Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:05

Diabet xəstəsi dərman tələb edir


Arxiv fotosu
Arxiv fotosu

“10 ildir diabetəm, ürəyim də xəstədir. 6 aydır ki, İranda başımdan əməliyyat olunmuşam. Heç tərpənməyə də halım yoxdur. Şəkərimi axırıncı dəfə İranda əməliyyat vaxtı ölçüblər. Şəkər ölçən aparatım xarab olub, təzəsini də vermirlər”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edən Zahid Şükürovun 56 yaşı var. Deyir, İmişlinin Bərcəvan kəndində yaşayır. Xəstəliyinə görə əvvəllər pulsuz dərman alırdı. Neçə aydır ki, dərmanı kəsilib. Şəkər ölçən aparatı sıradan çıxsa da, təzəsini ona vermirlər:

"ONSUZ DA ƏSƏBLƏRİMİZ SIRADAN ÇIXIB "

“Bu, elə bir xəstəlikdir ki, onsuz da əsəbləri sıradan çıxarır. Bir tərəfdən də səhiyyəmiz əsəblərimizlə oynayır. Adını qoyublar pulsuz dərman, ancaq hanı? Ala bilmirik. Şəkər ölçən aparatım neçə aydır xarabdır, vermirlər.

Əvvəllər şəkər ölçən aparatı ala bilməsəm də, gəlib deyirdilər dərmanın gəlib, get al. Mən də kənddəki tibb məntəqəsinə gedib pulsuz dərmanlarımı ordan götürürdüm. İndi gedirəm, deyirlər, get rayon mərkəzinə. Rayon mərkəzi də kənddən 12 kilometr aralıdadır. Mən yataq xəstəsiyəm”.

İmişli rayon səhiyyə şöbəsindən “Qaynar xətt”ə bildirdilər ki, bir neçə aydır kənd tibb məntəqələrində pulsuz dərmanların xəstələrə verilməsi dayandırılıb. Səbəb də odur ki, indi pulsuz dərmanlar mərkəzləşdirilmiş qaydada verilir. Xəstələr həkimdən aldıqları pulsuz dərman reseptini rayon mərkəzi xəstəxanasının birinci mərtəbəsindəki aptekə təqdim edib dərmanlarını ordan alırlar.

Şəkər ölçən aparatın dəyişdirilməsinə gəlincə, şöbədən məsləhət gördülər ki, Zahid Şükürov növbəti dəfə sahə həkiminə müraciət etsin. Əgər həkim “aparat yoxdur” desə, xəstə köhnə, sıradan çıxmış aparatı da götürüb rayon səhiyyə şöbəsinə gəlsin. Şikayətinə mütləq baxılacaq.

Səhiyyə şöbəsindən onu da bildirdilər ki, xəstənin səhhəti hər dəfə pulsuz dərman üçün rayon mərkəzinə gəlməyə yol vermirsə, yenə də bununla bağlı ərizə ilə şöbəyə müraciət etməlidir ki, onun dərmanları əvvəlki qaydada - yaşadığı ərazidə ona çatdırılsın.

XS
SM
MD
LG