Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:36

Penitensiar Xidmət: «Leyla Yunusla bağlı görüntülər prokurorluğa təqdim olunacaq»


Leyla Yunus
Leyla Yunus

-

Ədliyyə Nazirliyi Penitensiar Xidməti hüquq müdafiəçisi Leyla Yunusun təcridxanada döyülməsi ilə bağlı vəkillərinin yaydığı bəyanata münasibət bildirib.

Xidmətin yaydığı açıqlamada yayılan bəyanatın əsassız olduğu bildirilir. Məlumatda qeyd olunur ki, bu cür xəbərlərin qarşısını almaq məqsədilə Penitensiar Xidmət araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib:

«Bu məqsədlə təcridxananın dəhlizlərində quraşdırılmış videokameraların qeydə aldığı görüntülər prokurorluq orqanına təqdim olunacaq».

«FƏQAN YAQUBOV DAVRANIŞ QAYDALARINI BİLİR»

Məlumatda həmçinin xidmətin əməkdaşı Fəqan Yaqubovun Leyla Yunusu döyməsi ilə bağlı vəkillərin ittihamı da əsassız sayılır:

«Fəqan Yaqubov və eləcə də Penitensiar Xidmətin digər əməkdaşları məhkum və təqsirləndirilən şəxslərlə davranış qaydalarını bilir və onlara tam riayət edirlər. Təqsirləndirilən şəxs Leyla Yunusovanın vəkillərinin yaydığı bəyanatda həqiqəti əks etdirməyən başqa məqamlar da yer alıb. Belə ki, bəyanatda bildirilir ki, 24 sentyabr 2014-cü ildə müdafiəçilərindən vəkil Fariz Namazlı və Cavad Cavadov növbəti dəfə Leyla Yunusun yanına gediblər. Penitensiar xidmət bildirir ki, həmin tarixdə təqsirləndirilən şəxs Leyla Yunusovanı vəkillərdən yalnız biri – Cavad Cavadov qəbul edib».

«LEYLA YUNUSOVANIN TEMPERATURUNUN YÜKSƏLMƏSİ ÖZ TƏSDİQİNİ TAPMAYIB»

Yayılan məlumatda Leyla Yunusun soyuqladığı və həkimin onu qəbul etməməsi barədə səslənən ittihamlara da münasibət bildirilir:

«19-24 sentyabr tarixləri aralığında təqsirləndirilən şəxs Leyla Yunusova beş dəfə həkim nəzarətində olub və qeydiyyat jurnalında bunu şəxsən öz imzası ilə təsdiqləyib. Tibb mütəxəssisləri tərəfindən müayinə olunan Leyla Yunusovanın temperaturunun yüksəlməsi öz təsdiqini tapmayıb. Vəkillərin həmin gün təqsirləndirilən şəxsin kamerasında yoxlanışın aparılmasını «qanunsuzluq» kimi qiymətləndirmələrinə gəlincə, Penitensiar Xidmət bildirir ki, kameralarda yoxlanışın aparılması təqsirləndirilən şəxslərin səhhətindən asılı deyil. Həmin gün Bakı İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən təsdiqlənmiş qrafikə uyğun olaraq təkcə Leyla Yunusovanın deyil, bütün təqsirləndirilən şəxslərin saxlandığı kameralarda yoxlama aparılıb».

Sentyabrın 24-də vəkilləri bəyanat yayaraq Leyla Yunusun həbsxanada döyüldüyünü bildiriblər. Bəyanatda həmçinin bildirilir ki, səhhətində problemlər olmasına baxmayaraq, Leyla Yunusa tibbi yardım da göstərilməyib.

Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iyulun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin dövlətə xəyanət də daxil, 6 maddəsi ilə ittiham olunur. Leyla Yunus ittihamları rədd edir və həbsini siyasi sifariş hesab edir. O, daha öncə də bir neçə dəfə həbsxanadan bəyanat verərək, ona qarşı təxribat hazırlandığını və hücuma məruz qaldığını bildirib.

XS
SM
MD
LG