Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:12

Emil Məmmədov: «Başıma gələnlərlə bağlı kitab yazmaq istəyirəm» [Video]


Emil Məmmədov: «Başıma gələnlərlə bağlı kitab yazmaq istəyirəm»
Gözlə

No media source currently available

0:00 0:05:07 0:00

Emil Məmmədov: «Başıma gələnlərlə bağlı kitab yazmaq istəyirəm»

-

Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsindəki 65 saylı ev. Həbsdən yenicə buraxılmış hüquq müdafiəçisi Emil Məmmədovla görüşmək üçün son vaxtlar bu ünvana gəlib-gedənlər çoxalıb. Aralarında orta və yaşlı nəslin nümayəndələri də var, gənclər də. Qadınları evdə Emilin anası Ədilə xanım, kişiləri isə həyətdə səbəbkarın özü qəbul edir. Onlar AzadlıqRadiosuna müsahibəni də elə qonaqlarının yanında verməli oldular. Emil Məmmədovun həyat yoldaşı Sənubər xanımın isə başı daha çox biş-düşə, yır-yığış etməyə qarışdığından onunla söhbətləşmək imkanımız olmadı....

“EMİLƏ BAXIB BİZ DƏ ÖZÜMÜZÜ İTİRMƏDİK”

Ədilə xanımın sevincinin həddi-hüdudu yoxdu, oğlunu sanki yenidən tapıb. Deyir hərdən onun evdə olmağına inanmağı gəlmir. O, ailənin narahatlığı başlanan günü belə xatırlayır:

“Mayın 13-ü idi. Evdə oturmuşduq. Emil nahara gəldi. Dedi polisdən zəng ediblər. Niyə çağrıldığını bilirdi- bir nahaq iş vardı, üzünə adam durğuzmuşdular. Dedi birdən məni saxlasalar, fikir etməyin, mən haqq yolundayam. Getdi və saxlanıldı. Düzü, pərt olduq. Amma Emil içəridə də özünü qürurlu apardı, əyilmədi, sınmadı. Ona baxıb biz də özümüzü itirmədik, ümid etdik ki, tezliklə buraxılar. Ayın 25-ində növbəti məhkəmə prosesi keçirilirdi. Qardaşı İqrar zəng vurdu, sevincindən ağlayırdı...”

​Emilin azyaşlı qardaşı oğlu Məşədi Sübhan şeir yazıbmış, onu evdə saxladıqları “Qurani-Kərim”in arasına qoyublarmış. Bədii cəhətdən zəif olsa da, uşağın yazdıqları hamını kövrəldib...

ZİYALI AİLƏSİ

Ədilə xanım deyir ki, o, 52 il uşaq bağçasında tərbiyəçi işləyib. Həyat yoldaşı Balamirzə Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasını bitirib.

Emil Məmmədovun qardaşıoğlu Məşədi Sübhan ona həsr etdiyi şeiri oxuyur
Emil Məmmədovun qardaşıoğlu Məşədi Sübhan ona həsr etdiyi şeiri oxuyur

Kənd təsərrüfatı elmləri namizədi olub, uzun müddət sovxoz-kolxoz sədri, dövlət idarə və müəssisələrinin rəhbəri işləyib. O, 2006-cı ildə vəfat edib. Məmmədovlar ailəsində biri qız, üçü oğlan olmaqla 4 uşaq dünyaya gəlib. Qızları Təranə ali məktəbi bitirəndən sonra 15 il həkim işləyib, hazırda I qrup əlildir. Yaşca Emildən kiçik olan qardaşı Vüqar polis olub, xidməti tapşırığı yerinə yetirərkən qəzaya düşüb və həlak olub. Emilin digər qardaşı İlqar ali təhsilli əmtəəşünasdır.

Emil Məmmədovun həyat yoldaşı Sənubər xanım Salyan şəhərindəki 3 saylı tam orta məktəbdə rus dili müəllimi işləyir. 4 övladları var.

Onlardan yalnız biri yetkinlik yaşına çatıb və ali məktəb tələbəsidir.

HƏBSİNDƏ İZ BURAXAN NƏHS RƏQƏM...

Emil Məmmədov azadlıqda
Emil Məmmədov azadlıqda

“Çoxları kimi 13 mənim üçün də düşərsiz rəqəmdir. Həbsim üçün hazırlıq gedirdi, amma bu, məhz mayın 13-ündə baş verdi. Onda 49 yaşım vardı- 4-lə 9-un cəmi də 13 edir...”

Emil Məmmədov söhbətə həbsindən keçən bu nəhs rəqəmlə körpü salır.

-Bu yay çox qaynar keçdi...

-Mən bu qaynarlığı hiss etmədim. Bütün yayı “Stolıpin”də Astara, Lənkəran, Kürdəxanı arasında, buradan ora, oradan bura daşınmışam.

4 dəfə Lənkərana etap olunmuşam. Açıq havada 50 dərəcə isti olan günlərdə Astarada elə bir qapalı yerdə saxlanılmışam ki, orada yuyulmuş paltar 3 gün ərzində qurumurdu. İnsan o şəraitdə elə hislər yaşayır ki, isti və ya soyuq olsun, ona bir o qədər təsir etmir. Azərbaycanda dustaqların hüquqlarından çox vəzifələri var. Lənkəran istisna olmaqla, rayon polis şöbələrinin müvəqqəti saxlanılma təcridxanalarında vəziyyət yaxşı deyil.

- Siyasilərin işi ilə bağlı son illər bu hal müşahidə edilir ki, əfv olunmaları ilə bağlı prezidentin adına ərizə yazanlar bağışlanılır.

Hesab edirsinizmi ki, Sizə yüngül cəza təyin edilməsində prezidentə məlum müraciətiniz rol oynayıb?

- Əvvəla, əfvdən o vaxt söhbət gedə bilər ki, barəndə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsun. Mən Azərbaycan prezidentinə müraciət edəndə, barəmdə cinayət törətməyimlə bağlı hökm yox idi. Digər tərəfdən, mən cinayət də törətməmişdim ki, bağışlanmağımı istəyim.

Mən yalnız başıma gələnlərlə bağlı ölkə başçısına səmimi vətəndaş müraciəti ünvanlamışdım. Eyni zamanda, ailə üzvlərim tərəfindən Mehriban xanıma müraciət olub. Çox güman ki, bu müraciətlər öz təsirini göstərib. Mən hüququn müdafiəsində tərəfsiz dayanan şəxs kimi onların hər ikisinə minnətdaram.

Salyan şəhəri, Emil Məmmədovun evi
Salyan şəhəri, Emil Məmmədovun evi

- Bu həbs və üzərinizdəki cəza sonrakı fəaliyyətinizdə redaktəyə, özünəsenzuraya səbəb ola bilərmi?

- Mən elə bir hərəkət etməmişəm ki, redaktəyə ehtiyac olsun. Bu həbs dövründə təcrübə topladım, Allaha bir az da yaxınlaşdım. Bu gün mən namaz qılıram. Düşüncəyə, baxışa görə Avropa dəyərlərinə üstünlük verən bir insan olsam da, fikirləşirəm ki, bir azərbaycanlı, müsəlman kimi milli adət-ənənələrimizə bağlı olmalıyıq, inanclarımıza tapınmalıyıq. Özümüzü tanıyandan sonra başqa dəyərlər barədə düşünməliyik.

-Həbs dövründə vaxtınızı nə ilə keçirirdiniz?

- Sədi Şirazini oxuyurdum. Amma vaxtımı mütaliədən daha çox informasiya toplamağa, düşünməyə sərf edirdim, ətrafımda olan adamlara çoxlu suallar verirdim. Mən uşaqlıqdan başlayaraq məhbəs barədə əsərləri çox böyük maraqla, birnəfəsə oxumuşam. Başıma gələnlərlə bağlı gələcəkdə kitab yazmaq istəyirəm. Bütün zəruri məlumatları hafizəmdə qoruyub saxlamışam, özümə gələn kimi onları kağız üzərinə köçürəcəyəm.

- “İçəri”də olduğunuz müddətdə “çöl”dən aldığınız hansı xəbər Sizi daha çox həyəcanlandırdı?

- Ən həyəcanlı xəbər cəbhədə əsgərlərimizin kütləvi həlak olması ilə bağlı olub. Həmin vaxt bütün məhbuslar televizor önündə idi, Azərbaycan kanallarının yaydığı xəbərləri izləyirdi. Bu müddətdə dostumuz, ictimai fəal Cavanşir İbrahimovun vəfatından üzüldüm.

Özümə bağışlaya bilmirəm ki, həbsdə olduğum vaxt ona zəng etməmişəm.

Mənə ən pis təsir edən səhnələrdən biri Lənkəran Ağır Cinayətlər Məhkəməsinə gətirilərkən “varanok”dan 2 azyaşlı uşağımın daş üzərində oturub gözləməyini görməyim idi. 20 yaşlı oğlumu məhkəmə iclasına buraxdılar, amma azyaşlıları yox (əslində qanunvericilik belə tələb edir). O uşaqların qida bağlamaları ilə həbsxanaya yanıma gəlmələri də çox üzücü idi.

- Bundan belə nə ilə məşğul olmaq istəyirsiniz, həbsinizə qədər hansı işləriniz yarımçıq qalmışdı?

- Yenə əvvəlki qaydada insan hüquqlarının müdafiəsi ilə məşğul olacağam. Mənim bir çox işlərim yarımçıq qalıb. Amma aktiv fəaliyyətə başlamazdan əvvəl bir müddət istirahət etmək istəyirəm. Səhhətimdə müəyyən problemlər var, yüksək qan təzyiqindən əziyyət çəkirəm. Etiraf edim ki, bu 5 aylıq həbsin mənə ziyanı dəydiyi kimi, xeyiri də olub.

Tutulanadək insan hüquqlarına dair nəzəri biliklərə malik olmuşdum, amma əgər belə demək mümkünsə, cərrahiyyə əməliyyatında iştirak etməmişdim. Yəqin ki, bu topladığım təcrübə peşə fəaliyyətimdə müsbət mənada kömək olacaq.

- Gələndən sonra ofisə gedə bilməmisiniz?

-Yox, hələ gedə bilməmişəm. Həbsimdən 2 ay yarım sonra dustaq maşınının dəmir barmaqlıqları arxasından boylandım ki, bəlkə ofisimi, onun qapısı üzərindəki lövhəni görə biləm. Amma bu, mənə müəssər olmadı.

Emil Məmmədovla sağollaşarkən Təbriz Xəlilbəyli küçəsindən içərisində bəylə gəlin olan bəzədilmiş maşın və onları müşayiət edən avtomobil karvanı keçir. Beləcə son vaxtlar bu küçədə sevincli anlar yaşanır...

XS
SM
MD
LG