Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 20:35

Günel Mövlud. Çempionat xatirələri


Günel Mövlud
Günel Mövlud

-

Bizdə də belələri var. Alim Qasımov, Rüstəm Behrudi… Guya bunların ağlı göylərdədir. Guya yerlə-göydə əlləşirlər. Onlara ölkə barədə sual verəndə özlərini qoyurlar dərvişliyə, sufiliyə, daha nə bilim, nəyə…

Günel Mövlud

ÇEMPİONAT XATİRƏLƏRİ

Bir aydır ki, gözlədiyim gün axır ki, gəlib çatdı. Futbol üzrə dünya çempionatı Almaniyanın qələbəsi ilə bitdi.

Cümlə bir az qəliz çıxdı, yəni mən Almaniyanın qələbəsini deyil, Çempionatın bitməyini gözləyirdim.

Bir daha xatırladım ki, kim kiminlə oynadı, kim kimi neçə hesabla uddu, kim neçə qol vurdu, kimin harası sındı kimi lazımsız informasiyaları qəbul eləmədim. Təsadüfən qəbul elədiklərimi də beynimdə saxlamadım.

Çempionat yadımda daha çox azarkeşlərin davranışı ilə qaldı. Əvvəla, bu həngamə başlar-başlamaz, bütün başqa mövzulara maraq öldü. Heç bir siyasi, ictimai, sosial, mədəni hadisə diqqəti özündə cəmləyə, cəmləsə də saxlaya bilmədi. İqtidar deputatları, müxalifət liderləri, ictimai fəallar, evdar qadınlar, yazarlar, aktrisalar futbol proqnozları verməyə başladılar. Proqnozları səhv çıxanda danlanan, lağa qoyulan, ittiham edilənlər oldu.

Həngamənin ortasında mən futbol barədə bir yazı yazdım. Kişili-arvadlı, futbolçulu-azarkeşli hamı töküldü üstümə. Onlarla, yüzlərlə ciddi yazıya, ciddi məsələyə reaksiya verməyən, səsini çıxarmayan, oxumayan, xəbəri olmayanlar aləmi vurdular bir-birinə. Futbolun kapitalizmin pulkəsən maşınına çevrilməyi, Azərbaycanın 15 milyon manatı «Atletiko-Madrid» oyunçularının maykasına xərcləməyi qaldı bir qıraqda.

Şerif. "Bizim" futbol
Şerif. "Bizim" futbol

Azarkeşlər dedilər ki, futbolçuların çoxu xeyriyyəçiymiş. Məktəblər, xəstəxanalar açdırır, xəstə uşaqları müalicə elətdirirmişlər. Ona qalsa, Azərbaycanda ən məşhur xeyriyyəçi hakim ailənin üzvləridir. Birinci ledi məktəblər, uşaq bağçaları, xəstəxanalar açdırır, xəstə düşüb, prezidentə yalvaranların müalicəsini öz üzərinə götürür. Nə demək istədiyimi yəqin ki, başa düşdünüz… Başa düşmədinizsə, «Xaç atası» filminə bir daha baxmağınızı məsləhət görürəm. «Xeyriyyəçiliyin» əsl mahiyyəti bu filmdə çox gözəl açılır.

Bəziləri də iddia elədi ki, Maradonanı niyə tənqid edirsən, Maradona dəlidir. Ay qardaş, Maradona dəlidirsə, Pyotr Pavlenski kimi özünü adının çəkilməsini istəməyən yerindən asfalta mıxlasın, nə bilim, mitinqə çıxsın, «İstefa!» qışqırsın. Dəlidirsə, İslam Kərimovu niyə dəstəkləyir?

Bizdə də belələri var. Alim Qasımov, Rüstəm Behrudi… Guya bunların ağlı göylərdədir. Guya yerlə-göydə əlləşirlər. Onlara ölkə barədə sual verəndə özlərini qoyurlar dərvişliyə, sufiliyə, daha nə bilim, nəyə… Amma elə ki, prezident təqaüdü, fəxri ad, titul, ev, bağ, maşın söhbətləri gəlir, elə qəşəng "ağıllanırlar" ki! Hər şeyi dəqiq hesablaya bilirlər.

Jurnalistikanın dahisi ol, ən qəddar müsahibə götürən ol, amma bizim «sufi»lərin ağzından bir dəfə siyasi baxımdan korrekt olmayan, «yuxarılarda» kiminsə əleyhinə olan söz ala bilməzsən.

Dəli gəli-çıxarını belə dəqiq hesablaya bilməz. Dəli bir dəfə başqasına zərər vuranda, bir dəfə də özünə ziyan eləyəni edər…

Çempionatın ən azərbaycanlısayaq hərəkətlərindən biri də, Almaniya yığması oynayanda bizim əksər azarkeşlərin «Hitler» zarafatları oldu. Alman xalqını hələ də Hitlerlə eyniləşdirənlər, Hitler zarafatı edənlər deyəsən, almanların bu tarixi şəxsə münasibətlərindən xəbərsizdirlər.

Almaniyada Hitler soyadı qadağan olunub. Hitler barədə danışmaq qanun deyil, bir qayda olaraq, qeyri-rəsmi şəkildə qadağandır. Hitler alman xalqının tarixində qara ləkədir. Rüsvayçılıqdır. Hitler alman xalqını tarix qarşısında elə biabır eləyib, elə utandırıb ki, onlar bu ləkəni hələ də alınlarından silə bilmirlər. Çox pis utanırlar. Ən geridəqalmış, mədəni inkişafın ən aşağı pilləsində dayanan xalqın nümayəndəsi Hitleri alman xalqının üzünə tutsa, ən intellektual, ən ciddi alman belə utandığından başını aşağı dikər. Buna görə də, almanların istər futbolunda, istər başqa nələrindəsə Hitler zarafatı eləmək heç bir mədəni insana yaraşmır…

Götze zarafatına heç bir etirazım yoxdur, onsuz da onilliklərdir Göte zarafatını tərgidə bilmirik. Bizim toplum çox sinikdir. Ömrü boyu Puşkindən bir sətir oxumayan adam bakenbard uzadan adama «Puşkinə oxşayırsan» deyər. Tolstoyun bircə əsərini oxumyan adam deyər ki, Tolstoy ömrünün axırında İslamı qəbul elədi. Deyər ki, Dostoyevski qumarbaz olub. Odur ki, dünya ədəbiyyatının ən əjdaha yazıçılarından biri ilə Göte zarafatı edən, futbolçu ilə Götze zarafatını dünəndən edəcək. İndi başı qoyub, ayağın dərdini çəkmək o qədər də ağıllı iş olmazdı.

Uzun sözün kəsəsi, yaxşı ki, çempionat qurtardı. Futbola baxmıram, aludə olanları da qınayıram. Əsl futbol bu deyil. Ronaldonu sevmirəm, Messini bağışlamıram. Yağış yağanda futbola baxmaq xoşuma gəlir. Hərdən istəyirəm, uzaqda bir meşə olsun, orda bir daxma olsun, yanımda heç kim olmasın, gedim, orda uzun-uzadı düşünüm. Belə baxanda, futbol azarkeşliyi elə də pis şey deyil, amma dünyada mənə layiq komanda yoxdur…

XS
SM
MD
LG