Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:48

Sənin yazıçılığına şübhə edən dostlardan uzaq gəz!


Ray Bradbury, 1990
Ray Bradbury, 1990

-

Məşhur fantast yazıçı Ray Bradbury 2001-ci ildə gənc yazarlarla görüşdə onlara məsləhətlər verir. Həmin məsləhətləri belə ümumiləşdirmək olar:

Yazıçılığa romandan başlama. Tələsmə. Əvvəlcə davamlı olaraq hekayələr yaz. Həftədə bir dənəsini. İlboyu nəfəs dərmədən yaz. Ola bilməz ki, 52 hekayənin hamısı pis alınsın. (Bradbury ilk romanı “Forengeyt 451”i yazmaq üçün 30 yaşınacan gözləyib).

Səni sevə bilərəm, amma sən ola bilmərəm. Bunu yaddan çıxarma. Bradbury təsirləndiyi yazarları nəzərdə tutur. Yazıçılar onlara təsir etmiş yazarları bilərəkdən, yaxud bilmədən təqlid edirlər. Necə ki Bradbury H.G. Wells, Jules Verne, Arthur Conan Doyle və L. Frank Baum-u təqlid etdiyini etiraf edir.

Hekayə janrında etalon sayılan əsərləri mütləq oxu. (Bradbury Roald Dahl, Guy de Maupassant, eləcə də nisbətən az tanınan Nigel Kneale və John Collier-in adını çəkir).

Beynini o ki var doldur. Yəni müxtəlif elm sahələrinə aid çoxlu yazılar oxu. O cümlədən arxeologiya, zoologiya, biologiya, fəlsəfə, siyasət və ədəbiyyat. Yatmamışdan qabaq mütləq nəsə oxu. Bir hekayə, yaxud bir məqalə. Ya da bir şer, amma müasir “zir-zibil” yox, Pope, Shakespeare, yaxud Frost.

Sənin yazıçılığına şübhə edən dostlardan uzaq gəz. Bradbury “onları dərhal işdən qov getsin” ifadəsini işlədir. Yəni başından rədd elə ki, səni ruhdan salmasınlar.

Kitabxanada yat. “Zəhrimar kompüterin qabağında yox” deyir Bradbury. Onun sözlərinə görə, kollec təhsili almasa da, o, “28 yaşında kitabxananı müvəffəqiyyətlə başa vurub”

Kinonu sev. Xüsusən də köhnə filmləri.

Yazı prosesindən həzz almalısan. Əgər yazmağa başladığın əsər sənə, görməli olduğun ciddi bir iş, altından çıxmalı olduğun ağır bir yük kimi gəlirsə, onu rədd elə getsin.

Yazacağın əsərdən pul qazanmağı qarşına məqsəd kimi qoyma. Bradbury ilk maşınını 37 yaşında ala bilib.

Sevdiyin və nifrət etdiyin 10 şeyin siyahısını tut. Birinci siyahıdakılar, haqqında yazılmalı şeylərdir. İkinci siyahıdakıları isə məhv elə getsin (onlar haqda da yaz, yazaraq məhv elə). Öz qorxularınla da bu cür davran.

Ətraflı videoda

XS
SM
MD
LG