Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının sentyabrın 23-də sosial tələblərlə keçirmək istədiyi yürüş-mitinqə icazə verməyib. İcra hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, şəhər rəhbərliyi hökumətin sosial problemlərlə məşğul olduğunu bildirib, buna görə də aksiyanın keçirilməsini məqsədəuyğun saymır. Müsavat Partiyasının başqanı İsa Qəmbər isə dedi ki, icazə verilmədiyi üçün bu aksiyanı keçirməyəcəklər, ancaq şəhər rəhbərliyinin cavabı da onları qane etmədiyi üçün məhkəməyə müraciət edəcəklər: «Biz hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik, eyni zamanda kütləvi tədbirlərin keçirilməsiylə bağlı müraciətlərimizi davam etdirəcəyik».
Bakı Şəhər İcra Hakimiyyəti Milli İstiqlal Partiyasının da sentyabrın 22-də İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirməsinə razılıq verməyib. Bu partiya həmin aksiya ilə İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına etiraz etmək istədiyini deyir. Amma şəhər rəhbərliyinin razılığı olmasa da AMİP piketi keçirməkdə israrlıdır.
Bakı şəhər rəhbərliyi Müasir Müsavat Partiyasının da korrupsiyaya etirazla bağlı keçirmək istədiyi mitinqinə icazə verməyib. Bu partiyanın sədri Hafiz Hacıyev də məhkəməyə müraciət edəcəyini deyir.
Bakıda müxalifətin etiraz mitinqləri sonuncu dəfə ötən il keçirilib. Noyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinə etirazla bağlı keçirilən sonuncu mitinqdə polis aksiyanı dağıdandan sonra etiraz aksiyalarının keçirilməsinə icazə verilmir.