Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədri Hidayət Orucov hökumətin dini qurumlara nəzarəti sərtləşdirəcəyi haqda konkret fikir söyləməsə də, bu işlə hüquq mühafizə orqanlarının məşğul olduqlarını bildirdi. Azərbaycanda dindən siyasi məqsədlər üçün istifadə etməyə hazır, radikallığa meylli qüvvələrin olduğunu söyləyən Komitə sədri belə niyyətlərin heç bir ölkəyə, heç bir cəmiyyətə fayda gətirmədiyini də əlavə etdi.
Bir müddət öncə Komitənin sabiq sədri Rafiq Əliyevsə Azərbaycana kənardan beş dövlətin müdaxilə etdiyini söyləmişdi. Sabiq sədr bu dövlətlər sırasında İran, Türkiyə, Rusiya, Küveyt və Səudiyyə Ərəbistanının adlarını çəkmişdi. Rafiq Əliyev həmçinin qonşu dövlətlərin dini situasiyanı istədikləri istiqamətə yönləndirmək cəhdlərinin olduğunu və bu işə yetərincə maliyyə ayrıldığını da demişdi. Eyni vaxtda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Barsotti də belə müdaxilənin olduğunu söyləmişdi.
Komitənin yeni sədri Hidayət Orucov isə bu mövzuda danışmağa meylli olmasa da, dini sferaya müdaxilə edən dövlətlərin sayının beş yox, daha çox olduğu qənaətindədir. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə isə dini icmaların fəaliyyətini hər hansı bir dövlətin adıyla bağlamağı düzgün saymır: «Bizim marağımız tələb edir ki, İranla yaxınlıq edək. Eləcə də İran bunu istəyir. Onda biz də deyək ki, İranın bura təsiri var? Dövlət səviyyəsində Azərbaycana qarşı marağın olduğunu demək düzgün olmaz. Tutaq ki, Türkiyənin Azərbaycanda nə marağı ola bilər? Demək olarmı ki, Türkiyə bizimlə düşməndir. Beş nurçunun və ya PKK-çının burda olması hələ heç nə demək deyil. Bu təşkilatın üzvləri Misirdə, Səudiyyədə də tapılır. Azərbaycanda da beş nəfər onlara qarşı tapıla bilər. Buna görə dövləti dövlətə qarşı qoymaq olmaz».
Cənab Paşazadənin fikrini Hidayət Orcuov da bölüşür və dini icmaların heç də həmişə dövləti təmsil etmədiyini vurğulayır. Azərbaycanda radikal dini qruplaşmalarla mübarizəni təhlükəsizlik orqanlarının apardığını bildirən Komitə sədri özlərinin əsasən ölkəyə gətirilən dini ədəbiyyatı ekspertizadan keçirəcəklərini söylədi. Hidayət Orucovun sözlərinə görə, bu məqsədlə Komitədəki qurum möhkəmləndiriləcək: «O ədəbiyyat ki, məzhəblər arası qarşıdurma yaratmır, insanların dini etiqad azadlığını təmin edir onlarla bağlı problem olmayacaq. Amma zərərli ədəbiyyatın biri də ölkəyə buraxılmayacaq».
Dinşünas alim Vasim Məmmədəliyev radikal dini qurumlarla mübarizəni haqlı sayır və hesab edir ki, hadisələr bu axarla davam edə bilməzdi. Bakı Dövlət Universitetinin müəllimi Altay Göyüşov isə hesab edir ki, Azərbaycan hökuməti balanslı hərəkət etməlidir: «Konstitusiya görə, vətəndaş istəsə vəhhabi də, şiə də, nurçu da ola bilər. Heç kim onun azadlığına müdaxilə edə bilməz. İkinci vacib prinsip dövlətin təhlükəsizliyidir. Qarşıda duran məsələ bu iki prinsip arasında balansın formalaşdırılmasıdır».
Avqustun 28-də dini qurumların təmsililərinin qatıldığı toplantıda Əbubəkr məscidinin axundu Hacı Qamət Allahşükür Paşazadənin təkidilə etdiyi qısa çıxışında bu toplantıdakı fikirləri yaymağın tərəfdarı olduqlarını söylədi. Onun qənaətincə, bu zaman radikallara yer olmaz. Dövlət-din münasibəti uğurlu olar. Şeyx isə ona replika atdı: «Yəni demək istəyirsən ki, bundan sonra sizin gördüyünüz və görəcəyiniz işlər tolerantlıq çərçivəsində olacaq?» Bakıdakı Əbubəkr məscidini əksər media orqanları və dini çevrələr vəhhabilərin toplaşdığı məscid kimi tanıdırlar. Hər həftə burada minlərlə insan toplaşır. Amma məscidin rəhbərliyi indiyə qədər hansısa dini təriqətin fikirlərini yaydıqlarını inkar edir.