-
Pərvanə Rəhimova
CIRCIRAMA, QANAYAN ÜMİDİM VƏ SƏSSİZ GECƏ...
Saatın əqrəbləri çılğıncasına rəqs edir
Tıq... Tıq... Tıq...
Əqrəblər dəlicəsinə üçü döyəcləyir.
Cırcıramalar da oyaqdır.
Gecənin səssizliyinə sarılıb
yuxuya meydan oxuyuram.
Pəncərəmdən kədərlə aya baxıb
işığına, ləkəsinə söz toxuyuram...
Darıxdım lap...
Kağızdan bir ev qurdum düşüncəmdə
Yaşadım bu evdə xoşbəxtcəsinə
Kağız divarımı
Söküb parçaldım ərinmədən.
Bir quş düzəldib qanad oldum
azadlığı dadım deyə
fəzalara uçurdum.
Şəkərli qəhvə içirəm heç sevmədən...
Arada bir səssizliyi öldürməkçün
hücuma keçirəm:
barmaqlarım saçlarımla sevişə - sevişə
zümzümə edirəm.
Yoruldum... sıxıldım... əlimi laptopa uzadıram.
Feysbukda gəzişdim.
Hə... bir də sevgilimdən gözlərimə öpüş kimi səpilən
mesajlara göz atdım.
Dostları da unutmadım.
Diksindim... yaxınlıqda it hürdü bir-iki ağız.
Uzaq məhəllədən cavab gəldi.
Cırcıramlardan başqa
Yenə hər şey sükuta təslim oldu...
Uzandı dəqiqələr, işıqlı pəncərələr də azaldı.
Bax, bayaqdan beş idi, indi üç oldu!
Əllərimi ovuşdurdum... kirpiyimi didişdirim...
Gecə də mənim kimi əsəbi və gərgin.
Bitmək bilmir uzanan səssiz ağrısı.
Taq... taq... taq...
Səssizliyi qamçılayır
küçədəki yaxın səkidən gələn addım səsi,
nə qədər yorğun, üzgün və tədirgin!
Boylanıb qaranlığa gömülən addım səsini axtarıram.
Nəzərlərim
kölgə kimi sürünən yorğun bir qaraltını qucaqlayıb
gözdən itənəcən sığallayır...
Yəqin onun da özündən başqa yoxdur bir kəsi.
Evində olsaydı gözləyən
dəyərlisi, dəyərsizi, qədirbilən bir kimsəsi,
səbrsizlənərdi addım səsi.
Sükut... bir siqar ziyafəti verib
fikrimi dumanlatdım.
Yenə laptopa sarıldım.
Əttökən statusları paylaşan “dostları” blokladım.
Xəbər manşetlərinə darıldım.
Qanlı insan fotoları...
Fələstində körpələr öldürülmüş,
Cəsədləri yaşıl kəfənə bürünmüş.
Bir armuda görə min oyun!
Siyasətdir onun adı,
kreslodur onun dadı, fahişəlikdir məramı.
Siyasətin mehrabında neçə körpə ümidlər kəsilir
hər ayin zamanı.
Qurbanlıq qoyundur
zəif güclünün qarşında.
Siyasətin tanrısı xumarlanır
zavallı ümidlərin qanında.
Yenidən hücuma keçmək üçün,
Müharibələr etmək üçün
sabitlik yaradılır.
Ona da bu ad qoyulur: sülh və atəşkəs....
Rahat ol, qudurğan siyasət, əli qanlı pul düşkünü,
Diktatorlar, həşəratlar!
Şərab için, insanlığın ölümünə!
Aclıqdan, ya şiddətdən milyonlarla körpə ölsün!
Nə fərqi var?!
Vecinizə almayın!
Kefinizi soğanlayıb, kölgə belə saldırmayın!
Ayinləriniz “müqəddəsdir”!
“İraq cəhənnəmi xatırladır”, yazırlar.
Hardasa haqqını sevən qəribanı asırlar.
Baş kəsilir...
Əl kəsilir...
Söz kəsilir...
Eşq dilənir....
Manşetlərə tüpürüb laptopa yumruq atarkən
Diqqətim ilişib yıxıldı...
Dağılmış evlərin xarabalıqlarında
Hələ doğulmadan boğulan bir gələcək tikələnib.
Xarabalıqda palçıqdan evcik qurub oynayan
Iki cocuq eşələnir, daş parçasın gəvələyə-gəvələyə,
“Keçər”- deyir bir-birinə,
“Tanrı bizi sınayır, gileylənsək qınayar”...
Minik quşlar kimi toz-torpağın içində
Çörək qırıntıları toplayır.
Bir tıkla laptopu söndürdüm.
Nifrətim gözlərimdən hönkürdü.
Soyuqda gəzişən qəzəbli it kimi
Ora-bura vurnuxur, hürürdüm.
Pəncərəni, divarları döyəcləyib
Həm özümü, həm özgəni söyürdüm.
Ulduzların arasından ədaləti,
Tanrını aradım...
Səs tellərim üşüyənədək bağırdım.
Cavab gəlmədi.
Aya tərəf boylandım.
Yerdən bir daş götürüb
Bayaqdan sevdiyim ləkəsinə tulazladım.
Bir parça qara bulud sürünüb
Ayı qəzəbimdən, söyüşümdən qorumaq üçün
Qucağında gizlətdi.
Solğun-solğun gözdən itdi.
Sükut...
Yenə üçümüz baş-başa qaldıq:
Cırcırama, qanayan ümidim və səssiz gecə...
03.08.2014