Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:55

Humanitar yardımla dolu 280 maşın Ukraynaya yola düşüb


-

12 AVQUST - YÜK MAŞINLARI UKRAYNAYA YOLA DÜŞDÜ

Rusiyadan humanitar yardımla dolu 280 yük maşını Ukraynaya yola düşüb. Bu barədə avqustun 12-də «Itar-Tass» agentliyi məlumat yayıb. Moskvaətrafından yola düşən avtomobil karvanında ümumilikdə 2 min ton humanitar yardımın olduğu bildirilir. Moskva vilayət administrasiyasının məlumatına görə, Ukraynanın cənub-şərqindəki insanlar üçün nəzərdə tutulan yardıma 400 ton yarma, 100 tondan çox şəkər, 62 ton uşaq yeməyi, 54 ton dərman preparatları, 12 min yatacaq və s. avadanlıqlar daxildir.

Rusiya prezidenti Vladimir Putin Avropa Komissiyasının sədri Jose Manuel Barrosoya deyib ki, Rusiya Ukraynaya Qızıl Xaç Təşkilatının rəhbərliyi altında «humanitar konvoy» göndərir.

Barroso isə Putinə xəbərdarlıq edib ki, Ukraynada birtərəfli, o cümlədən humanitar addımlardan çəkinsin.

Rasmussen avqustun 11-də səhər demişdi ki, Rusiya humanitar yardım adı ilə Ukraynaya müdaxilə edə bilər.

Rusiyanın xarici işlər naziri Lavrov avqustun 11-də iddia edirdi ki, Moskva ilə Kiyev humanitar yardıma razılaşıblar. «Çox ümid edirik ki, bizim humanitar aksiyanı qərbli partnyorlarımız dayandırmayacaq».

Ancaq Ukrayna prezidenti Poroshenko dedi ki, Kiyev yalnız beynəlxalq humanitar yardıma və Rusiya hərbisinin müşayiət etmədiyi yardıma razıdır.

MOSKVA UKRAYNAYA HUMANİTAR YARDIM KARVANI GÖNDƏRMƏK İSTƏYİR

Moskva bəyan edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə Ukraynanın şərqinə humanitar yardım karvanı göndərməyi planlaşdırır.

Kiyevdə və Qərbdə narahatdırlar ki, Rusiya humanitar yardım adı ilə Ukraynaya hərbi müdaxilə edə bilər.

Karvanın dəqiq yola salınacağı vaxt göstərilməyib, Qırmızı Xaç Komitəsi isə bu bəyanata münasibət bildirməyib.

Kremlin bu bəyanatı Ukrayna hökumət qoşunlarının separatçıların son istehkamı olan Donetskə son dərəcə yaxınlaşdığı bir vaxtda səslənib.

POROSHENKO OBAMA İLƏ MƏSLƏHƏTLƏŞİB

Bundan bir qədər əvvəl Ukrayna prezidenti Petro Poroshenko bildirmişdi ki, Rusiyadan gələn humanitar yardım yalnız Qırmızı Xaç Komitəsi və Avropa İttifaqı kimi beynəlxalq qurumların müşayiəti ilə gətirilərsə, qəbul edilə bilər.

Barack Obama və Petro Poroshenko
Barack Obama və Petro Poroshenko

Poroshenko qeyd edib ki, Rusiyadan mümkün humanitar yardımın yalnız bu şəkildə gətirilməsinin məqsədəuyğunluğu məsələsini prezident Barack Obama ilə telefon danışığında da müzakirə edib.

Qərb xəbərdarlıq edib ki, Rusiyanın Ukraynaya hər hansı humanitar yardım pərdəsi altında hərbi kontingent göndərməsi müdaxilə hesab ediləcək.

Ukrayna tərəfi xəbər verir ki, Rusiya sərhəd boyunca 45 minlik əsgəri qüvvə toplayıb, NATO isə bildirib ki, Moskva Ukraynaya hərbi müdaxilə edə bilər.

MOSKVA YARDIMI KİYEVLƏ RAZILAŞDIRIB

Moskva tərəfindən verilmiş bəyanatdan əvvəl Rusiya prezidenti Vladimir Putin Avropa Komissiyasının rəhbəri Jose Manuel Barroso ilə telefonla söhbət edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, humanitar missiyanın detalları Ukrayna rəhbərliyi ilə razılaşdırılıb və Qərb partnyorları bu işi əngəlləməməlidirlər.

DONETSK HƏBSXANASI DAĞILIB

Bazar ertəsi səhər saatlarında Donetskdəki sərt rejimli həbsxananın üzərinə raketlər düşüb və yaranmış qiyamda 100-dək məhbus həbsxanadan qaça bilib.

Donetskdəki separatçıların liderləri bildiriblər ki, raket zərbələri nəticəsində azı bir məhbus həlak olub.

Dmitry Peskov
Dmitry Peskov

Bu arada Ukrayna rəhbərliyi ABŞ-la birlikdə separatçıların nəzarətində olan Luqanska humanitar yardım çatdırmaq niyyətindədir.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov Britaniyanın «The Guardian» qəzetinə bildirib ki, humanitar yardım karvanında heç bir hərbçi olmayacaq.

DONETSK UĞRUNDA HƏLLEDİCİ DÖYÜŞLƏR

Qəzet yazır ki, cəbhə xəttində Ukrayna qoşunları separatçıların ətrafında həlqəni daraltmaqda davam edirlər və qiyamçıların ikinci separatçı şəhər - Luqanskla əlaqələri kəsilib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andriy Lysenko deyib ki, hazırda Ukrayna qoşunları Donetsk üzərinə son və həlledici hücuma hazırlaşırlar.

Sözçü bildirib ki, Ukrayna qoşunları şəhərin ətraflarında qızğın döyüşlər aparır və son 24 saat ərzində tərəflər arasında 26 toqquşma qeydə alınıb.

Lysenko bildirib ki, son döyüşlərdə Ukrayna ordusunun 6 əsgəri həlak olub.

«The Guardian» yazır ki, məğlubiyyətlərinin yaxın olduğunu görən separatçılar rəhbərlikdə dəyişiklik ediblər.

Şəhər qubernatorunun postunu əslən ukraynalı Alexander Zakharchenko Rusiya vətəndaşı Alexander Borodai-dan qəbul edib və dərhal atəşkəsə çağırıb.

Kiyev atəşkəs çağırışını rədd edib və qiyamçılardan silahlarını yerə qoymağı tələb edib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andriy Lysenko məlumat verib ki, son dörd ayda hökumət qoşunları 568 əsgərini itirib.

XS
SM
MD
LG