Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:52

Səfirliklər hansı prinsiplə açılır?


Milli Məclis bir sıra ölkələrdə yeni səfirliklərin açılmasını təsdiqlədi
Milli Məclis bir sıra ölkələrdə yeni səfirliklərin açılmasını təsdiqlədi
Bəzi millət vəkilləri hesab edirlər ki, Azərbaycanın hansısa ölkədə səfirliyinin açılmasında bir sistem yoxdur. Məsələn, Milli Məclisin payız sessiyasının ilk iclasında Azərbaycanın Qırğızıstan, Tacikistan, Litva, Tailand və Meksikada səfirliklərinin təsdiq edilməsi müzakirə edilirdi. Deputat İqbal Ağazadə xaricdə səfirliklərin açılmasını təqdir etsə də əlavə etdi ki, daha vacib ölkələri qoyub Tacikistanda və digər ölkələrdə niyə səfirlik açılması məsələsinə aydınlıq gətirilməsini istəyir.

Cənab Ağazadənin fikrincə, dövlət vəsaitinin bu şəkildə-xarici siyasət kursunu istiqamətləndirmədən xərcləməyə ehtiyac yoxdur. Parlamentin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Daimi Komissiyasının sədri Səməd Seyidov isə bildirdi ki, dünyanın bütün iri ölkələrində Azərbaycanın səfirlikləri fəaliyyət göstərir.

Dövlət vəsaitini bu şəkildə-xarici siyasət kursunu istiqamətləndirmədən xərcləməyə ehtiyac yoxdur
Orta Asiya isə inkişaf etməkdə olan və Azərbaycan üçün əhəmiyyətli regiondur. Bütün dünyanın marağı hazırda ora yönəlir. Ona görə də bu regionun ölkələrində Azərbaycanın səfirliklərinin olması zəruridir. Parlamentin sədr müavini Ziyafət Əsgərov isə düşünür ki, səfirlik açılması lazım olan ölkələri birinci, ikinci, üçüncü qruplar deyə bölmək doğru deyil: «Əgər prezident bu təklifi edirsə deməli bu məsələ kifayət qədər ölçülüb-biçilib».


Müzakirəyə qoşulan digər millət vəkilləri isə səfirliklərin açılması məsələsində kəmiyyətə yox keyfiyyətə diqqət yetirməyi, hətta lazım gələrsə artıq vəsait xərcləməmək üçün bir sıra ölkələrdə yaşayan azərbaycanlıların xidmətindən istifadə etməyi təklif etdilər.


Xarici İşlər Nazirliyinin idarə rəisi Tahir Tağızadə isə deyir ki, xarici ölkələrdə Azərbaycan səfirliyinin açılması müəyyən şərtlərə əsaslanır. Əgər hər hansı ölkə ilə Azərbaycanın arasında birgə xarici siyasətin elementləri mövcuddursa, həmin ölkədə səfirlik açılmasına daha çox ehtiyac olur. İkinci şərt hansısa regionda səfirliyin olub olmamasıdır: «Cənubi Amerikada bizim səfirliyimiz yoxdur. Qərar var ki, Argentinada açılsın, amma fiziki olaraq o da yoxdur. Cənubi Amerika isə bütöv bir qitədir». Tahir Tağızadə əlavə edir ki, daha bir şərt Azərbaycanın təbliğatı məsələsinin bu və ya digər ölkədə nə dərəcədə mümkün olmasıdır. Əgər belə bir imkan varsa orada səfirlik açılması məsələsi də aktual olur.


XS
SM
MD
LG