Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:45

Bir ildən sonra Bakı kəndləri qaz-işıq problemini unudacaq?


2007-ci ilin axırına kimi paytaxt ətrafında yerləşən qəsəbələrin qazla təmin olunacağı deyilir
2007-ci ilin axırına kimi paytaxt ətrafında yerləşən qəsəbələrin qazla təmin olunacağı deyilir

«Şüvəlanın bu hissəsində, Füzuli küçəsində nə qaz gəlir, nə də işıq. On ildir ki, biz qazın iyini də unutmuşuq». Bunu Bakıətrafı qəsəbələrdən biri - Şüvəlanın sakini Səadət Quliyeva deyir. İndi paytaxtın kəndlərində və ətraf qəsəbələrdə onun kimiləri çoxdur. Axır vaxtlar Bakının ətrafında salınan qəsəbələrdə də qaz, işıq, su məsələsi problemdir.


Söhbətləşdiyim sakinlər deyirlər ki, qaz qıtlığı yaranandan Bakı kəndlərinin «çörək» yeri olan istixanaların qapısına qıfıl vurulub. Bakının ətrafında salınan qəsəbələrdə qaz, işıq, su məsələsi hələ də problemdir. Hökumətdə isə əmindirlər ki, bircə ildən sonra Bakı kəndləri qaz-işıq problemini birdəfəlik unudacaq, burada şərait şəhərdəkindən fərqlənməyəcək.


Prezidentin Bakı kəndlərinin inkişafı məqsədilə imzaladığı tədbirlər planına görə, gələn ilin axırına kimi paytaxtın kəndlərində kommunal xidmətlər yaxşılaşdırılmalıdır.


«Azəriqaz» Səhmdar Cəmiyyətindən deyirlər ki, prezidentin imzaladığı tədbirlər proqramı plan üzrə yerinə yetirilir. Təbii qazın təzyiqi aşağı olan bölgələrə əlavə xətlər çəkiləcək. Bakının bütün rayonlarında tikinti-quraşdırma işləri başlayıb. Qurumun Mətbuat Xidmətinin rəhbəri Kamandar Eyvazlı bildirir ki, bu tədbirin nə qədər abonenti əhatə edəcəyini indidən demək çətindir, çünki Bakının əhalisi günbəgün artır, qanunsuz ev tikənlər və qaz idarəsinə xəbər verməyənlər çoxdur. Amma həmin ərazilərə qaz xətti çəkiləcək: «Bu evlər sonradan sənədləşdirilir, onlara qaz çəkilir. Amma yaxşı olar ki, bu iş əvvəldən görülsün».


«Azərenerji» Səhmdar Cəmiyyəti isə elektrik enerjisi təchizatını yaxşılaşdırmaq üçün tədbirlərə xeyli vaxtdır ki, başlayıb. Cəmiyyətin Elektrik Enerjisinin Ötürülməsi İdarəsinin rəisi Hacımahmud Abdullayev deyir ki, tədbirlər planında nəzərdə tutulan işlərin düz yarısını başa çatdırıblar. Onun sözlərinə görə, 2007-ci ilin axırına kimi paytaxt ətrafında yaşayanların işığı normal gücdə, normal gərginlikdə olacaq: «Zabratda, Dübəndidə, Qalada, Binədə yeni transformatorlar quraşdırılacaq».


Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı bu ilin fevralında təsdiqlənib.


XS
SM
MD
LG