-
«Mən 1-ci qrup diabet xəstəsiyəm. Uzun illərdir bu xəstəliyə tutulmuşam. Bədənimdə 4-5 yerdə yara var. İnsulin vurdururam. 2 aydır dərman ala bilmirəm. Deyirlər, Bakıdan dərman gəlmir. Bu dövlət nəzarətində olan xəstəlikdir. Biz 1 ay aptekdən ala bilərik. Təqaüdçüyəm, 2-ci ayı necə alım? Mən insulin alıram, bir də «qlukomed» tableti içirdim. Onunla da şəkərim 200-dən aşağı düşmür. Dərman içməyəndə gecəni qaşınıram, vedrələrlə su içirəm. Dərman az-çox kömək edir».
Gəncə sakini Cahangir Məmmədov 14 ildir şəkər xəstəsidir. Dediyinə görə, xəstəliyi onun gözlərini və böyrəklərini ciddi zədələyib. Odur ki, mütəmadi olaraq dərman və insulin qəbul etməsə, vəziyyəti daha da pisləşir.
Gəncədəki minlərlə diabet xəstəsi 2 aydır dövlət tərəfindən hər ay verilməli olan dərmanlarını ala bilmirlər. Başqa bir diabet xəstəsi Səfayət Əliyeva deyir ki, sahə poliklinikaları onlara verilməli olan dərmanların Səhiyyə Nazirliyindən göndərilmədiyini söyləyirlər.
«NECƏ OLUR, SATIŞDA DƏRMAN DA VAR, TEST DƏ VAR, AMMA BİZƏ YOXDUR...»
«Şəkər xəstəsiyəm. Təzyiqim də yüksək olur. Nə vaxt gedirik, deyirlər nə dərman var nə də test. Necə yoxdur? Hökumət bu qərarı çıxardıb ki, dərman pulsuzdur. Pensiya almıram, işləmirəm də, mən necə almalıyam dərmanı? 3 aydır ala bilmirəm. Deyir, yoxdur, vəssəlam. Necə olur, satışda dərman da var, test də var, amma bizə yoxdur. Verib satdırırlar».
2010-cu ilədək diabetli xəstələrə dərmanlar və testlər Gəncə şəhər Endikrinoloji Xəstəxanadan paylanırdı. Daha sonra dərmanların paylanılması sahə poliklinikalarının balansına verildi. Diabetli xəstələr də danışırlar ki, elə problem də bu vaxtdan başladı. Zamanla verilən testlərin sayı azaldı. İndi də dərmanlar verilmir:
«Neçə dəfədir gedirəm dərman vermirlər. İndi də deyir yoxdur. Neçə dəfə gedib şikayət eləmişəm, sonra almışam».
«ƏLACIM KƏSİLDİ APTEKDƏN ALDIQ»
Şəkərli diabet xəstələri mütəmadi olaraq dövlət tərəfindən verilən şəkərölçən aparatlarla xəstəliyini nəzarətdə saxlamalıdırlar. Diabetdən əziyyət çəkənlər gileylənirlər ki, apteklərdə bu preparatlar çox baha satıldığından ala bilmirlər:
«Əlacım kəsildi bu dəfə aptekdən aldıq. Şəkər qalxanda təzyiq də qalxır, 300-ə. 1 adam deyil, 5 adam deyil, hamı qırılmalıdır birdən?»
BİR HƏFTƏYƏ DƏRMANLAR PAYLANACAQ
Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev deyir ki, diabet xəstələrinə verilən dərmanların gecikdirilməsi onların səhhətləri ilə bağlı narahatlıq doğurur. Əlavə edir ki, dərmanların gecikdirilməsinin səbəbi hər il may ayında növbəti ilin proqnozlaşdırılması ilə bağlıdır. Yəni xəstələrin sayının hesablanması aparılır. Əlavə edir ki, xəstələrin siyahısı dəqiqləşən kimi yaxın 1 həftə ərzində dərmanların paylanılması reallaşacaq.