Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:31

Suriyada cihada gedənlərlə xüsusi-xidmət orqanları məşğul olur


Mübariz Qurbanlı
Mübariz Qurbanlı

-

Gözlə

No media source currently available

0:00 0:07:01 0:00
Direct-ə keçid

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının AzadlıqRadiosuna müsahibəsi:

- Mübariz müəllim, Komitə rəhbəri kimi ölkədə dini durumu necə dəyərləndirirsiz? Ölkədə bu sahədə hansı problemlər var? Yaxın müddətdə hökumətə bu problemlərlə bağlı hansısa təklifləriniz olacaqmı?

- Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət, maliyyə sabitliyi, iqtisadi sabitlik bütövlükdə mənəvi-psixoloji sabitlik yaradıb. Hesab edirəm ki, din sahəsində də sabitlik var. Əlbəttə, bununla yanaşı qeyd etmək yerinə düşər ki, bəzi xarici dairələrin təsiri ilə ölkəmizdə din sahəsinə müdaxilə etmək istəyən qruplar var. Ancaq bizim ölkəmizdə xalqımızın keçdiyi tarixi yol, dini-mənəvi dəyərlərimiz, prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət ölkəmizin müxtəlif sahələrdə təhlükəsizliyini təmin edib. O cümlədən din vasitəsilə bizim ölkəmizə müdaxilə cəhdlərinin qarşısı alınıb və bundan sonra da alınacaq. Bizim xalqımız hansısa dini qrupların, qeyri-islami qrupların təsiri altına düşməyəcək.

- Dediniz ki, Azərbaycana hansısa xarici dairələrdən dini təsirlərə cəhdlər olub. Bilmək olarmı, hansı xarici dairələrdir, onların arxasında duran hansı qüvvələrdir?

- Mən xarici dairələr dedikdə xarici dövlətləri nəzərdə tutmuram. Azərbaycanın bütün ölkələrlə normal ikitərəfli münasibəti var, Ermənistan istisna olmaqla. Xarici dairələr dedikdə onları bir neçə qrupa bölə bilərik. Bir xarici dairə var ki, demokratiya pərdəsi altında müxtəlif ölkələrə təzyiq etmək istəyirlər. İkinci qrup dindən bir vasitə kimi istifadə etməklə müəyyən ərazilərə girməyə cəhd edirlər. Bu cür qrupları Yaxın Şərqdə müşahidə edirik. Dindən pərdə kimi istifadə edib terror əməliyyatları həyata keçirirlər. O qrupların bəzilərinin Qərbdəki mərkəzlərlə bağlı olduğu, geopolitik maraq naminə böyük dövlətlərin himayəsi altında fəaliyyət göstərdiyi aşkara çıxır. Əlbəttə, bu cür qruplar Azərbaycana da müdaxilə etmək, burda özünə yer tapmaq və ya Azərbaycan ərazilərindən başqa ölkəyə yol tapmaq niyyətindədirlər. Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizin sosial-iqtisadi çətinliklərindən istifadə edərək ərazimizə girib burada möhkəmlənməyə də cəhd ediblər. Amma Azərbaycan güclüdür. Ona görə də Azərbaycan hansısa xırda qrupların missionerlik mərkəzi və ya məkanı deyil.

- Amma konkret ad çəkmədiniz...

- Bu gün qeyri-islami qruplar, cərəyanlar hansıdır? Vəhhabilər deyirlər bunlara, nurçular, dəvətçilər, süleymançılar... Müxtəlif ad altında fəaliyyət göstərirlər. Onlar hamısı terrorçu deyil, maarifləndirmə aparanlar da var.

- Mübariz müəllim, yeri gəlmişkən, son zamanlar mətbuat nurçulardan çox yazır. Onların həbsindən, sıxışdırılmasından, işdən çıxarılmasından. Hətta yüksək çinli məmurların Elnur Aslanovun, Elşad İsgəndərovun adı çəkilir. Bu məsələyə aydınlıq gətirərdiz Komitə rəhbəri kimi.

- Elmi-nəzəri, siyasi mövzularda sizinlə istənilən qədər danışa bilərəm. Dedi-qodu xarakterli suallara cavab vermirəm.

- Yəni necə hesab edirsiz nurçular bu gün Azərbaycanda real təhlükə sayıla bilərmi?

- Azərbaycan üçün, müstəqilliyimiz üçün ciddi təhlükə törədəcək kənar və ya daxili qüvvə görmürəm.

- Son günlər sizin təşəbbüsünüzlə yas mərasimləri ilə bağlı müzakirələr açılıb. Kimi hesab edir ki, yaslarda doğrudan da israfçılıq var və dövlət də bu məsələni tənzimləməlidir, kimi də düşünür ki, bu özəl həyata müdaxilədir. Yəqin sizə də məlumatlar gəlir, yerlərdə bəzən yas mərasimlərinə sərt müdaxilələr olur, yas mərasimləri dağıdılır. Bu yöndə konkret qərarlar, rəsmi göstəriş ola bilərmi?

- Birincisi, mütəxəssislər deyir ki, bunun adını «yas» yox, «dəfn mərasimi» qoyaq. Mövqeyimiz budur ki, konsensus nəticəsində yeniliklər irəli sürək. Söhbət nədən gedir. «Quran»da birbaşa göstəriş yoxdur ki, dəfndən sonra yemək olsun. O ki qaldı dəfnlə bağlı, o da aydın göstərilib. Həmin mərasim 3 gündən artıq çəkməməlidir, bununla bağlı hədis də var. Bu gün xalqın böyük əksəriyyəti dəfn mərasimlərinin sadələşdirilməsini istəyir, müzakirələr, mətbuatdakı yazılar da bunu göstərir. Biz də deyirik ki, yas mərasimləri 3 gündən artıq davam etməsin. Ən böyük borc dəfndə iştirak etmək, haqqını halal etməklə işini bitirməkdir. Bəzən cənazəyə qatılmayan adam yemək yeyir, «başın sağ olsun» deyib gedir. Bu borc deyil. Bir insanı minlərlə adam tanıya bilər. O demək deyil ki, onların hamısı yüzlərlə kilometr məsafə qət edib mərasimə getməlidir. Siz qəzetdə, telefonla, sosial şəbəkədə başsağlığı verə bilərsiz. Ölkəmizdəki pravoslavları, katolikləri, yəhudiləri də buna çağırırıq.

- Konkretləşdirək. Deməli, gələn qonaqların sayında və vaxtla bağlı məhdudiyyət ola bilər? Dediniz 3 gündən artıq davam etməsin...

- Heç kim qonaqların sayına məhdudiyyət qoymur. Dəfn mərasimi qanunla tənzimlənmir. Əvvəllər qızları ərə verəndə «başlıq» alınırdı, sonra bu öz-özünə aradan qalxdı. El mərasimləri qanunla tənzimləmir. Amma dəfn mərasimlərinin ikinci hissəsi qanunla tənzimlənəcək. Qəbiristanlıqlar, qəbir daşları, qəbirüstü abidələr, dəfnin icrası və s. bağlı qanun layihəsi var və inşallah Milli Məclisə təqdim ediləcək. Ancaq yas mərasimləri qanunla tənzimlənmir. Biz sadəcə tövsiyə veririk.

- Dediniz adətlər qanunla tənzimlənmir. Amma sizin çıxışınızdan sonra yerlərdə yas mərasimlərinə icra qurumlarının kobud müdaxiləsi halları oldu.

- Biz araşdırdıq. Məlum oldu ki, bəzən kimlərsə axundun, imamın tövsiyəsini qəbul edib, bəzən də qəbul etməyiblər. Kimsə çıxıb icra nümayəndəsinə deyib ki, sən kimsən, biz sənin tövsiyəni qəbul etmirik. Biz də tapşırmışıq ki, həmin adamlarla işiniz olmasın, toxunmayın. Zaman öz sözünü deyəcək. Burda kobud müdaxilədən yox, tövsiyədən söhbət gedir.

- Yeni qanun layihəsi haqda məlumat verərdiz.

- Payızda müzakirələr ediləcək layihədə dəqiq göstəriləcək: məzarlıq necə olmalıdır, dəfn hansı saatda keçirilmədir, qəbir daşı necə olmalıdır, onun ölçüləri necə olmalıdır... Yəni qəbiristanlığa yenilik gətirilmir. Qəbir daşları bir-birindən fərqlənməyəcək sadəcə. Biz qəbirüstü abidələri götürməyəcəyik, yəni indiyədək qoyulanlar qalacaq. Bir də, millət qarşısında xidmətləri olanların qəbirüstü abidələri qoyulmalıdır, bu normaldır. Bundan başqa, qanunda qəbir yerləri, vəfat edənlərə vəsait verilməsi də əksini tapacaq. Bizim başladığımız iş kampaniya deyil, məqsədyönlü siyasətdir. Yozurlar ki, hökumət adamların bir yerə yığışmasını istəmir. Avam-avam danışırlar. Nərimanov, Mirzə Cəlil sağ olsaydı, bunları ələ salardı... Kimsə bu məsələni süvari qılıncla həll etmək istəmir. Yas mərasimləri qadağan deyil, biz mərasim evlərinin saylının artmasını istəyirik, bələdiyyələrin mərasim evləri ola bilər.

- Və sonda... Azərbaycandan İŞİD-ə qoşulanlar haqda vaxtaşırı mətbuatda, sosial şəbəkələrdə məlumatlar gedir. Bunu araşdırırsızmı?

- Bizim xüsusi-xidmət orqanları bununla ciddi məşğul olurlar. Eyni zamanda, Komitənin yerli şöbələri bununla məşğuldur. Həmin şöbələr hüquq-mühafizə orqanı deyil təbii ki. Bizim silahımız sözdür. Biz hansısa gəncin bir qrupa qoşulub getməsi və s. haqda məlumat aldıqda profilaktik söhbətə üstünlük veririk. İzah edirik ki, Suriyada baş verənlər din söhbəti deyil, İŞİD din altında pərdələnmiş terrorçu qrupdur. Onun arxasında Qərbdəki bəzi mərkəzlər, geopolitik maraqlar, neft mafiyası, bəzən də dövlətlərin maraqları dayanır, İŞİD İslama zərbədir... Azərbaycandan İŞİD-ə gedən də bilməzlikdən gedir, müəyyən qrupların toruna düşüb və ya macəra axtarır. Saf ürəklə inanıb gedirsə o, bilsin ki, bu, din məsələsi deyil. Bizim idmançımız 23 saniyədə erməninin kürəyini yerə vurub əsgəri salamı verdi. Erməniyə bundan böyük ideoloji sillə vurmaq olmazdı. Bizim idmançı çox böyük hərəkət etdi. Mən çox ləzzət aldım bundan. Budur hərəkət. Yoxsa hansısa ölkədə geopolitik mübarizənin qurbanına çevrilirsənsə, sən dindən xəbərsizsən.

- İŞİD-ə qoşulmaq istəyənlərdən nə qədərini fikrindən daşındırmısız? Belə statistika var?

- Bununla xüsusi-xidmət orqanları ciddi, səmərəli məşğul olur. Bizdə o dediyiniz statistika var, amma bu, mətbuata açıqlamaq üçün deyil.

XS
SM
MD
LG