«İran» qəzeti mayın 12-də azərbaycanlıları təhqir edən karikatura dərc etməklə İran Azərbaycanının bütün şəhərlərində kütləvi etiraz aksiyalarına səbəb olmuşdu. Günlərlə davam edən bu aksiyalar bir çox insanın ölümü və yüzlərlə fəalın tutulması ilə nəticələnib.
Bu aksiyalardan bir həftə sonra – mayın 23-də Mətbuata Nəzarət Komissiyası növbədənkənar iclas keçirərək «İran» qəzetinin müvəqqəti bağlanması və bu haqda cinayət işi qaldırılmasına qərar verib.
Avqustun 12-də Tehranın cəza məhkəməsi qəzetin məsul katibi Qulamhüseyn İslamifərə qarşı bütün ittihamları əsassız sayaraq, onu məsuliyyətdən azad edib.
Karikatura qalmaqalının ən əsas səbəbkarları – karikaturanın rəssamı Mana Nistani və «İran» qəzetinin baş redaktoru Mehrdad Qasımfərin məhkəməsi qabaqcadan sentyabrın 7-nə təyin edilsə də, indiyədək baş tutmayıb. Səbəblər barədə məlumat verilmir.