə yolunu rahatlamağa hesablandığını iddia edənlər yanılmadılar. İlham Əliyev 2003-cü ildə baş nazir təyin olundu, bir neçə aydan sonra isə prezident postuna yiyələndi.
Əksər müşahidəçilər, müxalifət təmsilçiləri 2003-cü ildə İlham Əliyevin prezidentliyə gəlişinin atasının varis planı əsasında baş tutduğunu düşünür. Onun hakimiyyəti dövründə – son on ildə ölkədə fundamental hüquq və azadlıqların mütəmadi pozulduğu, repressiv idarə üsulunun gücləndiyini beynəlxalq qurumlar da hesabatlarında vurğulayırlar. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu İlham Əliyevin 3-cü dəfə prezident seçildiyi 2013-cü il 9 oktyabr seçkisinin çoxsaylı pozuntularla keçdiyini bildirib.