Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:03

E. Şıxlı: «Kimi başını götürüb gedib, kimin də başını harasa salıblar...»


«Ayna» və «Zerkalo» qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı
«Ayna» və «Zerkalo» qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı

-

«Ayna» və «Zerkalo» qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı hər iki qəzetin fəaliyyətinin dayandırıldığını bildirir. AzadlıqRadiosuna müsahibəsində o, belə bir qərarı avqustun 27-də qəbul etdiklərini deyib.

- Bir az əvvəl iclas keçirdik, qəzetlərin fəaliyyətini dayandırdığını elan elədim. Qəzetin bərpasına artıq heç bir ümid yoxdur. Göydən nə isə düşsə, nə isə dəyişsə bəlkə yenidən bərpa elədik, amma belədə yox.

- Azərbaycanda jurnalistika ilə məşğul olmaq heç mümkün deyil ki?

- 25 il buraxdığım qəzetin fəaliyyətini davam etdirə bilmirəmsə, başqa nə edə bilərəm ki? Yenidən qəzet açası deyiləm ki... İndi özüm üçün hansısa yazılarla çıxış edəcəm, o başqa məsələ... Amma fəal jurnalistika ilə məşğul olmaq, qəzet buraxmaq işi artıq öldü...

- Jurnalistika ilə bağlı nə baş verdi və ya hazırda nə baş verir?

- Azərbaycanda nə baş verdiyini bilmək üçün bir qəzet köşkünün yanından keçin görün orda hansı qəzetlər satılır. Daha sonra gerçək qəzet satan şirkət və adamlardan soruşun görün indi onlar nə ilə məşğuldurlar. İndi Azərbaycanda satılan qəzet qalmayıb. Ona görə də heç kim bir iki qəzetdən ötrü küçəyə çıxıb qəzet satmır. Kuperin əsərlərində var, deyilir ki, «ən yaxşı hindu ölü hidudur». İndi Azərbaycanda da ən yaxşı jurnalıstika zəhlə tökməyən, ölü jurnalsitikadır. Mənim üçün təxminən belə bir şərəitdir və ona görə də işləyə bilmirəm.

- Qəzetin, jurnalistikanın belə bir vəziyyətə düşməsi cəmiyyətin sifarişidir, yoxsa basqılar buna gətirib?

- Məsələ cəmiyyətin qəzet oxuyub-oxumamasında deyil. Gərək cəmiyyətə qəzet verəsən ki, o da oxuya. Olmayan şeyi cəmiyyət necə oxusun. «Zerkalo» qəzeti fəaliyyətini dayandırıb deyə camaat küçəyə çıxıb etiraz edəsi deyil ki?..

-Amma elə vaxtlar olub?

-Var idi, amma indi yoxdur. Bir baxın görün kim qalıb. Nə isə bir söz demək istəyənlər artıq yoxdur. Kimi başını götürüb gedib, kimin də başını harasa salıblar...

«Ayna»-«Zerkalo» qəzetlərinin nəşrinə 1990-ci ildən başlanılıb. Bu ilin mayında qəzet Mətbuat Şurasının təsisçilər heyətindən çıxıb. Gündəlik formatdan həftəlik formata keçəndən sonra qəzetə KİV-ə Dövlət Dəstəyi Fondunun yardımı da dayandırılıb.

XS
SM
MD
LG