Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:14

Bir mənzil neçəsinə satılıb?..


Bakı, yeni tikili bina
Bakı, yeni tikili bina

-

“Şirkətə 180 min ABŞ dolları ödəyib ev almışam. Sonradan bilmişəm ki, aldığım ev məndən əvvəl başqasına satılıbmış”

AzadlıqRadiosunun “Qaynar xətt”inə danışan Çingiz Hüseynov ev tikintisi ilə məşğul olan “Dağlar” MTK-ya ödədiyi pulları geri tələb edir.

Eyni şirkətə mənzil üçün ödədiyi pulu geri tələb edən təkcə Çingiz Hüseynov deyil.

25 şikayətçi “Qaynar xətt”ə yazır:

“Bu ilin iyun-iyul aylarında nəğd pul ödəyərək “Dağlar” MTK-nın Bakının Nərimanov rayonu, Təbriz küçəsi, 63 ünvanında inşa etdiyi binadan mənzillər almışıq. Lakin çox keçmədən məlum olub ki, həmin mənzillər daha əvvəl, bəzi hallarda isə onlara satılandan sonra başqalarına da satılıb. MTK rəhbərləri onların cəmi 1.5 milyon manata yaxın pulu mənzil satmaq adı altında mənimsəyib”.

"SƏNƏDLƏRDƏ MƏNZİLİN İKİ SAHİBİ VAR"

Ədliyyə Nazirliyinin qeydiyyat sənədlərində “Dağlar” MTK-nın təsisçisi və sahibi kimi Çingiz Rzayevin adı yer alır. Şirkətin icraçı direktoru isə onun qohumu Şahin Əliyevdir. Təsisçilər arasında həmçinin Çingiz Rzayevin qardaşı Gündüz Rzayevin və daha üç nəfərin adı yer alır. Şikayətçilər deyir ki, işin başında Çingiz Rzayev dayanır, qohumu Şahin Əliyev isə icraçıdır.

Şikayətçi Etibar Əliyevin dediyinə görə, o, “Dağlar” MTK-nın inşa etdiyi binadan ötən ilin avqustunda 3 otaqlı mənzil alıb. 122 min manatı nəğd şəkildə şirkətin icraçı direktoru Şahin Əliyevə ödəyib. Mənzil alqı-satqısı haqda MTK ilə vətəndaş arasında bağlanmış müqavilə notariat kontorda təsdiqlənib. 40 min manat xərc çəkib evi təmir etdirib. Bir neçə ay əvvəl ona məlum olub ki, mənzil başqasına satılıb. Deyir, mənzilinin başqasına satılmasından ora köçməyə hazırlaşarkən xəbər tutub:

“Köçmək istəyəndə baxdım ki, qıfıl dəyişib. Sındırıb mənzilə girdim. İndi orada yaşayıram. Ancaq sənədlərdə mənzilin iki sahibi var”.


"EV MƏNDƏN ƏVVƏL BAŞQASINA SATILIBMIŞ"

Sadiq Məmmədov da aldığı mənzillə bağlı oxşar vəziyyətə düşüb:

“Bu il iyunun 31-də 114 min manat ödəyib “Dağlar” MTK-nın Təbriz küçəsi, 63 ünvanda inşa etdiyi binadan 3 otaqlı mənzil almışam. Mənzil alqı-satqısı və pulların ödənilməsi barədə müqavilə notarial qaydada təsdiqlənib. Mənə dedilər ki, mənzilin açarını 15 gündən sonra təhvil verəcəklər. 15 gün tamam olanda açarları götürməyə getdim, dedilər, bir az da səbr elə. Çox get-gəldən sonra xəbər tutdum ki, ev məndən 5 il əvvəl - 2009-cu ildə başqasına satılıbmış”.

İsgəndər Qasımov isə danışır ki, şirkətdən 154 min manata aldğı mənzilin 34 min manatını ödəyib. Yerdə qalan 120 min manatını ödəmək üçün şirkətə gələndə burada narazılarla qarşılaşıb. Bir mənzilin bir neçəsinə satıldığını eşidəndə şübhəyə düşüb və 120 min manatı ödəməyib. Araşdırma aparıb və məlum olub ki, ona satılmış ev bir neçə il əvvəl başqasına da satılıbmış. İndi şirkətdən tələbi 34 min manatının özünə qaytarılmasıdır.

PAYÇILAR İNDİ ŞİRKƏTİN RƏHBƏRLİYİNİ AXTARIR

AzadlıqRadiosunun “Qaynar xətt”i Dağlar MTK-nın telefonlarına 10 gün ərzində dəfələrlə zəng vurub. Əyləşdikləri ofisə baş çəkib. Lakin telefonlar susur, ofisin qapısı qıfıllıdır.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən payçıların şikayətləri əsasında “Dağlar” MTK-nın icraçı direktoru Şahin Əliyevi bir dəfə saxlanılıb. Ancaq cinayət işi başlanmayıb. Şahin Əliyevin qarşısında şərt qoyulub ki, vətəndaşların pullarını qaytarsın və azad edilib. Həmin gündən Şahin Əliyev “qeybə çəkilib”.


SATILMIŞ MƏNZİLLƏRİ TƏKRARƏN AYRI-AYRI ŞƏXSLƏRƏ SATIBLAR

Bakı, yeni tikilmiş yaşayış binası
Bakı, yeni tikilmiş yaşayış binası

Baş Prokurorluğun mətbuat xidmətindən “Qaynar xətt”ə verilən məlumata görə, “Dağlar” Mənzil-Tikinti Kooperativinin (MTK) vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə ayrı-ayrı vətəndaşların 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciətlər daxil olub. Müraciətlər baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı üzə çıxıb ki, MTK-nın vəzifəli şəxsləri vətəndaşların etibarından sui-istifadə edərək Yasamal və Nərimanov rayonları ərazisində inşa etdikləri yaşayış binasında 443 min 550 manat məbləğində satılmış mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İstintaq davam edir.

“Dağlar” MTK-nın adı hələ 2008-ci ildən mənzil dələduzluğu və payçıların aldadılması əməllərində keçir. Bu əməllərə binaların tikintisinin yarımçıq qoyulması, fəhlələrin pullarının verilməməsi, bir mənzilin bir neçə adama satılması daxildir. Şirkət Bakının Yasamal, Binəqədi və Nərimanov rayonlarında çoxmərtəbəli binaların tikintisi ilə məşğul olub. Məsələn, “Dağlar” MTK-nın əməllərindən zərər çəkən bir qrup şikayətçi 2008-ci ilin noyabrında Prezident Administrasiyasına müraciət ediblər.

Onların şikayətində bildirilirdi ki, “Dağlar” MTK-nın inşa etdiyi binadan mənzil almaq üçün kooperativə üzv olublar və müqaviləyə əsasən bina 2006-cı ilin sonu, 2007-ci ilin əvvəlində tikilib istifadəyə verilməli idi. Lakin bina yarımçıq qoyulub və “Dağlar” MTK rəhbərliyi onların pullarını geri qaytarmır. “Dağlar” MTK-nın fırıldaqlarından ziyan çəkənlər ölkə prezidentinə və digər yuxarı instansiyalara çoxsaylı şikayətlər ünvanlayıblar.


“Dağlar” MTK-NIN ARXASINDA HANSI MƏMURUN DAYANDIĞI MƏLUM DEYİL

Digər fakta görə Bakı Appelyasiya Məhkəməsi 2010-cu ildə Əliyeva Şövkət İman qızının “Dağlar” MTK-ya qarşı mənzilə mülkiyyət hüququnun tanınması, mənzilə köçürmə, orderin və həmin orderdən yaranan hüquqi sənədlərin ləğv edilməsi üzrə qaldırdığı iddiaya baxıb. Bu işdə cavabdeh qismində “Dağlar” MTK ilə yanaşı Abbasov Azad Kazım oğlunun da adı keçir.

Bir qayda olaraq əksər tikinti kooperativləri ayrı-ayrı oliqarxlara, vəzifəli şəxslərə bağlı olur, yaxud onlar tərəfindən himayə edilir. Lakin zərərçəkənlər “Dağlar” MTK-nın arxasında hansısa qüdrətli məmurun dayandığı haqda fakta malik deyillər. Bununla belə məlumdur ki, Çingiz Rzayev əslən Gəncədəndir, bəzi iddialara görə o, Sumqayıtın indiki icra başçısı Eldar Əzizovun adından istifadə edir. Həmçinin Ç.Rzayevin Binəqədidən deputat Hacı Madərin himayəsində olduğu haqda təsdiqlənməmiş iddialar da var

XS
SM
MD
LG