Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:36

Xaricdəki Azərbaycandilli media


Azərbaycanlı Gənclər Klubu Londonda həftədə bir dəfə «Salam gətirmişəm» adlı Azərbaycan dilində radioverilişi aparırlar
Azərbaycanlı Gənclər Klubu Londonda həftədə bir dəfə «Salam gətirmişəm» adlı Azərbaycan dilində radioverilişi aparırlar

«Qlobus» xaricdəki Azərbaycandilli media ilə tanışlığı davam etdirir. 2001-ci ilin ortalarında Almaniyanın Hannover şəhərində «Araz» radiosu yayımlanmağa başlayıb. Radionun aparıcılarından biri Nadir Bağırzadə deyir ki, Hannoverdəki Flora studiyasında bu şəhərdə yaşayan xaricilərə həftədə bir dəfə öz dillərində veriliş yaymağa imkan yaradılıb. «Araz» radiosu həftə sonu bir saat ərzində efirə çıxır. Nadir Bağırzadənin sözlərinə görə, «Araz» verilişini aparanlar üçün bu radio işi əsas məşğuliyyətlərindən kənar bir hobbidir. Verilişdə əsasən İran azərbaycanlılarının mədəni hüquqları ilə bağlı məsələlər barədə söhbət gedir.


Hannover Almaniyada azərbaycanlıların ən çox yaşadığı şəhərlərdən biridir, Nadir Bağırzadənin sözlərinə görə, bu şəhərdə təxminən 3000-nə yaxın azərbaycanlı yaşayır, onlar ən müxtəlif sahələrdə çalışırlar.


Gənclər Klubunun internet səhifəsi


Bu günlərdə Londondakı Azərbaycanlı Gənclər Klubunun internet səhifəsi açılıb. İnternet səhifəsini hazırlayanlardan biri Gənclər Klubunun üzvü, Londonun Metropoliten universitetinin tələbəsi Mina Əfəndizadə deyir ki, hazırda internet səhifəsində klubun fəaliyyəti işıqlandırılır, yaxın gələcəkdə isə onlar Britaniyadakı Azərbaycan diasporu haqqında məlumatları toplayıb saytda yerləşdirəcəklər. Gənclər Klubu Londonda həftədə bir dəfə «Salam gətirmişəm» adlı Azərbaycan dilində radioverilişi aparır. Mina Əfəndizadə deyir ki, radio, internet və Gənclər Klubundakı bütün işləri onlar könüllü yerinə yetirilər.


Keçmiş «Müsavat»çı İsveçrədə


«Qlobus»un daha bir süjeti İsveçrədəndir. Valeh İbrahimov 2003-cü il prezident seçkilərindən sonra siyasi səbəblərə görə Azərbaycanı tərk edib və indi İsveçrə hökumətindən sığınacaq gözləyir.


Deyir ki, 2005-ci il parlament seçkilərindən sonra üzv olduğu Müsavat partiyasını tərk edib, hazırda Daxili İşlər nazirinin keçmiş müavini mərhum Rövşən Cavadovun qardaşı, 11 il xaricdə yaşayan Mahir Cavadovun Təkamül partiyasının İsveçrədəki təmsilçisidir.


Aurix şəhərində azərbaycanlı həkim


«Qlobus»un axırıncı qonağı Almaniyadan Təranə Məmməddir. Təranə xanım 7 il əvvəl ailə vəziyyətiylə bağlı Almaniyaya köçüb, indi Almaniyanın Aurix şəhərində xəstəxanada çalışır. Deyir ki, bu ölkədə bir həkim kimi işləməyə başlamaq üçün çox böyük çətinliklərdən keçib və bu təxminən beş il vaxt aparıb, yəni o, diplomunu təsdiq etməli, alman dilini mükəmməl öyrənməli və bir həkim kimi özünü tanıtmalıydı. Amma indi Təranə xanım işindən razıdır. Deyir ki, uşaqları ilə bir yerdə Azərbaycanın təbliği üçün də işlər görür.



ƏTRAFLI DİNLƏYİN!


XS
SM
MD
LG