Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:15

Nə vaxtacan «Apple»ın qarşısına «İŞİD»lə çıxmaq olar?


Elnur Astanbəyli
Elnur Astanbəyli

-

Niyə bir müsəlman ölkəsi deyincə göz önündə elm, bilgi adına heç nə canlanmadığı halda sadəcə, şallaq, dar ağacı, ələmuçuran, cinçıxaran gəlir ağıla?

Elnur Astanbəyli

APPLE, YOXSA İŞİD?

Bu gün müsəlman coğrafiyasına baxdıqda qandan başqa nə görürsünüz?

Təkbir sədaları altında kəsilən başlardan, bombaların alt-üst etdiyi şəhər xarabalıqlarından, viranə evlərin birinin uçuq divarının dibinə çöməlib dizlərini qucaqlayan bir uşağın məsum gözlərindən, yanaqları ilə süzülüb gedən göz yaşlarından başqa nə görürsünüz?

Dünyanın ən zəngin torpaqları üstündə dünyanın ən fəqir həyatını yaşayan insanlarının bitmək bilməyən çiləsindən, zillətindən başqa nə görürsünüz?

Səbəb?

Nə ABŞ, nə Avropa. Nə mason lojası, nə qeyri biri.

Səbəb yüz illər boyunca bəşəriyyəti tərəqqiyə götürən, son on illər ərzində isə az qala hər gün yeni bir çağa, yeni bir mərhələyə qovuşduran dəyərlərə qarşı nifrət duyğusudur. Sivil hüququ, demokratiyanı, azadlıqları, elmi, bilgini şeyxlərin, din yobazlarının, Islamı dünyanın ən bahalı oyuncaqlarına - şəxsi təyyarələrə, orta çağ hökmdarlarının belə ağzını sulandıracaq nəhəng, çoxqatlı imarətlərə sahib olmaq üçün əlində bayraq edən krallara, diktatorlara, onların çağdışı, insanlıq dışı hökmlərin asanlıqla dəyişmələridir.

“Bilmədən adamın ağzına milçək girməsi orucu pozmaz” - dünən Türkiyənin rəsmi din qurumu “Diyanət”in internet saytında bu fətva yayılarkən Islam coğrafiyasında daha nə qədər can getdi kim bilir, nə qədər qan axdı, daha nə qədər göz yaşı?

İŞİD-in öldürüb asdığı şəxs... Baquba, İraq
İŞİD-in öldürüb asdığı şəxs... Baquba, İraq

Daha nə qədər insan gözsüz, qolsuz, ayaqsız qaldı, kim bilir.

Kim bilir, daha nə qədər məsum uşaq xaraba evlərin uçulub-tökülmüş divarları dibinə çömələrək ağladı.

Səbəb?

Səbəb hansısa dünya supergüclərinin nüfuz savaşları-filan

İŞİD yaraqlısı öz "xilafəti"nin bayrağı ilə
İŞİD yaraqlısı öz "xilafəti"nin bayrağı ilə

deyil. Bu, olsa-olsa nəticədir.

Səbəb onillərdir, yüzillərdir bütün ağlını, zəkasını nəyin orucu pozub-pozmayacağını müəyyənləşdirməyə həsr edən, hesablayan müsəlman coğrafiyası xalqlarının bir dəfə də oturub, papaqlarını qarşılarına qoyub yüzillərdir dincliklərinin, rahatlıqlarının hər gün, hər an niyə pozulduğunu sorğulamamalarıdır.

Niyə ucsuz-bucaqsız islam coğrafiyasının heç bir qarışında ədalətli idarəetmə yoxdur?

Niyə hər müsəlman ölkəsi yalana və talana girovdur?

Niyə bir müsəlman ölkəsi deyilərkən yada hər şeydən öncə xalqları yoxsulluq, səfalət girdabında çabalayarkən özləri ən dəbdəbə, təmtəraq içində üzən, komfortu ilə gözqamaşdırıcı həyat yaşayan sultanlar, əmirlər, krallar düşür?

Niyə bir müsəlman ölkəsi deyincə göz önündə elm, bilgi adına heç nə canlanmadığı halda sadəcə, şallaq, dar ağacı, ələmuçuran, cinçıxaran gəlir ağıla?

Nə vaxtacan “Mercedes-Benz”in qarşısına “Əl-Qaidə” ilə çıxmaq olar?

Nə vaxtacan “Apple”nin qarşısına “IŞID”lə çıxmaq olar?

Nə vaxtacan “Microsoft”u “Hizbullah”la məğlub etmək fikrinə düşmək olar?

Nə vaxtacan bəşəriyyəti gəlişdirən, onu tərəqqiyə aparan dəyərlərə qarşı inadla, israrla dirəşmək olar?

Nə vaxtacan bu dəyərləri rədd etmək, beyini biləklə, ağılı zopayla, elmi edamla məğlub edəcəyinə inanmaq olar?

Özünün tək-tük, az-çox irəligörüşlü insanlarını “uf” demədən “mürtəd” elan edib edama yollayan...

Bir az fərqli, aykırı düşüncəli insanlarını rahatlıqla “kafir qırıntısı” adlandırıb dəmir barmaqlıqlar ardında çürüdən...

Hər cür beyin fırtınasını, fikir toqquşmalarını, ağıl qarşıdurmalarını zərərli sayan, özünə təhlükə kimi görən...

Yalnız qeyd-şərtsiz itaət edənlərə, sorğu-sualsız biət edənlərə yaşamaq, sağ qalmaq haqqı tanıyan recimlərə nə vaxtacan dözmək olar?

Sən 1300 il öncə, hər hansı Amerika, Avropa, yəhudi, mason lojası olmadan başlayan bir məzhəb çatışmasını düüüz 21-ci əsrə daşıyıb, sonra hansı firavan, asudə, rifah, sevgi, barış dolu həyata iddia edə bilərsən ki?

Sən bu gün dağılan şəhərlərinə, yox edilən kəndlərinə, öldürülən insanlarına baxıb düşməni başqa yerdə, başqa dinlərin, toplumların içində axtararkən barı bircə kərə də dön soruş özündən.

Soruş gör, bəs sən necə, özün özünün dostusanmı?

azadlıq.info

XS
SM
MD
LG