Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:26

3ZB - Pelevinin yeni romanını oxuyarkən...


Viktor Pelevin
Viktor Pelevin

-

Pelevinin əsərlərində yaratdığı dünya çox qəddar, amansız dünyadır. Orda heç kimə güzəşt yoxdur. Mən heç vaxt onun dünyasında olmaq istəməzdim, çünki orda məhv olmaqdan başqa yolum qalmazdı...

Elçin Mann

ÜÇ ZUKERBRİNƏ SEVGİ



Sonra bir qılıncla köksümü yarıb,
Titrək ürəyimi ordan çıxarıb
Yerinə göz qoydu, alışan bir göz,
Dedi bundan belə bu ağrıya döz.


Puşkin. “Peyğəmbər”

Sentyabrın əvvəlində Viktor Pelevinin 70 min tirajla növbəti romanı çıxdı.

Kitab həmin ayın axırında Bakıya gəlib çatdı və mən onu əldə edib oxuya bildim.

Viktor Pelevin məhsuldar yazıçıdır. Hər bir ya iki ildən bir onun yeni kitabı çıxır. 1999-cu ildən bu tərəfə 9 roman yazıb. Mən hələ hekayə və povestlərindən ibarət kitabları bura aid etmirəm.

“Zukerbrinlər” nədən bəhs edir? Roman virtual dünyanın sakinlərindən, vizual obrazlar aləmindən bəhs edir.

Əvvəla onu deyim ki, yazıçının ön sözdə vurğuladığı kimi bu, qəribə, qeyri-adi kitabdır. Qeyri-adiliyi süjetindən məlum olur. Kitabın adında Facebook sosial şəbəkəsinin yaradıcısı Zukerberq və Google axtarış sisteminin yaradanı Brinin adları birləşdirilib.

Hadisələr birinci şəxsin dilindən danışılır. Adını kitabda çəkmək istəməyən, gizli saxlayan bir gəncin uzaq qohumu rəhmətə gedir. Gənc onun evinə köçür. Yazıçı olmaq istəyən gənc evdə, dünyasını dəyişmiş adamın çarpayısının altında böyük bir faner yeşik tapır.

Cavan oğlan sonra yeşiyin içərisində çoxlu köhnə kitablar və sarı kserosurətlər aşkarlayır. Məlum olur ki, bu kitablar, kağızlar fantastika ədəbiyyatı və ezoterikadan ibarətdir və bunları gəncin qohumu olan şəxs ömrü boyu gəzərək axtarıb toplayıbmış.

Beləliklə, gənc həmin kitabları oxumağa başlayır və bu qədər informasiya kokteyli qəbul edəndən sonra bizim xalqımızın məşhur təbiri ilə desək “oxumaqdan, başı xarab olur”. Daha sonra gənc həmin sarı kağızlarda yazılanları etməyə başlayır; gedib bir güzgü tapır, qarşısına qoyur və meditasiya edir. Və bir gün gəlir cavan adam kiklopa çevrildiyini başa düşür. Kiklop, yəni təpəgöz.

Belə demək mümkündürsə onda üçüncü göz açılır (lap Puşkinin şeirindəki kimi) və o ətrafındakı adamların həm keçmişini, həm də gələcəyini görmək qabiliyyətinə sahib olur. Kiklop başqa adamlardan fərqlənməmək, gözə çarpmamaq üçün adi bir ofisdə iş qurur.

Əslində bu işləmək yox, işləməyin imitasiyasıdır, yəni simulyasiyadır. Onun ofisinin altında başqa bir ofis – saytın redaksiyası yerləşir. Kiklop onlara nəzarət edir və saytın işçilərindən ikisi haqqında povestlər yazır. Romanın canını həmin povestlər təşkil edir.

Pelevin əsərlərində hər dəfə bir karkasdan istifadə edir. Mifologiyanı, mistikanı bu çərçivəyə çox rahat sığışdıra bilir. Məsələn, “Generation P”-də şumer mifologiyası (Babil qülləsi, İştar, Sirruf), “Ampir V”-də vampirlər, “Rəqəmlər” romanında rəqəmlərin magiyası, “Canavar-adamın müqəddəs kitabı” romanında qulyabanılar, “t”-də yenə mistika (Şekspirin Arieli) və s.

Bu dəfə də “3ZB” romanında yunan mifologiyasındakı kiklop, yəni təpəgözdən istifadə olunub. Kitabın “Kiklop” adlı üç fəsli vardır, həmin fəsillərdə kiklop kimdir, adam necə kiklopa çevrildi, onun missiyası nədir, düşmənləri kimdir, onlardan necə qorunmalıdır və s yazıçı bu kimi suallara birinci şəxsin diliylə cavab verir və bir növ romanın davamı üçün zəmin hazırlayır.

Eyni zamanda yazıçı kiklopun dilindən öz fəlsəfi fikirlərini bölüşür, buraya Pelevinin tanrıarayıcılığı, fəlsəfə, həyatın mənası, paralel dünyalar və s aiddir. Yazıçının özü də qeyd etdiyi kimi buna teoloji traktat da demək olar. Etiraf edim ki, bu hissə mənə həddən artıq qəliz gəldi. Yəni, heç də hər şeyi başa düşə bilmək olmur. Həmin hissə çətin və ağır oxunur.

Kitabı şərti olaraq iki yerə bölmək olar. Birinci hissəni yuxarıda yazdım. Bu, standart pelevinizmdir: fəlsəfə, mistika. İkinci hissə antiutopiyadır. Bu hissəni isə kiklop özü qələmə alıb. Hər iki hissənin fəsilləri sıra ilə yox iç-içə yazılıb. İki süjet bir-birinə paralel gedir, əhvalat içindən əhvalat çıxır, matryoşka kimi. Yəni, kiklopun dilindən verilən hissələr və onun yazdığı fəsillər (yaxud özü qeyd etdiyi kimi povestlər) bir-birini əvəz edir.

Beləliklə, kitabda kiklopun həyatı və onun fantaziyası bir-birinə qarışır. Kiklopun povestlərinin əsas qəhrəmanı hipster Kedir. Pelevin hipsterin tərifini yazır: “Orta statistik hispter məhdud beyin resursları olan yiyəsiz blutuz-vayfaylı qolemdir”. Qolem deyiləndə, adətən, ruhsuz, insan formasında materiya başa düşülür.

Ke saytın sisadminidir, sevimli oyunları məşhur GTA və Angry Birds-dür. O, boş vaxt tapan kimi sosial şəbəkədə, bloqlarda trollinq etməklə məşğuldur. Açığı bu sözün azərbaycanca necə yazıldığını, qarşılığını bilmirəm, güman ki, trolluq etmək kimi tərcümə oluna bilər. Trollinq belə demək mümkündürsə, provakasiya xarakterli virtual avaralanmadır. Sosial şəbəkənin digər sakinləri interet-filosoflardır. Müasir dövrdə insanların azadlıq formulunu yazıçı belə ifadə edir: Gadget + İnternet = Azadlıq (Seçim)

Bundan sonra Kenin gələcək futuristik həyatını təsvir olunur. Bu, əslində hamımızın 200-300 il sonrakı həyatıdır. İnsanlar 5 km hüdürlükdə yaşayış evlərində – klasterlərdə ömür sürürlər. Elm və texnika o qədər inkişaf edib ki, hamı onun sayəsində bütün məişət qayğılarından tamam xilas olub, kapsulların içində yaşayırlar – qəbirdəki kimi. Beyin yerinə feystop adlı bir kompyuter yerləşdirilib.

Yalnız virtual dünyada yaşayırlar, düşünürlər, virtual sevişirlər. Qısaca desək – matrisa həyatı yaşayırlar. Hamı elektron narkoz altında yatır. Buna kollektiv yuxu rejimi (hipnoreallıq) deyilir, onun müxtəlif fazaları var. Burda hər kəs zukerbrinlərə tabedir. Zukerbrin – adam deyil, metoddur. Bir növ ictimai quruluş, sistem yaxud allah kimi bir şey. Onlar ekran arxasından virtual aləmin zombiləşmiş vətəndaşlarına nəzarət edirlər.

Hər feystopda yardımçı proqram olur. Kenin yardımçısı Kiçik Bacı (Little sister) adlanır. (Oruellin Böyük Qardaşı burda yada düşür). Pelevin yazır ki, bu proqramın mənşəyi vaxtilə Microsoft Windows adlı bir proqramdan götürülüb. Windows-un köməkçi utilitisi olan Sancaq (Clippit) yəqin köhnə istifadəçilərin yadına gələr.

Virtual dünyanın düşmənləri də mövcuddur: bu, terroviruslardır. Ke sonda həmin terror hücumlarından birinin qurbanı olur.

“3ZB” haqqında nə demək olar? Açığı, geniş şərh vermək mənim üçün çətindir. Süjeti uzun-uzadı yazmağımın səbəbi də ondandır. Pelevini hər bir oxucu qavradığı dərəcədə başa düşür. Əsərdən çıxan nəticə budur ki, zaman və texnologiya dəyişsə də insan öz vərdiş, istək, günah və qorxuları ilə birgə özü olaraq qalır. Həmişə belə olub, belə də olacaq.

Bunu mütləq deməliyəm ki, “3ZB” ağır və yorucu kitabdır, oxucu bəzən bezir, beyin yorulur, oxuduqları həzm etmək çətinləşir.

Pelevinin hadisələri bu qədər qatıb-qarışdırması adamı təngə gətirir.

Pelevinin əsərlərində yaratdığı dünya çox qəddar, amansız dünyadır. Orda heç kimə güzəşt yoxdur. Mən heç vaxt onun dünyasında olmaq istəməzdim, çünki orda məhv olmaqdan başqa yolum qalmazdı. “Generation P” kitabının sonuna yaxın belə bir epizodu xatırlayıram. Tatarski birdən ağac yarpaqlarının küləkdən yaranan xışıltısını eşidir, xışıltı adam səsinə çevrilir. Səs obrazdan soruşur: “Sən axı niyə bu zalım dünyanı yaratdın?”. Tatarski cavab verə bilmir.

Bu, əslində hamımızın sualıdır. Hər bir kəs bir müddət kənara çəkilməli, səhvlərini xatırlayıb özünə belə bir sual verməlidir: Mən bütün bunları niyə etdim?

Kultura.az

XS
SM
MD
LG