Avqustun 17-də Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirləri, baş konsulları və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndələrinin Bakıda keçirilən müşavirəsi başa çatıb. Xarici İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Mətin Mirzənin «Azadlıq» radiosuna verdiyi məlumata görə, nazirlik rəhbərliyi müşavirədə səslənən təkliflər üzərində işləyəcək. Müşavirədə ölkə başçısının 2004-cü ildən diplomatik korpus qarşısında qoyduğu vəzifələr yenə də əsas prioritet kimi qiymətləndirilib.
Avqustun 18-də isə azərbaycanlı diplomatlar Sabirabadda məskunlaşan məcburi köçkünlərlə görüşəcəklər. Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarovun sözlərinə görə, onlar məcburi köçkünlərin problemləriylə yaxından tanış olmaq istəyirlər.
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirləri, baş konsulları və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndələrinin müşavirəsi avqustun 14-də başlamışdı. Tədbirin açılışına ölkə prezidenti İlham Əliyev də qatılaraq, Azərbaycan diplomatlarının öz işlərini Dağlıq Qarabağ münaqişəsiylə bağlı təbliğatı gücləndirməyi, ölkənin siyasi, iqtisadi və digər maraqlarını təmin etməyi, informasiya siyasətini gücləndirməyi tələb edib.