Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:58

Azərbaycanı Avropa ilə bağlamaq üçün əla fürsət


Piter Semnebi: «Buxarest danışıqlarından əvvəlki nikbinliyimiz sonda heç nə ilə nəticələndi»
Piter Semnebi: «Buxarest danışıqlarından əvvəlki nikbinliyimiz sonda heç nə ilə nəticələndi»

«Avropa Birliyi (AB) və Azərbaycan arasında birgə fəaliyyət planı ilə bağlı danışıqlar uğurla davam edir. Danışıqların yeni bir formal raunduna ehtiyac yoxdur. Ortada yalnız bəzi texniki məsələlərə aid suallar qalıb»- bu barədə «Azadlıq» radiosuna müsahibəsində Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib.


Birliyin Azərbaycan, Ermənistan və Gürcüstanla qonşuluq siyasətinə cavabdeh olan Avropa rəsmisi ümid edir ki, artıq bu ilin payızında hər üç ölkə ilə fəaliyyət planı ətrafında gedən danışıqlara yekun vurulacaq.


AB-nin qonşuluq siyasəti çərçivəsində müzakirə olunan fəaliyyət planı Azərbaycana və qonşularına bu quruma üzvlüklə bağlı heç bir təminat vermir. Lakin Piter Semnebi bildirir ki, «yeni format Azərbaycanı Avropa ilə bağlamaq üçün əla bir fürsətdir». Plan Azərbaycan və AB arasında siyasi, iqtisadi, enerji və demokratiya sahəsindəki münasibətlərini tənzimləyəcək əsas sənəd sayılır. Lakin Azərbaycanın AB ilə münasibətlərinin dərinləşməsi Bakının iradəsindən və üzərinə götürdüyü öhdəliklərə sadiqliyindən asılı olacaq. Piter Semnebi: «Fəaliyyət planı Azərbaycanı Avropa Birliyinə doğru daha da yaxınlaşmaq, Avropa Birliyi ilə daha də geniş münasibətlər qurmaq üçün bir mexanizm rolunu oynayacaq. Burada çox şey Azərbaycanın iradəsindən və öhdəliklərinə sadiqliyindən asılı olacaq. Ona görə də, Azərbaycan bu münasibətlərdə nə qədər uzağa getmək istədiyini və bacardığını özü müəyyən etməlidir».


Beləliklə , AB üç Cənubi Qafqaz ölkəsi ilə yaxın münasibətlər qurmağa çalışır. Lakin, müşahidəçilər bildirir ki, regiondakı münaqişələr, Ermənistanla Azərbaycan arasında davam edən konflikt və demokratiya sahəsində olan problemlər Birliyin Cənubi Qafqazla daha da yaxınlaşmasını çətinləşdirən amillərdir.


Cənab Semnebi Dağlıq Qarabağ sülh prosesində irəliləyişin olmamasından narahatlığını gizlətmir: «Mən narahatam və ümid edirəm ki, işlər yaxşılığa doğru dəyişəcək. Mən çox təəssüflənirəm ki, bu ilin əvvəlində və prezidentlərin Buxarest danışıqlarından qabaq münaqişənin nizamlanmasıyla bağlı gördüyümüz nikbinlik sonda heç nə ilə nəticələndi. Məncə hər iki tərəf danışıqlardakı mövqelərini dəyişməlidir. Liderlər münaqişənin indiki vəziyyətdə qalmasının onlara və hamıya nə qədər baha oturduğunu düşünməlidirlər».


Cənab Semnebinin sözlərinə görə, son ayların təcrübəsindən öyrənmək lazımdır. Onun fikrincə «münaqişənin həll olunmamış qalmasının qiyməti barədə Azərbaycan və Ermənistan cəmiyyətlərinə məlumat verilməsinə böyük ehtiyac var».


AB-nin Azərbaycanla münasibətlərində gündəlikdə duran mühüm məsələlərdən biri də Azərbaycanda demokratiyanın inkişafı və demokratik institutların qurulmasıdır. Avropa rəsmisi bu məsələlərin fəaliyyət planında əks olunduğunu bildirir: «Azərbaycan keçid mərhələsində olan ölkədir. İşçi planda keçid mərhələsinin problemlərini, çətinliklərini aradan qaldırmaq və demokratik institutları qurmaq üçün Azərbaycan və Avropa Birliyi birgə işləmək barədə öhdəlik götürürlər».


XS
SM
MD
LG