Vəhşi quşlarda «quş qripi» virusunun müayinəsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni laboratoriya quraşdırılacaq. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, PSR laboratoriyası Dövlət Baytarlıq Xidmətində quraşdırılmış eyni adlı laboratoriya ilə müqayisədə bir sıra üstünlüklərə malikdir.
PSR tipli laboratoriya Azərbaycanda ilk dəfə bu ilin fevralında «quş qripi» xəstəliyi təhlükəsi yarandıqda quraşdırılmışdı. Həmin laboratoriyada yalnız H5 virusunu müəyyənləşdirmək mümkündür. Dolğun müayinə üçün yerli laboratoriya Londona müraciət etməli olurdu.
Quşların miqrasiyası başladığından, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Baytarlıq Xidməti ilə birgə oktyabrda növbəti monitorinq keçirəcək.
Bu ilin avqustunda keçirilmiş monitorinqin nəticələrinə görə, Azərbaycanda nə ev, nə də çöl quşlarında «quş qripi» virusu aşkarlanmayıb.