Sentyabrın 19-da ATƏT «Sərbəst Toplaşmaq Azadlığı haqqında» qanunun müzakirəsini keçirir. ATƏT-in Bakı ofisindən verilən məlumata görə, tədbirdə hökumət nümayəndələri, ATƏT və Avropa Şurası Venesiya Komissiyasının ekspertləri iştirak edir. Tədbirə müxalifət partiyalarından nümayəndələr çağırılmayıb. Dəyirmi masada «Sərbəst Toplaşma Azadlığı haqqında» qanuna ekspert rəyi, başqa ölkələrdə sərbəst toplaşma hüququnun necə həyata keçirilməsi müzakirə olunur.
ATƏT son bir ildə keçirilmiş kütləvi aksiyaların monitorinqini aparıb və bu gün həmin monitorinqin nəticələri müzakirəyə çıxarılır. Hələlik hökumət rəsmiləri bu müzakirələrlə bağlı söz deməyə tələsmir, danışıqlara açıq olduğunu bildirir.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı isə qanunun müzakirəsinə ehtiyac görmür. Onun sözlərinə görə, bu qanun Milli Məclisdə qəbul edilib və fəaliyyətdə olan qanundur. Bu cür təkliflər yalnız parlament səviyyəsində müzakirə oluna bilər. Cənab Qurbanlı deyir ki, bütün dünya ölkələrində ATƏT-in AŞ-nin, BMT-nin konvensiyalarına uyğun, sərbəst toplaşma azadlığını məhdudlaşdıran elementlər var: «Sərbəst toplaşma azadlığına məhdudiyyət yoxdursa, niyə Romada anti-qlobalistləri döyüb-dağıdırlar və yaxud radikalların qabağı alınır?»
Hüquqşünas Yavər Hüseynlinin fikrincə isə, əslində sözügedən qanunun müəyyən maddələrindən müxalifətin aksiyalarına süni maneələr yaratmaq üçün istifadə olunur. Bu maneələri aradan qaldırmağın ən asan yolu başqa ölkələrin təcrübəsindən istifadədir: «Bəzi ölkələrdə konkret yerlər var ki, orda aksiyalar keçirmək olmaz. Başqa yerlərdə aksiya keçirmək üçünsə yalnız bir neçə gün əvvəldən müraciət edirlər ki, orda mühafizə tədbirləri görülsün.
ATƏT-in 6 noyabr parlament seçkilərindən sonra Azərbaycan hökumətinə tövsiyələrindən biri sözügedən qanuna dəyişikliklərlə bağlı idi. Təklif olunurdu ki, yerli icra hakimiyyətlərinin siyasi toplantıların qarşısını almaq səlahiyyətləri məhdudlaşdırılsın. Eyni zamanda seçki müddətində sərbəst toplaşma azadlığına tam hörmət edilsin».
Avropa Şurası Venesiya Komissiyasının ekspertləri də Sərbəst Toplaşmaq azadlığı haqqında qanuna düzəlişlər üzərində işləyirlər.