Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:07

Televiziya və radio verilişlərinin yayılmasındakı texniki problemlər


Vətəndaşlar az qala hər telekanala baxmaq üçün ayrıca antena quraşdırılar
Vətəndaşlar az qala hər telekanala baxmaq üçün ayrıca antena quraşdırılar

Azərbaycanın paytaxtında, iri şəhərlərində yaşayan əhali ölkə televiziyalarını, radiosunu izləməkdə ciddi problemlə üzləşməsə də, uzaq bölgələrdə bəzi çətinliklər var. Teleradio İstehsalat Birliyinin məlumatına görə, yalnız Azərbaycan Dövlət, İctimai və Lider televiziyalarını ərazi üzrə əhatəsi 75 faizdən yuxarıdır. Birliyin baş mühəndisi Mikayıl Abbasov deyir ki, bunun bir səbəbi özəl telekanalların ötürücülərinin sayının və həm də gücünün az olmasıdırsa, digər səbəbi də ötürücülərin standartlara uyğun quraşdırılmamasındadır. Cənab Abbasovun dediyinə görə, bölgələrdə ötürücüləri pərakəndə şəkildə quraşdırılmasına görə bəzi vətəndaşlar evlərində az qala hər telekanal üçün ayrıca antena saxlamalı olurlar. «Məsələn, Cəlilabadda, Ağstafada, Lerikdə ölkə televiziyalarının hər biri ərazidə vericini elə yerləşdirib ki, tamaşaçı məcbur olur ki, bir neçə antenadan istifadə etsin».


Mikayıl Abbasov deyir ki, hazırda Azərbaycanın 200-dən çox kiçik yaşayış məntəqəsində yaşayan əhali yalnız «Az.TV»nin verilişlərinə baxa bilir.


Onun fikrincə, televiziya və radio verilişlərinin yayılmasının keyfiyyətinə vətəndaşların standartlara uyğun olmayan antenalardan istifadə etməsi səbəb olur. Digər tərəfidən paytaxt Bakıda çoxmərtəbəli binalar da radiodalğaların yayılmasına maneə yaradırlar. Başqa bir səbəb isə İrandan və ermənilərin nəzarətində olan Azərbaycan ərazilərindən yayılan dalğaların Azərbaycanda televiziya və radio verilişlərinin keyfiyyətinə göstərdiyi təsirdir.


Bəs digər problemlərin həlli üçün nə təklif olunur? Mikayıl Abbasov düşünür ki, problemlərdən əsas çıxış yolu ölkədə rəqəmsal teleyayıma keçid ola bilər. İkinci bir yol isə özəl televiziyaların bölgələrdə quraşdırdığı ötürücülərin Teleradio İstehsalat Birliyinin daha uca olan qüllələrinə köçürülməsi, ötürücülərin əhalinin sayına və ərazinin relyefinə görə daha məqbul olan ərazilərdə quraşdırılması ola bilər.


Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz isə hesab edir ki, dövlət strukturunun belə bir şəbəkə formalaşdırması teleradio yayımda monopoliya yarada bilər. Ekspert ölkədə yayımın texniki keyfiyyətini yaxşılaşdırmaq üçün Teleradio İstehsalat Birliyinin ötürücü vasitələrinin özəlləşdirilməsini təklif edir. Onun fikrincə, azad rəqabət şəraitində mərkəzləşmiş strukturdan danışmaq olar.


Amma Teleradio İstehsalat Birliyinin rəhbəri İlham Əhədov bildirir ki, onlar özəl televiziyalara özlərinin ötürücü saxlamalarına lazım olan puldan daha sərfəli variant, yəni daha ucuz xidmət haqqı təklif edirlər. İlham Əhədov bildirir ki, ümumilikdə ölkədə teleradioyayımın keyfiyyətini yaxşılaşdırılması üçün yeni avadanlıqlar və infrastruktura da əlavə vəsait qoyuluşuna ehtiyac var. Əgər özəl telekanallarla imkanlar birləşdirilərsə, Azərbaycanda televiziya və radio verilişlərinin yayılmasında bütün texniki problemləri aradan qaldırmaq olar.


XS
SM
MD
LG