Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:01

Qobustan həbsxanasında nə baş verir?


Qobustan həbsxanasında son dörd ayda iki intihar hadisəsi baş verib
Qobustan həbsxanasında son dörd ayda iki intihar hadisəsi baş verib

«Bu gün Qobustanda nə baş verir?» sualına cavab tapmaq asan məsələ deyil. Rəsmilərlə məhbusların yaxınlarının verdikləri məlumatlar üst-üstə düşmür. Hüquq müdafiə təşkilatlarından isə ehtiyatlı davranmağa çalışanlar da var, uzağa gedən ehtimallar irəli sürənlər də…


Qobustan həbsxanasında ömürlük cəza çəkən 30 məhbusun avqustun 21-dən üç günlük aclıq aksiyasına başladıqları bildirilir. Onlar avqustun 12-də məhbus yoldaşları Kamandar Aslanov dünyasını dəyişəndən sonra həyatlarına təhlükə hiss etdiklərini və buna görə də hüquq-müdafiə təşkilatlarının, ombudsmanın onlara baş çəkməsini, həbsxanadakı real vəziyyətlə tanış olmalarını istəyirlər.


Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsinin əməkdaşı Rafiq Ramazanov isə birmənalı şəkildə aclıq aksiyası keçirilib-keçirilmədiyini demir. Daha doğrusu, bu məsələdə həbsxana rəisinə istinad etdiyini və özünün son günlər orda olmadığını bildirir: «Mən həbsxana rəisinin verdiyi məlumata əsasən deyirəm ki, aclıq aksiyası yoxdur. Mən özüm həbsxanaya getməmişəm. Heç kim mənim yanımda aclıq etmir. Mənim də vəzifəm gedib mütləq Qobustanda oturmaq deyil».


Rafiq Ramazanov onu da əlavə edir ki, o indiyədək verilən məlumatı deyir və növbəti saatlarda və ya günlərdə vəziyyətin dəyişəcəyini istisna etmir. Həbsxana rəisi Sədaqət Ağayev isə ilk gündən aksiya haqda deyilənləri inkar edir və məhbusların şou yaratdıqlarını, kimlərinsə bu durumdan yararlandıqlarını bildirir. Təxminən bir ay öncə Qobustan həbsxanasında iyirmiyədək məhbus onlara verilmiş ömürlük həbs cəzasının 15 il cəza ilə əvəzlənməsi tələbilə aclıq aksiyası keçirirdilər. O zaman da rəsmilər bu məlumatı təkzib edirdilər. Amma aclıq aksiyasının son günlərində Ədliyyə Nazirliyi məlumatı təsdiqləməli, hüquq müdafiəçilərini, jurnalistləri ora aparmalı oldu.


Yeri gəlmişkən, ekspertlər hesab edirlər ki, Qobustan həbsxanasındakı aksiya iyulda keçirilən aksiya ilə bağlıdır. Hüquq müdafiəçisi Eldar Zeynalova görə, məhbuslar iyulda öz hüquqlarından istifadə edərək cəzalarının dəyişdirilməsini istəyirdilər. Bu da həbsxana rəhbərliyinin xoşuna gəlmədiyindən onlara təzyiq göstərilirdi. Hüquq müdafiəçisi deyir ki, aksiyadan bir ay sonra onun fəal üzvlərindən biri Kamandar Aslanovun intiharı da təsadüf deyil. O bir məqama da diqqət çəkir ki, əvvəlcə hüquq mühafizə orqanları mərhumunu ürək çatışmazlığından öldüyünü deyirdilərsə, sonradan özünü öldürmə həddinə çatdırma maddəsilə iş açıldı. Eldar Zeynalovun qənaətincə, buna görə də məhbuslar qorxmağa, narahat olmağa, ictimaiyyətdən kömək istəməyə başlayıblar. Bu bir həyəcan siqnalıdır.


«Məhbuslar qorxurlar ki, onları fiziki baxımından məhv edə bilərlər. Hüquq-mühafizə orqanları da bunu ört-basdır edərlər. Qobustan həbsxanasında baş verənlər məncə, bundan ibarətdir».


Hətta Eldar Zeynalov iddia edir ki, Kamandar Aslanov həbsxanadakı aksiyadan sonra təzyiqlərlə üzləşdiyi haqda ona məktublar yazıb və o da bunu həbsxana rəhbərliyi qarşısında qaldırıb.


«Ötən il onun dişlərini vurub sındırmışdılar. Ona təzyiqlər vardı. O da bunun pis qurtara biləcəyindən ehtiyatlanırdı. İndi baş verənlər Kamandarın yazdıqlarına bənzəyirdi. Ona görə də mən hesab edirəm ki, onu intihar həddinə çatdırıblar».


Eldar Zeynalov yada salır ki, bu ilin mayında da həmin həbsxanada iki intihar cəhdi olub. O zaman məhbuslar baş prokurora məktub göndərmək istəsələr də, buna imkan verilməmişdi. Eldar Zeynalov hesab edir ki, hələ mayda bu məsələ araşdırılsaydı, Qobustan həbsxanasında dörd ayın içində ikinci intihar baş verməzdi.


Ümumiyyətlə, hüquq müdafiəçilərinin sözlərinə görə, son illər Qobustan həbsxanasında intiharların sayı ona çatıb və hələ bu da bu dəqiq siyahı deyil. Hüquq müdafiəçiləri intiharların çoxalmasını həbsxanadakı dözülməz şəraitlə, təzyiqlərlə izah edirlər.


Ədliyyə Nazirliyindən Rafiq Ramazanov isə bunu həbsxana şəraitinin dözülməzliyi ilə yox, məhbusların psixoloji durumları ilə izah edir. O ki qaldı, indi məhbusların öz həyatlarına görə narahat olmalarına, cənab Ramazanov bunu əsassız sayır. O, Kamandar Aslanovla bağlı prokurorluğun istintaq apardığını və bu qurumun Ədliyyə Nazirliyinə tabe olmadığı üçün obyektiv qərar verə biləcəyini söyləyir: «Prokurorluq işçiləri istintaq aparır. Hansı təhlükədən söhbət gedə bilər? Prokurorluq ekspertiza verəcək. Təqsirkar bizim əməkdaşlar olsalar cəzalandırılacaqlar».


Rafiq Ramazanov həbsxana nəzarətçilərinin məhbuslara fiziki təzyiq etməsi haqda deyilənləri də qəbul etmir. Hüquq müdafiəçisi Səidə Qocamanlı isə deyir ki, hazırda hüquq-müdafiə təşkilatlarının Monitorinq Qrupu Ədliyyə Nazirliyi ilə məhbuslarla görüşmək üçün danışıqlar aparır. Yalnız həbsxanada olduqdan sonra baş verənlərə münasibət bildirəcəklər.


Ədliyyə Nazirliyi yanında hüquq müdafiə təşkilatlarının iştirakı ilə ictimai komissiya yaradılmalıdır. Hüquq müdafiəçilərinə görə, bu komissiya tezliklə yaradılsa belə hallara dərhal müdaxilə etmək və dəqiq məlumat almaq imkanı yaranacaq.


XS
SM
MD
LG