Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:26

Qərb radikal cihadçılarla şəxsi haqq-hesab çəkəcək


Amerikalı jurnalist James Foley-nin başını kəsmiş cihadçı üçün axtarış elan edilib.
Amerikalı jurnalist James Foley-nin başını kəsmiş cihadçı üçün axtarış elan edilib.

-

Amerika Birləşmiş Ştatlarının rəhbərliyi bəyan edib ki, İraq Şam İslam Dövləti (İŞİD) təşkilatı Amerikanın son illərdə üzləşdiyi «ən böyük təhlükə»dir.

ABŞ-ın müdafiə naziri Chuck Hagel bildirib ki, havadan zərbələr İŞİD-i zəiflədib, lakin cihadçıların yenidən qruplaşması mümkündür.

Amerika Silahlı Qüvvələrinin komandanı general Martin Dempsey deyib ki, İŞİD onun Suriyadakı bazaları dağıdılmadan məğlub edilə bilməz.

Mətbuat konfransında danışan cənab Hagel deyib ki, İŞİD ABŞ-a birbaşa təhlükə təşkil edir.

«Onlar terrorçu qrupdan daha təhlükəlidirlər. Onlar ideologiyalarını mükəmməl strateji və taktiki hərbi bacarıqla birləşdirə biliblər və yaxşı maliyyələşirlər» – deyib nazir.

ABŞ Qərargah Rəislərinin Birləşmiş Komitəsinin rəhbəri general Dempsey bildirib ki, İŞİD «son nəfəsədək vuruşmaq ideologiyası ilə silahlanmış» bir təşkilatdır və buna görə də məhv edilməlidir.

Nə Hagel, nə də Dempsey İraqda məhdud hərbi müdaxilə taktikasının dəyişdiriləcəyi barədə bir söz deməyib. Təhlilçilərin qənaətinə görə, prezident Barack Obama İraq və Suriyada daha geniş müdaxilə planlarına malik birisi kimi görünmür.

Bununla belə, ABŞ rəsmiləri İraqda və Suriyada İŞİD-ə qarşı, lazım gələrsə, əlavə tədbirlərə əl atılacağını istisna etməyiblər.

GİROVÇULAR ABŞ XÜSUSİ XİDMƏTLƏRİNİ QABAQLAYIBLAR

Bu arada amerikalı jurnalist James Foley-nin başını kəsmiş cihadçı üçün axtarış elan edilib və işlə əlaqədar cinayət təhqiqatına başlanıb.

Bəlli olub ki, ABŞ-ın xüsusi hərbi xidmətləri bu yayın əvvəllərində Foley-ni və başqa girovları xilas etmək üçün əməliyyat keçiriblər, lakin əməliyyat uğursuzluğa düçar olub. Media xəbərlərinə görə, həmin vaxt cihadçılar Amerika komandosunun hücumundan 24 saat əvvəl girovları başqa yerə apara biliblər.

AMERİKANIN «YADDAŞI UZUNDUR»

Bununla belə, ABŞ, eləcə də Britaniya rəhbərliyi bildirib ki, hərbi cinayət törətmiş cihadçılar barədə fərdi qaydada cinayət-axtarışı əməliyyatları həyata keçiriləcək.

ABŞ-ın baş prokuroru Eric Holder cihadçılara müraciətlə xəbərdarlıq edib ki, onun ölkəsinin «yaddaşı çox uzundur».

Britaniya polisi videosüjetdən Foley-ni edam etdiyi görünən cihadçının kimliyini araşdırır. O, videoda ingiliscə, Britaniya ləhcəsi ilə danışır. Həmin cihadçının Londonun cənub-şərqindən olduğu ehtimalı var.

Londonda Cümə namazı
Londonda Cümə namazı

İCTİMAİ QINAQ

Bir sıra ölkə qəzetləri cihadçının konkret adının mətbuat səhifələrinə çıxarılmasına çalışırlar. Qəzetlər yazır ki, bu, Britaniyada bəzi gənc vətəndaşların zorakılıq yolunu seçməsinə qarşı «ictimai qınaq» yaratmaq üçün edilir.

İctimai qınaq artıq Londonda bir neçə məscidi və İslam mərkəzini qibtəedilməz vəziyyətə qoyub.

Qəzetlər Londonun Lyuşam hissəsindən olan cihadçı qadının «twitter»lə yaydığı mesajdan yazırlar.

2012-ci ildə Suriyaya köçmüş Khadijah Dare «twitter»də bəyan edib ki, «Qərb girovunu edam edən ilk cihadçı qadın» olmaq arzusundadır.

Cihadçıya ərə getdikdən sonra İslamı qəbul etmiş əslən ingilis xanım Dare yenicə doğulmuş körpəsinin «Kalaşnikov» avtomatı ilə birgə çəkilmiş şəklini də yayıb.

Britaniyada məscidlərin «cihadçı yuvası» olduğuna dair iddialar mətbuatda çoxdan dolaşır və İraqda baş verən son hadisələr «ictimai qınağı» və ya «qəzəbi» onlara qarşı yönəldir.

CİHADÇILARLA HEÇ BİR DANIŞIQ APARILMAYACAQ

Khadijah Dare-nin də Lyuşam İslam Mərkəzinin fəal üzvlərindən olduğu barədə xəbərlər yayılıb. Məscidin imamı mərkəzin cihadçılarla hər hansı bağlılığını dansa da, ondan radikallar əleyhinə bəyanatlar tələb edilməsini pisləyib.

Britaniya qəzetləri ABŞ jurnalistinin edamsayağı qətli ilə bağlı müxtəlif yazılar dərc edirlər. Yazıları birləşdirən ümumi ruh bundan ibarətdir ki, cihadçılarla girovlara dair heç bir danışıqlar aparılmamalıdır.

Məlum olub ki, girovçular jurnalist Foley-in ailəsindən 100 milyon dollar tələb ediblərmiş.

F/A-18F Super Hornet
F/A-18F Super Hornet

XİLAFƏT RAKET ZƏRBƏLƏRİ ALTINDA GERİ ÇƏKİLİR

ABŞ prezidenti Barack Obama bəyan edib ki, o, cinayətkarların ədalət qarşısına çəkilməsi üçün əlindən gələni edəcək.

ABŞ prezidentinin verdiyi bəyanatın ciddiliyini ötən gün ərzində Amerika təyyarələrinin İraqdakı İŞİD mövqelərinə zərbələrinin intensivləşməsi bir daha nümayiş etdirib.

Xəbər verilir ki, ABŞ-ın hava zərbələri İraqın şimalındakı kürd qüvvələrinə Mosul Su Anbarının yaxınlığındakı bir neçə qəsəbəni geri almaq imkanı verib.

Bəzi xəbərlərə görə, hətta İŞİD ağır texnika və silahları Suriyaya keçirməyə başlayıb.

Hava əməliyyatları başlanandan bəri ABŞ təyyarələri cihadçıların mövqelərinə 90-dək raket zərbəsi endirib.

Beləliklə, Qərb ümumilikdə İslam təməlçiliyi ilə yanaşı, fərdi radikallara qarşı mübarizə taktikasını seçib.

Münaqişə İraqdakı məzhəblərarası düşmənçiliyi yenidən körükləyib və Diyala əyalətindəki sünni məscidlərdən birinə basqın nəticəsində onlarca insan həlak olub.

Xəbər verilir ki, cümə namazı zamanı burada əvvəlcə intiharçı bomba partlayışı baş verib, bunun ardıca silahlılar adamlara atəş açıblar.

XS
SM
MD
LG