Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:26

Ölkədə ən çox müəllim çatışmayan rayon - Cəlilabad


Cəlilabad şəhəri, 28 avqust 2006
Cəlilabad şəhəri, 28 avqust 2006

Cəlilabadlı «Ded Moroz»


Cəlilabadlı «Ded Moroz» məni borşa qonaq etmək istədi. Bu onun təxəllüsüdür. Cəlilabad rayonundakı keçmiş Prişib, indiki Göytəpə şəhərində onu belə çağırırlar. Əsl adı isə Aleksandr Ananyeviç Morozovdu.


«- Bax azərbaycanlılar o tərəfdə olurdular, çox azıydılar, əksəriyyət ruslar idi.


- Bəs indi burda nə qədər rus qalıb?


- Barmaqla saymaq olar. Bax bu küçədə bircə mənəm»




Azərbaycan tarixçilərinin yazdığına görə, Rusiya İmperiyası XIX əsrdə Azərbaycan xanlıqlarını işğal edəndən sonra özünə dayaqlar yaratmaq üçün bölgəyə 250 min nəfərdən çox rus millətindən olan şəxs köçürüb. Onlar həm Bakı və Gəncə kimi böyük şəhərlərdə yerləşdirilirdi, həm də bölgələrdə. O vaxt ruslarına bir hissəsi də indiki Cəlilabad ərazisində yerləşdirilib



Cəlilabad rayonunda rus yer adları çoxdur-Astraxanovka, Tatyanovka, Nikolayevka, Petrovka, Privolnoye, Mixaylovka və s.


«Bizimkilər Orenburqdan gəlib. Amma nə vaxt gəldiklərini deyə bilmərəm...» 72 yaşlı Aleksandr Morozov mənə atasından eşitdiklərini danışır: «Adətən belə olur-Haradan gəlirsənsə, həmin yerin adını da özünlə yeni məskunlaşdığın yerə gətirirsən. Məsələn Prişib, yəqin o vaxt Prişib adlı kənddən, yaxud şəhərdən gəliblər».


XIX əsrdə Azərbaycana köçürülən ruslar üçün münbit torpaqlar ayrılır, onlara yerli əhaliylə müqayisədə müxtəlif güzəştlər edilirdi. Cəlilabad rayonunun indiki ərazisi demək olar ki meşə örtüyündən məhrumdur, çöllükdü. İqlimi qurudu. Elə Göytəpə şəhərinin ətrafı da yalnız kartof sahələri və üzümlüklərdən ibarətdir. Amma 200 il əvvəl bölgənin təbiəti bir qədər ayrı cür olub.


«Atam danışırdı ki, burda dərin sulu çay var idi. Palıd meşəsi var idi». Sovet İttifaqı dağılandan sonra rusların çoxu Rusiyaya köçüb getsələr də, Göytəpədə rus üslubunda tikilmiş palıd evlərin çoxu durur, həmin evlərdə azərbaycanlılar yaşayır, burada yaşamaqda davam edən ruslar isə Aleksandr Morozov kimi ahıl yaşında olanlardı. «Ded Moroz» barədə az sonra…


Elə təəssürat yaranmasın ki, Cəlilabadın tarixi yalnız ruslarla bağlıdır. Rayon ərazisi tarixi iki min il əvvələ-atəşpərəstlər dövürünə gedib çıxan qədim yaşayış məskəni sayılır. Bir rayon kimi isə Cəlilabad 1930-cu ildə təşkil edilib, 1967-ci ildə isə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılıb. Cəlilabad şəhərinin yaşı da elə də çox deyil. Şəhərin əsasına XX əsrin əvvəllərində - Şamaxıdan gəlmiş tacir Məşədi Məhəmməd Zeynalov qoyub.


«Sən həkim gətirənəcən…Əzrayıl özünü yetirir…»



Kövüzbulaq kəndi, 27 avqust 2006
Kövüzbulaq kəndi Cəlilabad-Buravar yolunun üstündə yerləşən 20-ə qədər dağ kəndindən biridir. Torpaq yoldu, böyük hissəsi bərbad vəziyyətdədir, çala-çuxurla doludur. Sürücü Nəbi elə Kövüzbulaq kəndindəndi. Mənə uzun bir siyahı göstərir.


«- Rayona gedib eləyəndə qonum-qonşu siyahı verir ki, mənə qənd al, çay al, dərman al…


- Tez-tez getmirsiz də rayona…


- Yox, getmək çətindi axı…


- Bir nəfər gedəndə hamı sifariş verir.


- Hə, neyləsinlər?»


Kövüzbulaq Cəlilabadın ən ucqar kəndlərindəndir, İranla həmsərhəddir. Kənd dərədə yerləşir, dörd tərəfdən dağlarla əhatə olunub. Kəndin içində mobil rabitə də işləmir. Kövüzbulaq məscidinin qarşısında söhbətləşdiyim yerli sakinlər deyirlər ki, bütün problemlərin bir ucu yola bağlanır, məsələn həyətlərinin məhsulunu Cəlilabad bazarına çətinliklə apara bilirlər. Kəndə yük maşınları işləmir, ona görə də minik maşınlarından istifadə etməyə məcburdurlar. «Jiquli»yə nə qədər məhsul yükləmək olar. Uzağı 200 kilo. Gərək onda məhsulu satıb nəqliyyat xərcinə verəsən», «Xəstəmiz olanda şəhərə çatdırmaq olur böyük bir problem. Sən həkim gətirənəcən…Əzrayıl özünü yetirir…»


Dağ kəndlərinin yol məsələsinə bir əlac olub-olmayacağını Cəlilabad Rayon İcra Hakimiyyətindən də soruşduq. İcra hakimiyyəti başçısının birinci müavini Asif Əzizov dedi ki, uzağı noyabra qədər asfalt da olmasa, yola çınqıl tökəcəklər. O, tezliklə Kövüzbulaq kəndinə baş çəkəcəklərini və yerli sakinlərin problemləriylə maraqlanacaqlarını da dedi. Rayona heç bir ay deyil yeni icra başçısı təyin edilib və o tanışlıq üçün bütün kəndləri bir-bir gəzmək fikrindədir.


«Kasıbçılığın üzü qara olsun»


Dərdini deməyə adam axtaranlardan biri də Adəm kişidi: «Bax on ildir bu daxmada yaşayıram, imkanım yoxdur düzəltdirim…» Kövüzbulaq sakini Adəm Qənbərovun ailəsi 11 nəfərdən ibarətdir, iki oğlunun ailəsi də onlarla birlikdə yaşayır. 11 nəfər iki otaqlı evə yığışıb. Adəm kişi deyir ki, kasıbçılığın üzü qara olsun, 10 il əvvəl həyətdə təməli qoyulan yeni geniş evi tikib başa çatdıra bilmir.


Adəm kişi deyir ki, kasıb da olsa, qonağın qabağına qoymağa çay həmişə tapılar. Söhbətimizi sərin yerdə çay içə-içə davam etdiririk. Kövüzbulaq dağ kəndi olsa da, havası düzənlikdəki kimi istidir. Alçaq dağların ətəyindən zirvəsinəcən əkin sahələridir. Adəm kişinin də sahəsi var, amma deyir ki, bu il təkcə onun yox, bir çoxlarının məhsulu az olub. Səbəb yayın quraq keçməsidir: «Yağış yağmadı, elə oldu ki, bir hektardan 300 kilo, hətta 200 kilo məhsul götürdük». Adəm kişi deyir ki, 1 hektardan götürülən 300 kilo məhsul heç əkin-biçinin xərci eləmir.


Bu mövsüm taxılın gəlir gətirməməsinin bir səbəbi də ilin əvvəlində dizel yanacağının iki dəfə bahalaşması olub. Adəm kişi deyir ki, çarəsizlikdən - yerin şumlanıb əkilməsi baha başa gəlməsin deyə səp-çevir eləyib. «Səp-çevir» o deməkdi ki, aqrotexniki qaydalara əməl etməyib traktorla görülən işlərin bəzisini ixtisar edirsən. Yeri şumlamaq, iki dəfə mala vurmaq əvəzinə elə buğdanı səpirsən küləşliyə və traktor torpağı şumlayıb çevirir. Vəssalam. Amma Adəm kişi deyir ki, belə edəndə məhsuldarlıq xeyli aşağı düşür.



Futbolçu olmaq istəyənlər çoxdur, amma...
Dolanışığın çətinliyi Adəm kişini təkcə əkin-biçin qaydalarını yox, yerli adət-ənənələri də pozmağa məcbur edib. «Oğluma toy eləməyə pulum olmadı, dedim oğul götür-qaç. Əlbəttə mən də istəyərdim el adətiylə qapımda toy olsun, amma gücüm çatmadı. Bir il nişanlı qaldı, dedim götür-qaç».


Qızı qaçırandan sonra…


Bu hadisə keçən il olub. Yerli adətlərə görə, oğlanın valideynləri qaçırılan qızın valideynləri ilə barışmaq üçün bir çox işlər görməlidirlər, amma bunlar da pul tələb edir. Söhbətimizə Adəm kişinin həyat yoldaşı Gülnaz xala da qoşulur. «Gərək onlara toğlu aparasan, qənd, yağ, düyü aparasan. 500 dollar da süd pulu. Amma mənim buna imkanım yoxdu».


Adəm kişi deyir ki, əkin-biçin get-gedə sərfəli olmayan işə çevrilir. Kənddə ayrı işlə məşğul olmaq isə mümkün deyil. Cəlilabad şəhərində bir iş olsaydı, günü bu gün gedərdi, amma yol bərbad olduğu üçün onda gərək bütün qazancını nəqliyyata xərcləyə.


İngilis dili əvəzinə rus dili


«Məktəbdə vəziyyət çox pisdir. Coğrafiya müəllimi yoxdur, ingilis dili müəllimi yoxdur…» Söhbət Kövüzbulaq kəndindəki məktəbdən gedir. Kənd sakinləri məktəbdə təhsilin səviyyəsinin aşağı olmasından gileylənirlər. Məktəbdəki müəllim çatışmazlığı problemi isə belə həll edilir-Coğrafiya dərsini başqa fənn müəllimləri, məsələn riyaziyyat, yaxud ədəbiyyat müəllimi deyir. İngilis dili əvəzinə isə Rus dili fənninin saatları artırılıb.


«Yol probleminə görə, gələn müəllimlər də qalmır, qayıdıb qaçır. İngilis dili müəllimi 5-10 il əvvəl gəlmişdi, amma qaçdı çıxdı getdi…»


Cəlilabad Rayon Təhsil Şöbəsində də problemin ciddi olduğunu etiraf edirlər. Təhsil Şöbəsinin müdiri Ədalət Əsgərovdan öyrəndik ki, sən demə indi ölkədə ən çox müəllim çatışmayan rayon elə Cəlilabaddır. Rayonun 400 müəllimə ehtiyacı var. Ədalət Əsgərov xatırladır ki, sovet dövründə ucqar kəndlərdən olan abituriyentlərə bəzi güzəştlər vardı, onları hətta aşağı qiymət alsalar belə, instituta qəbul edirdilər. Sonra onlar gəlib öz kəndlərində işləyirdilər. Amma indi belə güzəştlər mümkün deyil.


Amma Ədalət Əsgərov deyir ki, hökumət yeni-başqa tipli güzəştlər təklif edir. Respublikanın bütün bölgələrinin ehtiyaclarını əhatə edən həvəsləndirmə tədbirlərinə görə, ucqar dağ kəndlərində işləmək istəyənlərə adi müəllim maaşından 2-3 dəfə artıq pul təklif edilir


Ədalət Əsgərov düşünür ki, həvəsləndirmə tədbirlərinin nəticəsi mütləq olacaq. Amma onun fikrincə, tədbirlər planına müəllimlərə torpaq sahələrinin verilməsi də daxil edilməlidir.


Kənd məktəbində riyaziyyat müəllimi işləyən Rəzzaq Abbasov deyir ki, ali məktəbə sənəd verən abituriyentlər elə ixtisasları seçməyə məcburdurlar ki, həmin ixtisaslar üzrə ingilis dilindən, yaxud coğrafiyadan imtahan vermək lazım olmasın, yaxud sözügedən fənlər ikinci dərəcəli sayılsın.


«Böyüyəndə Bakıda oynayacağam»



Rustəpə kəndi, rus evləri, 28 avqust 2006
Cəlilabadda təhsilin digər sahələri də tənəzzül keçirir. Şəhər Stadionunda uşaq futbol məktəbinin direktoru Vidadi Salmanov deyir ki, futbolçu olmaq istəyən uşaqlar çoxdur, amma onların inkişafı yalnız müəyyən həddə qədər mümkündür. Çünki rayonda böyüklərdən ibarət komanda yoxdur. «15 yaşında futbol məktəbini bitirən perspektivli uşaqlar qalırlar ortada. Gedirlər hərbi xidmətə, hərbi xidmətdən sonra isə görürlər ki, rayonda oynamağa komanda yoxdur, çörək pulu qazanmaq üçün gedib özlərinə ayrı bir iş tapırlar». Vidadi Salmanovı deyir ki, sovet dövründən bəri Azərbaycanda futbol əsasən böyük şəhərlərdə inkişaf etdirilir. Onun fikrincə, belə inkişaf birtərəflidir və Azərbaycan futbolunun yüksək nəticələr göstərməməsinin əsas səbəbi bölgələrdə futbola lazımınca diqqət ayrılmamasıdır. O indi milli komandanın zəif çıxışlarını səbəbini uşaq futbolunun aşağı səviyyədə olmasında görür.


13 yaşlı Rauf da peşəkar futbolçu olmaq istəyir. Amma bu istəyinin həyata keçməsi təkcə onun özündən asılı deyil və o deyəsən bunu özü də anlayır.


«- Yarışların sayı az olur. Bakıda olur, amma bizi çağırmırlar.


- Sən böyüyüb hansı komandada oynamaq istəyirsən?


- Bakıda…»


Məhsul var, müştəri yox


Cəlilabaddan keçən şose yolu boyunca az qala hər addımbaşı kartof satılır. Kartof yol kənarındakı sahələrindən çıxarılır, zənbillərə doldurulur və səliqəylə yol boyu düzülür. Amma əgər yolüstü təzə çıxarılma kartof almaq qərarına gəlsəniz, mütləq yoxlayın, qurdlu olmadığına əmin olub alın. Burada yüzlərlə hektar ərazidə kartof əkilir və məhsulun heç də hamısına müştəri tapmaq olmur. Ona görə də yerdən çıxarılmalı kartofun bir hissəsi torpaq altında saxlanır. Belə olanda isə kartofa qurd düşməsi ehtimalı artır. Burada əhalinin böyük hissəsi kartofçuluqla məşğuldur. Kartof Bakıya və Rusiyanın müxtəlif şəhərlərinə də aparılır. Kartofçuluq gəlirli sahə olsa da, rayonda tədarük məntəqələri yoxdur. Yəni məhsulun satışı ilə də kəndli özü məşğul olmağa məcburdur.


Sovet hakimiyyətinin son illərində başlanan alqokola qarşı kampaniya Cəlilabadın iqtisadiyyatına böyük zərbə vurub, üzümlüklərin çox hissəsi məhv edilib. Üzümçülüyə son zərbə isə kolxozlar dağılanda vuruldu. Yerli sakinlərin dediyinə görə, bəzi vəzifəli şəxslərin üzümlüklərdəki minlərlə beton dirəyə gözü düşdü. Qaz təchizatı probleminə görə, yerli əhali də üzüm tənəklərindən odun kimi istifadə etdi. Amma son illər rayonda yeni üzümlüklər salınmağa başlanıb. Fransanın «Kastel» şirkəti rayonda yüzlərlə hektar sahə icarəyə götürərək üzümlüklər salıb.


Üzümçülük Cəlilabadın iqliminə çox uyğundur, az suvarma tələb edir. Süni suvarma sistemi inkişaf etmədiyi üçün bir çox yerli sakinlər də taxılçılığın da, kartofçuluğun da daşını atıb üzümçülüyə keçmək istərdi. Amma üzümlüyü salandan sonra onun məhsul verməsini üç il gözləmək lazımdı.



Göytəpə şəhəri, rus kilisəsi, 28 avqust 2006
Sakinlər deyirlər ki, üzümü əkmək üçün böyük pul lazımdı: «Üç il üzümə qulluq etmək lazımdı, bunun fəhləsinə pul ver, texnikaya pul ver…1 hektarı ilkin olaraq becərmək üçün 6000 dollar pul lazımdı».


Yerli camaat deyir ki, banklardan kredit götürüb bu işə girişmək olar. Amma kredit götürəndən girov kimi Bakıda əmlak istəyirlər, bu isə onların imkanı xaricindədir. Üstəlik də kredit faizi yüksəkdir-bir ilə 18 faiz.


Söhbətimizin əvvəlində qeyd etdiyimiz göytəpəli Aleksandr Morozovun yaşı 70-i haqlasa da, bütün günü bağçasına qulluq edir. Qapıda onun «Şarik» adlı iti keşik çəkir. Soruşdum ki tək yaşayırsınız, dedi yox. Amma evdə heç kəs yox idi... «Bir mənəm»-dedi, «Bir də Allahım»... Evində «Bibliya» da vardı. Göytəpədəki rus kilsəsi fəaliyyət göstərmir, tarixi abidə kimi qorunur. Ona görə də Aleksandr Morozov bazar günləri özü kimi beş-altı nəfər ahılla bir evə yığışıb xristian adətlərinə uyğun Allaha ibadət edirlər.


Azərbaycanlı qonşuları «Ded Moroz»u özlərininki sayırlar. Hətta Novruz sovqatı da göndərirlər ona: «Deyirəm ki, mənə pay göndərməyin. Axı bizim evdə biş-düş eləməyə adam yoxdur. Sənə nəsə gətirirlərsə, sən də gərək qabı boş qaytarmayasan. Adət belədi…»


Əvvəllər Aleksandr Morozovun da evindən qonşulara sovqat gedərdi. Amma beş il əvvəl həyat yoldaşı və oğulluğu onu tərk edib Rusiyanın Sankt-Peterburq şəhərinə köçüblər. O isə heç yerə getmək fikrində deyil: «Mənim dədə-babam burda yaşayıb, mən də burda yaşayacağam. Bura mənim vətənimdi».


XS
SM
MD
LG