Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:15

J.Warlick: «Dövlət katibi nizamlanma işində şəxsən rol oynamağa hazırdır»


James Warlick
James Warlick

-

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick Turan agentliyinə eksklüziv müsahibəsində son həftələr cəbhə xəttində baş verən hadisələri və münaqişə bölgəsində hazırki ictimai-siyasi durumu şərh edib.

- Son vaxtlar həm Ermənistanda, həm də Azərbaycanda Minsk Qrupu həmsədrlərini tənqid edirlər, onları fəaliyyətsizlikdə ittiham edirlər. Bu barədə amerikalı həmsədr nə deyə bilər? Sülh prosesinin irəliləməsi üçün hansı işlər görülür və nə etmək lazımdır?

Bu sualın cavabında James Warlick deyib ki, vasitəçilər öz fəaliyyətlərində daha çox şəffaf olmağa çalışırlar, çünki Azərbaycan və Ermənistan xalqlarının hüquqlarını tanıyırlar, nəyin baş verdiyini anlayırlar.

«Buna nümunə olaraq bu yaxınlarda Karneqi Fondundakı çıxışımı göstərə bilərəm. Bu çıxış faydalı diskussiyalar üçün stimul yaratdı, adamların diqqətini əsas məqamlara - biz haradayıq və dinc nizamlanma yolunu necə tapmalıyıq - yönəlməsinə yardımçı oldu», - Warlick qeyd edib.

Lakin aydındır ki, əgər 20 ildir danışıqlar gedirsə deməli hamını qane edən həll yolunu tapmaq asan deyil. «Odur ki, Minsk Qrupunu tənqid etmək asandır. Ancaq biz özümüz də çox zaman istədiyimiz irəliləyişin olmamasından məyus oluruq», - diplomat vurğulayıb və əlavə edib ki, vəziyyəti ümidsiz hesab etmir.

«Əslində tərəflərin mövqeləri yaxındır. Onlar yaxınlaşıblar və indi də bu durumdadırlar. Bizim üçün mühüm olan dinc həll yolunun axtarışı üzrə səyləri davam etdirməkdir», - o vurğulayıb.

- 20 il əvvəl qoşunların çıxarılması, qaçqınların qaytarılması və digər zəruri addımlar barışıq imzalandıqdan sonra məntiqi görünürdü. Lakin bunlar baş vermədi. Əksinə cəbhə xəttində atəşkəs rejiminin pozulması sülhün nə qədər kövrək olduğunu göstərdi. Bununla əlaqədar bəzi analitiklər hökumətləri 1994-cü il sülh sazişini yeniləməyə çağırdılar. Minsk Qrupu bu istiqamətdə iş görürmü?

Warlick bu sualın cavabında deyib ki, Minsk Qrupu çalışır ki, atəşkəs rejimi saxlanılsın və iyulun 31-də başlayan gərginlik vasitəçilərin ciddi narahatlığına səbəb olub.

«Onlarla insanın ölümünə səbəb olan bu cür zorakılıq bizi sülh yolundan uzaqlaşdırır. Heç kim konfliktin eskalasiyasında maraqlı deyil və problemin hərbi yolla həlli yoxdur. Çalışmaq, danışıqlar masası arxasında səylərimizi ikiqat artırmaq lazımdır ki, həll yolu tapılsın.

Atəşkəs rejiminə əməl edilməsi bundan ötrü ilkin şərtdir və biz ümid edirik ki, son həftələr gərginliyin azalması davam edəcək», - Warlick vurğulayıb.

- Minsk Qrupunun insidentlərin araşdırılması mexanizminin yaradılması ideyasına münasibəti necədir?

Warlick güman edir ki, əsas məsuliyyət tərəflərin üzərinə düşür. «Əgər çoxsaylı ölən və yaralanan varsa hərtərəfli araşdırma vacibdir. Mən tərəfləri bunu sadəcə öhdəlik kimi yox, beynəlxalq humanitar hüquq çərçivəsində araşdırmağa çağırıram».

Mexanizmin yaradılması ideyasına gəlincə, Minsk Qrupu bu ideyanı dəstəkləyir, lakin qərarı tərəflər özləri qəbul etməlidirlər.

- Mayda Karneqi Fondunda çıxışınız zamanı dediniz ki, Ermənistan və Azərbaycan münaqişənin nizamlanması üçün baza elementlərini qəbul edirlər və sülh sazişini imzalamaq üçün son addımlar qalır. Bundan sonra cəbhədə vəziyyət ciddi şəkildə kəskinləşdi. Belə çıxır ki, əvvəllər tərəflər sülh sazişinə yaxın olublar, yoxsa siz başqa nələrisə nəzərdə tuturdunuz?

Warlick bu sualı belə cavablandırıb: «Ermənistan və Azərbaycanda heç kim münaqişəni iki prezidentdən daha yaxşı başa düşmür. «Onlar bu mövzu ilə yaşayırlar və qərar qəbul edən şəxslər onlardır. Bizim vəzifəmiz prezidentləri yaxınlaşdırmaqdır.

Avqustun 10-da onlar Soçidə prezident Putinlə görüşdülər. Mən danışıqların bütün detallarını bilmirəm. Ancaq başa düşürəm ki, müzakirələr ciddi olub.

Tərəflər prezident Hollande-ın vasitəçiliyilə oktyabrın sonlarında Parisdə yenidən görüşməyi qərara alıblar», - Warlick deyib.

Prezidentlərin gələn həftə Uelsdə NATO sammitində və BMT Baş Assambleyasında da görüşmək imkanları var. Lakin bu, prezidentlərin öz istəyindən asılıdır.

«Dövlət katibi Kerri münaqişənin nizamlanması işində şəxsən rol oynamağa hazırdır. Biz tərəfləri bu imkanları nəzərə almağa çağırırıq.

Məsələ xarici işlər nazirlərinin və ya prezidentlərin görüşlərinin keçirilməsində deyil. Sülh sazişinə yaxınlaşmaq üçün prosesi başqa səviyyəyə qaldırmaq lazımdır. Gəlin, başlayaq», - diplomat vurğulayıb.

- Çoxları Soçi görüşündə Minsk Qrupu həmsədrlərinin olmamasından təəccübləniblər. Bu, sırf Rusiyanın təşəbbüsü idi? Bu, Minsk Qrupunun nizamlanmadan kənarlaşdırılması anlamına gəlirmi yoxsa görüş sizinlə razılaşdırılmışdı?

«Bu sualı Rusiya tərəfinə vermək yaxşı olardı. Lakin mənim fikrimcə, bu, prezident Putinin öz bağına şəxsi dəvəti idi. Bu, rəsmi səfər deyildi. Biz Qarabağ nizamlanması məsələsində Rusiya ilə sıx əməkdaşlıq edirik, bəzi məsələlər üzrə ziddiyyətlərin olmasına baxmayaraq. Biz tez-tez rusiyalı həmsədrlə əlaqə saxlayırıq və nizamlanma məsələsində Moskvanın müsbət roluna inanırıq», - Warlick bildirib.

- Çoxları hesab edir ki, Rusiya və Qərb nizamlanma işində başqa maraqlardan çıxış edirlər. Ukraynada baş verənlərin fonunda Rusiyanı sülhməramlı kimi təsəvvür etmək çətindir.

Bu sualın cavabında amerikalı diplomat deyib ki, bəzi dünya problemləri var ki, bunlarla bağlı Rusiya ilə əməkdaşlıq etmək lazımdır. Dağlıq Qarabağ da belə problemlərdən biridir.

- Minsk Qrupu nizamlanma işində xalq diplomatiyasına necə baxır?

«Hesab edirik ki, xalq diplomatiyası proqramları çox vacibdir. Sülhə nail olmaq üçün tərəflər arasında inam olmalıdır. Bu, təkcə hökumətlər arasında yox, hər iki ölkənin sadə vətəndaşları arasında olmalıdır və bu, uzun prosesdir», - o qeyd edib.

«Texniki səfərlər, idman diplomatiyası, gənclər, təhsil və səhiyyə sahəsində mübadilələr olmalıdır. Bu sahələrdə əməkdaşlıq mümkündür.

Bir il öncə mən bu işə başlayanda düşünürdüm ki, kim təhsilin, səhiyyənin əleyhinə ola bilər ki. Lakin əməldə məlum oldu ki, tərəfləri buna inandırmaq çətindir. Ancaq bəzi QHT-lər var ki, onlar çox faydalı işlə məşğul olurlar və biz onların işini yüksək qiymətləndiririk. Amma inamın təməlinin qoyulması proseslərində hökumətlərin də iştirakı vacibdir», - Warlick bildirib.

- Bir neçə il öncə hər iki ölkənin ziyalı nümayəndələri Yerevan, Bakı və Xankəndinə qarşılıqlı səfərlər edirdilər. Lakin hazırda Azərbaycan hakimiyyəti onunla «razılaşdırılmayan» əlaqələrin əleyhinə çıxır. Minsk Qrupunun mövqeyi necədir?

«Əvvəllər çoxlu uğurlu proqramlar olub. Hamı çalışmalıdır və anlamalıdır ki, bu proses tez və ya gec başlayacaq.

30 il öncə ermənilərlə azərbaycanlılar arasında əlaqələr problem deyildi. Lakin bu gün böyük bir nəsil yetişib ki, bir-birini anlamır, hətta heç görüşmür.

Vacibdir ki, hər iki ölkədə gənc nəsil sülhün dəyərini anlasın. Bu istiqamətdə çox çalışmaq lazımdır ki, gənclər bir-birilərini başa düşsünlər, etibar etsinlər ki, uzunmüddətli və davamlı sülhü təmin etmək mümkün olsun», - Warlick bildirib.

XS
SM
MD
LG