İran Azərbaycanından alınan xəbərlərə görə, İran prezidenti Mahmud Əhmədinejadın Sulduz, Makı və Qoşaçay şəhərlərində əhalinin geniş kütlələri ilə görüşü alınmayıb.
May mitinqləri zamanı ən çox itkilər vermiş Sulduz və Qoşaçay şəhərlərində prezidentin səfəri zamanı hər hansı bir insidentin qarşısını almaq üçün xüsusi təhlükəsizlik tədbirləri görülüb. Belə ki, görüşün keçirildiyi yerə daxil olmaq üçün adamlara xüsusi buraxılış kartı paylanıb.
Sentyabrın 2-də keçirilən görüşə gələnlərin sayı az olmaqla yanaşı, mitinqə dəvət olunanlar etiraz şüarları qışqırıblar. Sulduzda Əhmədinejadın çıxışı «Türki danış!» şüarları ilə kəsilib.
Urmiyə televiziyasının yaydığı kadrlara əsasən, mitinq iştirakçıları icra hakimiyyətinin məntəqədəki başçısı – fərmandar və vali – ostandarın istefasını tələb ediblər. Onları xalqın dərdini dinləməməkdə ittiham ediblər. Əhmədinejad isə bunun cavabında «o, sizi dinləməsə, onun qulağını kəsərəm» deyib.
Bir neçə gün öncə Xoy şəhərindəki çıxışı zamanı da Əhmədinejad yerli məmurları qulaqlarını kəsəcəyi ilə hədələmişdi. Sulduzda imamcümə və fərmandarın da çıxışları kəsilib.
Hər üç şəhərdə – Sulduz, Makı və Qoşaçayda görüşlər bir neçə dəqiqə çəkib. Urmiyə şəhərinin stadionunda keçirilən görüşə əhalinin maraq göstərməməsi, Sulduz, Makı və Qoşaçay şəhərlərində etiraz nümayişləri prezidentin səfərlərini yarımçıq qoyması ilə nəticələnib.