Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:46

Blair-in Azərbaycanda müşavir olmasının sirri


Tony Blair
Tony Blair

-

Bir həftə əvvəl Britaniya qəzetləri keçmiş baş nazir Tony Blair-in Azərbaycan qazını Avropaya çıxaracaq kəmər konsorsiumuna müşavir gətirilməsi barədə yazırdılar.

Xəbər verilirdi ki, çox böyük siyasət və ticarət səriştəsinə malik keçmiş baş nazirin bu vəzifəyə gətirilməsinin təşəbbüskarı Britaniyanın BP və Azərbaycanın SOCAR şirkətləri olub.

BP-nin rəhbərlik etdiyi konsorsium bildirirdi ki, Blair-in keçmiş təcrübəsindən və hazırkı nüfuzundan Şahdəniz-2 qazını Avropaya çıxarmalı olan kəmərin qarşısına çıxacaq siyasi, ətraf mühit və sosial çətinlikləri aradan qaldırmaq üçün istifadə olunacaq.

İndi isə «The Guardian» bu qabiliyyət və səriştədən konkret olaraq harada və necə istifadə olunacağından yazıb.

Qəzet «Şahdəniz-2» layihəsi haqqında yazarkən vurğulayır ki, yaranmış qarşıdurmanın bir tərəfində BP də daxil olmaqla qüdrətli konsorsium, Tony Blair və keçmiş sovet respublikasının avtoritar lideri, digər tərəfində isə…Apuliya zeytunçularını görmək olar.

Şahdəniz 2 ilə bağlı beynəlxalq konsorsiumun nümayəndələri investisiya razılaşmasını imzalayır
Şahdəniz 2 ilə bağlı beynəlxalq konsorsiumun nümayəndələri investisiya razılaşmasını imzalayır

«The Guardian» yazır ki, Britaniyanın keçmiş baş nazirinin Azərbaycan qazını 3200 kilometrlik Transadriatik kəməri (TAP) ilə Mərkəzi Avropaya nəql edəcək konsorsiuma müşavir olması həmin kəmərin çatacağı son məntəqədə - İtaliyanın cənubunda yaşayanların hiddətinə səbəb olub.

Məqalədə deyilir ki, «Azərbaycanın ziddiyyətli prezidenti İlham Əliyevin sevimli layihəsi» olan bu kəmər bir neçə ildir Apuliya regionunun yerli əhalisinin qəzəbinə səbəb olub. Adamlar tikintisi 2016-cı ildə başa çatacaq kəmərə etiraz edir, mitinqlərə çıxır və nümayişlər keçirirlər.

SUİTİLƏRİN İNTİM HƏYATINA HÖRMƏT EDİLƏCƏK

Məhz bu etirazların nəticəsi olaraq kəmərin sahilə Brindizidə çıxması ideyasından əl çəkilib. Əvəzində yeni marşruta görə kəmər sahilə daha az əhaliyə malik Melendunyoda çıxmalıdır.

Lakin ətraf mühit fəalları deyirlər ki, dəyişiklik UNESCO-nun siyahısında olan iki abidəsi ilə Apuliyanı təhlükələrdən xilas etməyəcək.

Konsorsium kəmərin yerli içməli su kəmərləri üçün təhlükə yaratdığına dair iddiaları rədd edir.

Başqa tənqidçilər isə bildirirlər ki, kəmər Aralıq dənizinin nadir heyvanları olan ağqarın suitilərin yaşayış mühitinə dağıdıcı təsir göstərəcək.

Konsorsium buna cavab olaraq bildirir ki, yay aylarında və suitilərin cütləşmə mövsümlərində sahildə tikinti işləri dayandırılacaq.

YENƏ DƏ ZEYTUNLUQ

TAP həmçinin 150 ailəyə məxsus zeytun ağaclarının başqa əraziyə köçürüləcəyini vəd edir.

Lakin bu halda da ətraf mühit fəalları etiraz edərək deyirlər ki, bu ağaclardan bəzilərinin 2000 yaşı var və köçürmə onları məhv edə bilər.

«Aralıq dənizinin ən bakirə guşəsində belə bir kəmərin tikintisi absurddur. Tony Blair torpaqların, dənizlərin, təbii sərvətlərin qorunub saxlanmasını və övladlarına ötürülməsini istəyən icmalara qarşı çıxıb», İtaliya fəallarından Elena Gerebizza belə deyir.

Melendunyonun bəzi sakinləri ümidsizdirlər. Onlar deyirlər ki, yoxsul olduqları üçün heç kəs onlara qulaq asmayacaq.

«The Guardian» İtaliya sahillərində istirahət etməyi sevən Blair-ə Apuliya sahillərində gözə dəyməməyi məsləhət görür. Burada bəzi fəallar kəmərin tikintisinə mane olmaq üçün özlərini qayalara zəncirləməyi qərara alıblar.

İNSAN HAQLARI VƏ UCUZ QAZ

TAP bildirir ki, yerli əhalinin narazılığı şişirdilir və çoxluq inanır ki, qaz kəməri yerli mənzərəyə qətiyyən xələl gətirməyəcək, əksinə, qazın qiyməti bütün İtaliyada düşəcək.

Bununla belə qəzet yazır ki, ən çətin danışıqlar zeytun yetişdirənlərlə olacaq. Daha doğrusu, bir dəfə danışıq cəhdi olub və TAP-ın işçilərinin ərazidən salamat çıxması üçün onları 50 italyan hərbi polisi müşayiət edib.

Lakin TAP da yolundan dönmək niyyətində deyil. Şirkət Apuliyada bir neçə festivalın keçirilməsini maliyyələşdirib və bu işə 365 milyon avro xərcləyib.

Ancaq bu da başağrısız keçməyib. Bəzi tanınmış sənətçilər TAP-ın adı yazılan səhnəyə çıxmaqdan imtina ediblər.

«The Guardian» yazır ki, bu kəmərin tikilməsi Əliyev üçün həyati məna daşıyır, belə ki Azərbaycan qazı neftdən gələn gəlirlərin azalmasını kompensasiya etməlidir. Hərçənd Avropa da bu kəmərin hesabına Rusiyadan asılılığını azaldacaq.

Məqalədə deyilir ki, Blair-in bu vəzifəyə gətirilməsinə insan haqları qrupları da müsbət baxmırlar.

Onlar deyirlər ki, «qaz kəməri Azərbaycanı öz feodal mülkləri kimi idarə edən Əliyevlərin mövqeyini möhkəmləndirəcək».

«The Guardian» yazır ki, cənab Blair-in ofisindən tənqidlərlə bağlı şərh almaq mümkün olmayıb.

XS
SM
MD
LG