Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:10

TARİXƏ İDEOLOGİYA AÇISINDAN YANAŞMAQ OLMAZ


Elşən Böyükvənd
Elşən Böyükvənd

-

YAP-çılar və Güntay bəyin Türk Milləti, Azərbaycan Dövləti kimi modern qavramları orta doğunun orta çağında axtarmasının heç bir elmi əsası yoxdur.

On altıncı əsrdə nəinki Asiyada, heç Avropada da Millət və Millətçilik terminləri gündəmə gəlməmişdi.

Əslən İran Azərbaycanından olan Elşən Böyükvənd 1988-ci ildə Muğan şəhərində doğulub. Hal hazırda Siyasət Bilimləri üzrə akademik təhsilini davam etdirməkdədir. E.Böyükvənd bu məqaləsi ilə Azadlıq Radiosunun “Oxu zalı”nda Çaldıran döyüşünün 500 illiyi ilə bağlı keçirilən polemikaya qoşulur. Güntay Gəncalpın məqaləsinə etiraz edir.

Elşən Böyükvənd

TARİXƏ İDEOLOGİYA AÇISINDAN YANAŞMAQ OLMAZ

Səfəvilər və Ana Dilimiz

Farscanın ilk sözlüyü yazılan çağda (Fors Lüğəti, Əsədi Tusinin əsəri) böyük M.Kaşğarlı da Türkcə sözlüyünü yazıb İslam Xəlifəsinə sundu (11-ci əsr).

“Divan-i Lüğət-it-Türk” ilə başlayan Türkcə sözlük yazmaq ənənəsi Səfəvilər və hətta Qacarlar dövrünə qədər davam etmişdi.

Bir dilin sözlüyü olubsa və fərqli-fərqli zamanlarda hazırlanıb çap etdirilibsə, o dilin məhv olmasından söhbət gedə bilməz.

Səfəvilərin ən böyük başçıları və şəxsiyyətərindən biri sayılan Şeyx Səfiyəddin Ərdəbilinin "Qara Məcmuə" risaləsini sayın Prof.Hüseyn Seddiq (Düzgün) uzun sürən araşdırmalardan sonra bir kitab şəklində toplayıb çap etdiribdir. “Qara Məcmuə”də Şeyxin xangahında keçirilən Türkcə dərslər, öyüdlər və nitqlər yer almaqdadır. Həmən kitabda yerləşdirilən şeir və nəsr örnəklərinin Türkcəmizdə olması, sayın Güntay Gəncalpın "Səfəvilər dövləti Türk dilini məhv etdi" sözünü kökündən rədd etməkdədir.

Şeyx Səfiyəddinin Nəcəf şəhərinin Əmir-əl Mömenin kitabxanasında saxlanılan "Məsnəvi Şərhi "isə Türkcədə yazılıbdır (bax, “Qara Məmuə”, Prof. Hüseyn Seddiq, Müsəheh nəşriyyatı, ön söz ).

Şeyx Səfiyəddinin “Qara Məcmuə”sindən verilən parçaları Prof. Faxir İzin "Əski Türk Ədəbiyyatında Nəsr" kitabında da oxumaq olar.

Güntay Gəncalpın bu kitabı oxumadığı və görmədiyi normaldır. İran və Güney Azərbaycanda yaşamayan və burada basılan yeni kitabları oxumayan araşdırmaçının Səfəvilərin Türkcəni məhv etməsini kəsin və kəskin şəkildə vurğulamağı yalnız qeyri-səmimilik, qərəzlilik, obyektivlikdən uzaqlıq və elmi araşdırmaçı olmaqdan çox, ideologiya qulluqçularının tutduğu mövqeyi xatırladır.

Şeyx Səfiyəddinin xangahında keçirilən Türkcə nitqlər və danışıqlardan bir neçə parçanı qeyd etmək zərurəti hiss olunur. Həmən yazılarda könül, gibi, kəndi, şu, bulunmaq, ayıtmaq və ərən kimi sözlərin qeyd olunması Sayın Gəncalpın “Səfəvilərdən sonra qeyd olunan sözlər dilimizdən çıxarıldı” fikrini rədd etməkdədir.

“Və dahı, hər kim bu vəsiyyətləri dinləyib, mocebincə (lazımınca) əməl edərsə, ol mənim dostumdur, mən ondan xoşnud oluram, yarın, haqqin cəmalını kəndisinə göstərirəm”. (Qara Məcmuə, 58-ci səhifə)

“Şeyx Sədrəddin həzrətləri yenə sual edib ayıtdı: ya şeyx! Talibin könlü necə olunca pak olur ?”(həmən qaynaq, 62-ci səhifə)

“Bizə dahı ərənlərdən yadgar qaldı”.(həmən qaynaq, 59-cu səhifə)

”Bir kişi səcdə tərk eləsə, Həq Təala həzrətinə übudiyyət və pərəstiş etməmiş olur və Şeytan gibi mərdud olur”.(həmən, 63-cü səhifə)

”Şu nişanlar kı dedim, hər kimdə bulunursa, əhli haldır ” (həmən qaynaq, 92-ci səhifə)

Sayın Güntay Gəncalpın “Səfəvilər dövrü Türkcəmiz məhv olmaya və Farsca yüksəlməyə başladı” fikrini, böyük Türkoloq alim Prof. Turxan Gəncəlinin “Səfəvilər Dövründə Türk Dili” məqaləsi darmadağın etməkdədir. Rəhmətlik dilçimizin alman, italiyan, ingilis və başqa Avropa dillərindən göstərdiyi qaynaqlarda Türkcənin Səfəvi sarayları və dövlət başçılarının danışıq və yazı dili olması barədə olduqca ilginc bilgilər var.

Səfəvilər Dövrü və hətta İsvahan şəhərindəki xristian rahiblər orada rahat yaşamaları üçün Türk, Fars və İtaliyancada sözlük hazırlamış imışlar.

Şah Abbas isə “Məsnəvi”nin Türkcəyə tərcümə edilməsini əmr etmiş imiş. Prof. Turxan Gəncəlinin Pietro Della Valle (Italiyalı səyyahın dediyinə görə, ümumiyyətlə İranda Türkcə danışılır və buna görə İtaliyaya qayıtdıqdan sonra Türkcənin grammatikasını yazaraq bu dilin Osmanlı, İran və Orta Asiyada tutduğu üstün qonumdan danışır), Adam Olearius (Alman səyyahın yazdıqlarına görə İran, İraq, Şirvan, Bağdad, İrəvan və Azərbaycandakı bir çox uşaqlara Türkcə öyrədilir və İsvahan sarayında isə çox nadir hallarda Farscada danışılır) Chevalier Chardin, P. Sanson, Raphael du Mans, Engelbert Kaempfer, A.Brdoroligeti kimi səyyahların əsərlərinə istinad edilən məqaləsini oxuduqdan sonra Güntay bəyin necə də qərəzli, qeyri-akademik və ideologiya burulqanında boğulan bir araşdırmaçı olduğunu aydıncasına görürük.

Məhəmməd Füzuli
Məhəmməd Füzuli

Yuxarıda adı gedən avropalı səyyahların heç birinin yazılarında Səfəvilər dövrü Türkcənin Farscaya yenilməsi və məhv olması barədə bilgi və məlumat olmadığı halda, sayın Gəncalpın böylə kəsinliklə danışmasının illəti, onun qərəzli, aşırı millətçi, qeyri-akademik və tarixçi olmadığında görmək olar. Səfəvilər dövrü Güney Azərbaycan və İranı gəzib dolaşan avropalıların yazdıqlarında Səfəvilərin Türk dilinə qarşı hər hansı bir qərəz və nifrət daşımasına bilgi verilməməkdədir.

Şah İsmayılın və Səfəvilərin Türk dili düşməni olduğunu iddia edən yazara belə bir sual vermək olar. Şah İsmayıl Türk dili düşməni olduğunu Füzuli bilmədiyi və yazmadığı halda, sən hardan bildin ? Bağdad şəhərini fəth etdikdən sonra “Bəngü-Badə” əsərini Şah İsmayıla sunan Füzuli, niyə öldürülmədi ? Şah İsmayılın yazdığı şeirlər divanını hansı illətlərə görə danırsınız ? Nüsxəşünaslıq üzrə hansı akademik bacarıq və uzmanlığa maliksiniz?

Səfəvilər dövründə isə Türkcəmizdə şeir yazanlara Məsihi, Qosi, Mələk bəy Avcı, M.Qulu Xan Zəfər, Saeb Təbrizi və Füzulini misal çəkmək olar. Şeyx Səfiyəddin və Şah İsmayılın şeirləri isə bu günə qədər ədəbiyyatımızın xəzinəsində qalmaqdadır. Bunca qaynaq və bəlgələri danan araşdırmaçı, özünün xəbəri olmadan Pan-Farsizm ideologiya təbliğatçısına çevrilir.

Modern İranda Ana Dilimizi məhv edə bilməyən dövlətlərin uğursuzluğunu görüncə, Səfəvilərin dilimizi korlaması və məhv etməsinin yalan və gerçəkliyə uymayan bir fikir olduğu görünməkdədir. Güntay bəy, Rza Xan Pəhləvinin (Türk idi) İrandakı başqa kimlikləri məqsədyönlü şəkildə assimilasiya siyasəti ilə məhv etmə proyektini buraxıb at üstündə və xangahında şiə təməlçiliyi ilə uğraşan Şah İsmayıl Səfəvinin yaxasından yapışmasının heç bir elmi izahı yoxdur. Güntay bəy, Fars irqçilərinin gülüş doğuran fikirlərini başqa şəkildə təkrarlamağa başlayır. Pan-Farsistlər Türklər, Monqollar və Ərəblər böyük və əzəmətli Fars sivilizasiyasını məhv edib İranı Türkləşdirib, müsəlmanlaşdırdılar deyirlər. Gəncalp bəyin isə, “Səfəvilər Türk dili və Türk kimliyini məhv etdilər” deməsi hər iki nasionalistərin ortaq məxrəcini üzə çıxarır.

Səfəviçilik YAP-çılıq, Türkçülük və Azərbaycançılığa sığmır

Səfəvi imperatorluğunun ideoloji kökü Şiə məzhəbində olduğu üçün, onu Qüzey Azərbaycan dünyəvi dövlətinin özülü kimi təqdim etmək düzgün deyildir.

“Osmanlının içindən Atatürk və yeni Türkiyə çıxdı” deyən Güntay bəy, tamamilə yanılır. Atatürk və Yeni Türkiyə dövlətinin Osmanlı ideologiyası və kimliyi ilə büsbütün ayrı və zidd olduğunu görmək, çox da çətin məsələ deyil. Osmanlı və Sünni kimliyindən qopuş Atatürkün amaclarından biri olduğu halda, onun bu mirasla apardığı savaşı nəzərə aldığımızda, Güntay bəyin “Osmanlı içindən Türkiyə və Atatürk şəxsiyyəti doğuldu” fikrinin tamamilə yanlış olduğu anlayacağıq.

Şah İsmayıl
Şah İsmayıl

Sayın yazarın Səfəvilər kitabında Osmanlı dövlətini öyüb Səfəviləri qeyri-elmi şəkildə qınaq və tənqid atəşinə tutmasının əsas səbəbi yazarın tarixə nasionalizm ideologiyası gözlüyü arxasından baxmasındadır. İrandakı Pan-İranist və Pan-Farsist araşdırmaçılarla Güntay Gəncalp və YAP ideoloqlarının ən oxşar cəhəti aşırı dərəcə də Soy, İrq, Dil və Kimliyə olan heyranlıqla yanaşı tarixi Türkçülük və Farsçılıq ideologiyaları araclığı ilə oxumalarındadır. Keçmişin nostaljisində qalmaq nasionalist araşdırmaçıların ortaq məxrəcidir.

YAP-çılar və Güntay bəyin Türk Milləti, Azərbaycan Dövləti kimi modern qavramları orta doğunun orta çağında axtarmasının heç bir elmi əsası yoxdur. On altıncı əsrdə Asiya deyil, heç Avropada Millət və Millətçilik terminləri gündəmə gəlməmişdi. Səfəvilər, Osmanlılar və Avropa kütləsinin böyük əksəriyyətinə RƏİYYƏT deyilirdi, MİLLƏT yox. Azərbaycandakı araşdırmaçıların yersiz şəkildə “Səfəvilər, Azərbaycan dövlətçiliyini qurdular” fikri tarix və siyasi terminologiya sahəsində azacıq bacarığı və mütaliəsi olan birisinə qeyri-adi fikirlər kimi səslənəcəkdir.Birincisi, Səfəvilər Dövlət (state) deyil, imperatorluq olub və ikincisi isə Səfəvi imperatorluğu içində Millət yox, RƏİYYƏT yaşayırdı.

Orta Doğuda məzhəb və siyasi güclərin savaşı gedən çağda on altıncı yüzillik Avropasında da Katolisizm və Protestant məzhəbləri arasında savaş gedrdi. On altıncı yüzillik, Avropa və Orta Doğu tarixində İmperatorluqların yüksəlişi və məzhəblər savaşının ən qızğın anlarını yaşamaqda idi. Yeni Dövlət-Millət inşa etmək isə, on doqquzuncu yüzilliyin məhsuludur. Səfəvi-Osmanlı məzhəb savaşları kimi Avropada Vestfaliya andlaşması ilə (1648) otuzillik məzhəb savaşlarına son qoyuldu.

Bu günləri Orta Doğunu bürüyən məzhəb savşlarının kökü İslam dininin radikallığı və siyasi bir din olması ilə yanaşı bütün ölkələrin Modern Dövlət-Millət inşa etmək proyektlərinin uğursuz və sonucsuz olduğundadır.

Orta Doğu dövlətlərinin (on doqquzuncu yüzillikdən etibarən) xalis, öz və qatqısız Millət anlayışının iflasa uğramasının əsas səbəbi Kimlik qavramına nasionalizm ideologiyası və İslam Dini aspektindən baxaraq, kimliyin əlvanlığını məhv etməyindədir. Bu arada Orta Doğuda Demokratikləşmə və sekyularlaşmanın qabağında duran təməlçi dini görüşlər və mühafizəkar dünya görüşünün rolunuda unutmamalıyıq.

Şah İsmayıl və Səfəvilər dövrü millətçilik ideologiyasının heç bir anlamı və izi olmadığı halda onların Türkçülük,Türk dili və Türk kimliyi ilə düşmənlik etməsi fikri üstə baş yarmaq, nasionalizm qazanında qaynayan beyinlərin məhsuludur. Yuxarda qeyd etdiyim kimi, Kaşğarlıdan Qacarlılara qədər Türk dili öz həyatını sürməyə davam etmiş imiş. İranda nodern nasionalizmin Rza Xan Pəhləvi timasalında canlanması ilə dilimiz və kimliyimizə divan tutmağa başladılar.Səfəvi şahları isə siyasi güc və Şiə məzhəbi yolunda qılınc çaldığı kimi, Osmanlı şahları da siyasi güc və İslam (sünni məzhəbi) yolunda qan tökübdülər. İranda Şiəliyin milli kimlik bağlarını möhkəmləndirməsinin danılmaz fakt olduğu halda, Güney azərbaycanlıların Məşrutə dövründən günümüzə qədər İran bütövlüyünə iki-üç dəfə sarsıdıcı zərbə vurmağını və hətta bu coğrafiyadan qopuşunu göz önünə aldığımızda, Güntay bəyin fikirlərinin özülü axsamağa başlayacaq. Məşrutə, Xiyabani və Pişəvəri zamanı Güney Azərbaycan milləti Şiə deyildilərmi ? Siyasi-İctimai məsələləri bir etkən işığında analiz etmək ideologiya qulluqçularının işidir.

Güntay bəy Səfəvilər kitabında istifadə etdiyi qaynaqları ya oxumayıb ya da onlardan amaclı və birtərəfli şəkldə yararlanıb, Səfəviləri təxrib və Osmanlıları günahsız kimi göstərməyə çalışıb. Osmanlı və Səfəvi savaşları zamanı yalnız Sünnilər qətliam edilməyiblər. Osmanlılar da Güney azərbaycanlıları kütləvi şəkildə qətliama məruz qoyubdular. Şah Məhəmməd Xudabəndənin şahlığa başladığı andan iki il sonra alovlanmağa başlayan Səfəvi-Osmanlı savaşları zamanı Osmanlıların Təbriz Türklərini qətliama məruz qoyması bir çox qaynaqlarda göstərilibdir. Qumlu Qazi Əhməd, “Xülasət-ül Təvarix” kitabında Osman Paşanın Təbrizi fəth etdikdən sonra yeddi-səkkiz minə yaxın günahsız insanı qılıncdan keçirməsini qeyd edir (birinci cild 89-788-), “Tarix-e Aləm Araye Abbasi”də (birinci cild, 310-cu səhifədə) Osmanlı ordusunun Təbrizi fəth etdikdən sonra şəhər sakinlərin qətliama məruz qalması yazılır.

Tarixə nasionalizm ideologiyası açısından baxmaq yerinə, tarixi obyektiv araşdırmaçı kimi analiz etmək lazımdır. Böylə fikri məsələrdə ortaq məxrəcə ya nisbi şəkildə həqiqətlərə çatmaq üçün mücadilə, müharibə və mübahisə yerinə diskurs mədəniyyətinin təməllərini gücləndirməliyik.

XS
SM
MD
LG