- Bu günlərdə mətbuatda belə bir fikrinizlə tanış olduq ki, əsas məsələ qanunları icra etmək üçün lazım olan siyasi iradədir. Onda belə bir sual yaranır. Bu iradə ortada niyə yoxdu?
- Avropa Şurası, ATƏT və digər beynəlxalq institutların nümayəndələri ilə keçirdiyimiz görüşlərdə bu məsələnin üzərinə dəfələrlə qayıtmışam. Bəzən Avropanın ən qabaqcıl ölkəsində mövcud olan qanunu olduğu kimi köçürüb, Azərbaycan dilinə çevirib bizim qanunvericilik praktikasının bəzi tələblərini nəzərə alaraq qəbul edirik. Və bizdə problem yaranır. Deməli qanunda günah yoxdur. Avropa ölkələrində eyni qanunla işləyirlər, heç bir problem də olmur. Burada qanunu icra edən adamlarda günah var. Sərbəst toplaşmaq haqqında qanunda hər şey normal nəzərə alınıb. Ya mer həddən artıq iradə nümayiş etdirir bəzi kütləvi yürüşləri, mitinqləri məhdudlaşdırır, ya da müxalifət həddən artıq maksimalist tələblərdə olur. Bu da dövlət təhlükəsizliyi məsələləri ilə bağlı mövcud icra hakimiyyətinin o addıma getməsinə imkan vermir. Çünki qanunda bəzi məhdudlaşdırıcı müddəalar var. Müxalifət istədiyi vaxt, istədiyi yerdə mitinq keçirmək hüququna malik deyil. Onların mitinq keçirmək hüququ var, lakin istədiyi yeri, istədiyi məkanı icra hakimiyyəti ilə razılaşdırmalıdır. Çünki həmin zaman başqa insanların hüquqları, dövlət təhlükəsizliyi, sabitlik və digər məsələlər nəzərə alınmalıdır. Amma bizdə məhdudiyyətlər daha qabarıq şəkildə büruzə verir. Ola bilsin qanunların icrasını bacarmırıq. Bunu deyərkən mən onu nəzərdə çatdırmaq istərdim ki, ola bilsin bizdə qanunlar çox gözəldir, bütün standartlara cavab verir. Qanununda gözəlliyi ondadır ki, bütün nüansları nəzərə alır və boşluq qoymur. Amma bizim qanunları icra praktikamız çatmır. Bəzi yerdə zəiflikmi göstəririk, bəzi yerdə iradəsizlikmi göstəririk, bəzi yerdə həddən artıq qanunun sərt tələblərini mexaniki yerinə yetiririk.
- Bəlkə buna dövlət nəzarətinin zəifliyi və korrupsiyanın böyük olması təsir göstərir. Necə deyərlər, qanunlar var, pis qanunlar da deyil, ancaq icra olunmur?
- Bunun korrupsiya ilə əlaqəsi yoxdur. Korrupsiya başqa məsələdir, daha çox iqtisadi sferada baş verən hadisələrdir. Bu daha çox qanunlara əməl olunma praktikasının zəifliyidir. Ola bilsin bizim müxalifət də Qərb müxalifəti deyil. Və bəlkə də onlar qəsdən həddən artıq maksimalist tələblər irəli sürürlər ki, icra hakimiyyəti buna icazə verməyəcək və bunlar özlərinin bəyan elədikləri kimi istədiklərinə çatacaqlar. Dünya ictimaiyyətinin diqqətini cəlb edəcəklər.
- Azərbaycanın özünün fərqli inkişaf yolu var, təxminən 2005-ci il seçkilərinin əvvəlindən ortaya çıxmış tezisdir. O zaman ortaya çıxdı ki, cəmiyyətdə «rəngli inqilab»ın baş verməsi haqqında çoxlu söhbət gedirdi. Doğrudanmı hakimiyyət belə bir təhlükə hiss edirdi? Azərbaycanda belə bir ssenari var idimi?
- Bu ssenarini daha çox müxalifət mətbuatı və müxalifət siyasətçiləri nümayişkaranə şəkildə deyir və təbliğ edirdilər. Guya qonşu ölkələrdə bu siyasət başlayıb, ABŞ-ın bütün beynəlxalq aləmdə qlobal siyasətin mahiyyəti ondan ibarətdir ki, postsovet ölkələrinin hamısında yenidən ikinci bir hakimiyyət dəyişikliyi etsin. Onların dili ilə desək demokratik qüvvələri hakimiyyətə gətirsin. Yəni bunu daha çox müxalifət bəzi qərb politoloqlarına istinad edib deyirdilər ki, Azərbaycanda mütləq çəhrayı inqilab baş verməlidir. Nədir bu çəhrayı inqilab? «Mövcud hakimiyyət zorla, yaxud seçki yolu ilə devrilməli və biz gəlməliyik». Ona görə də biz bunlara reaksiya olaraq bəyan edirdik ki, Azərbaycanda bu mümkün deyil. Mümkün deyil deyəndə biz onu nəzərə almırdıq ki, belə qüvvələr yoxdur. Belələri var idi. Daxildə də, xaricdə də. Bura Polşadan, Ukraynadan müəyyən qüvvələr, ictimai birliklər gəlmək istəyirdilər. Dəfələrlə müxalifət partiyaların rəhbərləri Varşavaya, Ukraynaya dəvət olunub orada treninqlər keçmişdilər. Bizim əlimizdə bu faktlar var. Onlar hamısı toplanmışdı ki, seçki dövrü gəlsinlər Azərbaycana, burada təbliğati və təşkilati işləri həyata keçirsinlər. Biz nəyə görə bəyan edirdik ki, bu Azərbaycanda mümkün deyil? Əvvəla Ukraynada, Gürcüstandakı proseslər Azərbaycanda 1991-93-cü illərdə baş vermişdi. Ukraynada mövcud hakimiyyət sovetdən qalma idi. Hakimiyyət varisliyi məsələsi var idi, o da tez-tez dəyişirdi. Ukrayna prezidentinin iki varisi var idi. Bu iki adamın arasındakı münasibətlər, onların sosial bazası təxminən eyni səviyyədə idi. Necə deyərlər, əlli-əlliyə. Seçkilər də bunu göstərdi. Ona görə də bu 3-5 faizi narıncı rəngə boyamaq asan idi. Gürcüstanda da belə oldu. Şeverdnadze Sovet dövründən qalma rəhbər idi, o da gələn il seçkilərdə iştirak etməyəcəyini bəyan etmişdi. Artıq yeni varislər gəlməli idi. Maraqlı qüvvələr arasında da kimin gələcəyi mübarizə obyektinə çevrilmişdi. Burada da hakimiyyət uğrunda mübarizə aparan iki-üç qüvvənin arasındakı səs bölgüsü də təxminən eyni proqnozlaşdırılırdı. Ona görə də burada da mümkün idi ki, 3-5 faiz fəal kontingenti cəmləşdirib hansısa istiqamətə yönəltməklə liderlərdən kimi isə hakimiyyətə oturtmaq mümkün olsun. Azərbaycanda isə vəziyyət fərqlənirdi. İlham Əliyev prezident seçkilərində kifayət qədər böyük səs çoxluğu ilə qalib gəlmişdi. Ona görə də Azərbaycanda prezident seçkilərində heç bir şey edə bilməyib parlament seçkilərində nəyə isə nail olmaq qeyri mümkün idi. Digər tərəfdən, iqtisadi, komanda daxili vəziyyət fərqli idi. Azərbaycanda mobil bir komanda var idi, bir də bu komandaya qarşı mübarizə aparan müxalifət.
- Hər halda, ya zəlzələdən, ya vəlvələdən. Hər halda həmin dövrdə bu tezis ortaya qoyuldu ki, Azərbaycanın öz yolu var, o heç kəsin yolu ilə getməyəcək. Deyirlər ki, iki halda daha çox yalan söylənir: bir ovdan qayıdanda, bir də seçkiyə gedəndə. Məhz həmin dövrə düşdüyü üçün istəyirəm biləm ki, bu bir seçki texnologiyasından doğmuş bir tezis idi ya, bunun çox real çərçivələri vardı. Azərbaycan variantı nədir, hansı yollarla, hansı islahatlarla biz ona gedəcəyik, nə zaman planlaşdırılır ki, biz ona çatacağıq? Məqsədimiz, hədəfimiz nədir?
- Vətəndaşların hamısının intellekti eyni səviyyədə deyil. İnsanlar bəzən ortada bir adamın söylədiklərinə inanırlar və öz gələcək planlarını ona görə qururlar. Belə təəssürat var idi ki, Qərbdən gələcəklər, İlham Əliyevi hakimiyyətdən götürüb hansısa müxalifət nümayəndəsini təyin edəcəklər. Və yaxud da deyirdilər ki, burada baş verən proseslər boş şeydir Amerika kimi istəsə o da prezident olacaq. Digər bir qüvvə isə deyirdi ki, yox, ruslar kimi istəsə o da prezident olacaq. İnsanları belə çaşdırırdılar. Bu da ona gətirib çıxarırdı ki, millətin müəyyən təbəqəsi çaş-baş qalırdı. Prosesləri ağılla idarə etmək imkanına malik olmayanlar bilmirdilər kimə səs versinlər. Ona görə də biz «Azərbaycanın öz yolu var» deyəndə onu demək istəyirdik ki, nə Rusiya, nə də Amerika prezident seçməyəcək. Azərbaycanda seçicilərin öz iradəsini ifadə etməsi üçün şərait yaradılacaq. Xarici təşkilatlar tərəfindən sorğular keçirmişdik. Onların nəticəsindən bilirdik ki, xalqın 70 faizi İlham Əliyevi dəstəkləyir. İstənilən formanı geyinməsindən asılı olmayaraq müxalifətin isə qalib gəlmə ehtimalının sıfıra bərabər idi.
- İndi irəliyə baxsaq, hansı islahatlar nəzərdə tutulur, məqsəd, hədəf və zaman məfhumları varmı?
- Sonrakı məqsədimiz Azərbaycan xalqına firavan bir həyat bəxş etmək, işğal olunmuş torpaqları qaytarmaqdır. Prezidentin seçki dövrü bəyan elədiyi şüarlar, ortaya oyduğu məsələlər konkret fəaliyyət proqramlarına çevrilib, həyata keçirilir.
- Bugünkü hakimiyyətin məhz Azərbaycanın inkişafına nail olmasında əsas problemi nədə görürsünüz?
- İnsanların mentalitetini dəyişməkdə. Misal üçün bir məktəbin direktorundan şikayətlənirlər ki, düzgün işləmir. Onu dəyişib başqasını qoyuruq, heç nə dəyişmir. Yəni burada qanun qəbul eləmək, kadr dəyişmək, insanları islah eləmək deyil. Onları demokratik dövlətdə işləməyə və öz maddi-mənəvi ehtiyaclarını təmin etməyə öyrətmək lazımdı. Bu dövlət bizimdi. Hər şey dövlətə yox, millətə xidmət eləməlidir. İnanırsınızmı, hərdən mən MİS-ə gedib arayış alıram, çıxanda elə bilirəm ki, mən pul verməliyəm. İnsanların təfəkküründə belə bir şey qalıb ki, kimdən nə alırsansa ona pul verməlisən. Bu tip halları qaldırsaq inanın ki, iqtidarımız da yaxşı iqtidar olar, müxalifətimiz də.
- Qədim Roma tarixçilərindən biri yazırdı ki, partiyalararası mübarizə həmişə xalq üçün epidemiyadan, müharibədən, aclıqdan, Allahın istənilən başqa qəzəblərindən daha təhlükəli olub və olacaq. Biz əgər gələcək Azərbaycandan danışırıqsa bu münasibətlər necə formalaşacaq? İqtidar-müxalifət münasibətlərindəki təhlükə mənbəyi var, həmişə barışmaz tərəflərdir. Azərbaycanda hakimiyyət-müxalifət münasibətlərində dəyişiklik olacaqmı?
- Məşhur ingilis dövlət xadimlərindən biri isə deyirdi ki, demokratiya dövlət idarə üsulunun ən pis variantıdır, təəssüf ki, ingilis xalqı bunu seçdi. Demokratik cəmiyyətdə partiyalararası mübarizə qaçılmazdır. Hər bir partiya müəyyən təbəqəni öz ətrafında cəmləşdirərək onların maraqlarının ifadəçisi kimi çıxış edərək bir ictimai instituta çevrilir. Onların məqsədi mövcud hakimiyyəti ələ almaq, öz proqramlarını həyata keçirmək, öz tərəfdarlarının maddi-mənəvi ehtiyaclarını həyata keçirməkdir. Bizdə də belədir. Partiyalararası münasibətlər həmişə rəqabət əsasında qurulub, qurulur və qurulacaq. Təəssüf ki, keçid dövrünü yaşayan, bir iqtisadi sistemdən digərinə keçən ölkələrdə mübarizə yox, müharibə olur. Hakimiyyətə gələnlərin borcudur ki, tək öz tərəfdarlarının yox, bütün ölkənin tələblərini həyata keçirsin. O mənada bizim müxalifətlə dialoqa ehtiyacımız var. İstəyirik ki, müxalifətdəki, yaxşı fikirləri götürək həyata keçirək. Onların da istədiyini edək. İnanıram ki, gələcəkdə uduzan da, udan da istədiyini alacaq.
- Bunun üçün daha böyük resurslara malik olan tərəf kimi hansısa addımlar atmağa hazırsınızmı?
- Biz dəfələrlə bəyan etmişik ki, müxalifət də yeniləşməlidir. Yeniləşin, söz azadlığını qəbul etsin, cəmiyyətdə tənqidə dözümlü olsun, demokratik idarəçilik prinsiplərini mənimsəsin və həyata keçirsin... Onların hakimiyyətə serial tələbləri var.