Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 01:04

Milan Kundera: "Roman yazan filosoflar saxta romançılardır"


Milan Kundera
Milan Kundera

-

""Roman janrının öz gücünə nələrə nail ola biləcəyini" özü üçün nə Voltaire kəşf edib, nə də Camus".

Məşhur frasnız-çex yazıçısı Milan Kunderanın "Paris review" jurnalına müsahibəsindən

- Bir dəfə demisiniz ki, çağdaş ədəbiyyatda vyanalı romançılar Robert Musil və Hermann Broch-u özünüzə daha yaxın sayırsınız.

Broch düşünürdü ki - siz də bu fikirdəsiniz - psixoloji romanların dövrü artıq bitib. Bunun əvəzində o, özünün təbirincə, "çoxtərəfli" romana üstünlük verirdi.

- Musil və Broch romana çox ciddi vəzifələr yükləyiblər.

Onlar romana intellektual sintezin ali forması, insanın dünyanı sorğulaya biləcəyi son məkan kimi baxırdılar. İnanırdılar ki, roman çox böyük sintez gücünə malikdir. Poeziyanı da, fentezini də, fəlsəfəni də, aforizmi də, esseni də özündə birləşdirə bilər.

Öz məktublarında Broch bu məsələ ilə bağlı bəzi ciddi müşahidələrini açıqlayır. Hərçənd, mənə elə gəlir ki, yanlış mənada işlətdiyi "çoxtərəfli roman" termini onun fikrini-niyyətini qeyri-müəyyənlik pərdəsinə bürüyür.

Əslində, əsl çoxtərəfli romanı Broch-un həmvətəni, Avstriya nəsrinin klassiki Adalbert Stifter yaratmışdı. Bu onun 1857-ci ildə çap edilmiş "Der Nachsommer" [Payızda yay havası] romanı idi. Məşhur romandır. Nietzsche onu alman ədəbiyyatının ən möhtəşəm dörd nümunəsindən biri sayırdı.

Hermann Broch
Hermann Broch

Bu gün, oxunması qeyri-mümkündür. İçinə geologiya, botanika, xalq sənətkarlığı, rəssamlıq və memarlıq haqda məlumatlar doldurulub, amma bu nəhəng, əhatəli ensiklopediyada faktiki olaraq insan və onun düşdüyü vəziyyətlər arxa plana keçib.

Məhz çöxtərəfli olduğuna görə, "Der Nachsommer" - romanı roman edən özəllikdən məhrumdur. Broch-da belə deyil. Tam əksinədir! O, "roman janrının öz gücünə nələrə nail ola biləcəyini" özü üçün kəşf etməyə səy göstərir.

Broch-un "roman bilgisi" adlandırmağı xoşladığı məxsusi anlayış isə əslində - varlıqdır. Mənim fikrimcə, "çoxtərəfli" sözü belə mənalandırılmalıdır: "Varlığa işıq tutmaq üçün biliyin hər cür vasitə və formalarının bir araya gətirilməsi".

Bəli, mən belə bir yanaşmanı öz düşüncəmə yaxın sayıram.

- Romançı özünü öz fəlsəfəsini romanlarında açıq-aşkar ifadə etmək hüququndan niyə məhrum etməlidir axı?

- Çünki yazıçının fəlsəfəsi deyilən şey yoxdur. Chekhov-un, Kafka-nın, yaxud Musil-in fəlsəfəsindən çox danışırlar.

Der Nachsommer
Der Nachsommer

Amma siz bir cəhd edin, görün onların yazılarında sistemli bir fəlsəfə tapa bilirsinizmi?

Onlar hətta ideyalarını bloknotlarına yazanda da həmin ideyalar fəlsəfi fikir səviyyəsinə qalxmır, uzaqbaşı intellektual gəzişmə, təzad oyunu, yaxud improvizasiya olur.

Roman yazan filosoflar saxta romançılardır, onlar sadəcə, roman janrından öz ideyalarına illüstrasiya kimi istifadə edirlər.

"Roman janrının öz gücünə nələrə nail ola biləcəyini" özü üçün nə Voltaire kəşf edib, nə də Camus.

Mənim bildiyim bircə istisna var.

O da "Fatalist Jak"ın müəllifi Diderot-dur. Möcüzəyə bax! Ciddi bir filosof roman janrı çərçivəsinə daxil olandan sonra şən bir fikir adamına çevrilir.

Romanda bircə dənə də olsun ciddi cümlə yoxdu - hər şey bir oyundur. Adamı əsəbiləşdirən odur ki, indiyəcən bu romana Fransada layiq olduğu qiymət verilməyib.

Halbuki Fransanın itirdiyi və qaytarıb bərpa etmək istəmədiyi hər şeyi məhz "Fatalist Jak"da tapmaq olar. Fransada ideyalarla əlləşirlər.

"Fatalist Jak"ısa ideyalar dilinə çevirmək qeyri-mümkündü. Buna görə də ideyalar ölkəsində onun başa düşülməsi mümkün deyil.

İngiliscədən R.Qəmbərov çevirib.

XS
SM
MD
LG