Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:59

Əyalətlərdə qeyri-hökumət təşkilatları fəaliyyətlərini dayandırır...


İlqar Qasımov,Hüquqi yardım ictimai birliyinin rəhbəri,Lənkəran
İlqar Qasımov,Hüquqi yardım ictimai birliyinin rəhbəri,Lənkəran

-

Gözlə

No media source currently available

0:00 0:05:16 0:00
Direct-ə keçid

Tək paytaxtda yox, əyalətlərdə də son vaxtlar qeyri hökumət təşkilatların başının üstünü qara buludlar almaqdadır. Artıq Lənkəranda Hüquqi yardım ictimai birliyinin bank hesabı bağlanıb. Bu barədə AzadlıqRadiosuna bu qurumun rəhbəri İlqar Qasımov məlumat verib. O 6 aya yaxındır ki, təşkilatın hesabından vəsaiti götürə bilmədiyini söyləyir.

İlqar Qasımov hesab edir ki, regionlarda barmaqla sayılan qeyri-hökumət təşkilatların vəziyyəti xüsusilə acınacaqlıdır:

“BAKIDAKI ÇƏTİNLİKLƏRDƏN DAHA AĞIR VƏZİYYƏT REGİONLARDA VAR”

“Bakıdakı çətinliklərdən daha ağır vəziyyət regionlarda var. Lənkəranda 7-8 QHT-nin qeydiyyatdan keçməsinə baxmayaraq, onlardan faktiki olaraq ikisi, üçü işləyirdi. İndi həmin iki, üç təşkilat da, başda biz olmaqla hesabımızdan maliyyə vəsaiti çıxarda bilmirik.

Bank vəsaiti vermir. Bank deyir ki, Ədliyyə Nazirliyi müvafiq bildiriş verməlidir. Ədliyyə nazirliyinə dəfələrlə bu barədə yazmışıq, görüşdə də olmuşam. Onlar bir az səbirli olmağımızı məsləhət bilir.”

İlqar Qasımovun dediyinə görə, şübhə yeri qoymamaq üçün qeydiyyatla və digər işlərlə bağlı sənədlər toplanıb Ədliyyə Nazirliyinə təqdim ediblər. O deyir ki, təşkilatın işi tam şəfafdır. Burda heç bir qanunsuzluğa yol verilməyib. Onun sözlərinə görə, nazirlik bu məktublara, müraciətlərə susmaqla cavab verir:

“FAKTİKİ OLARAQ 6 AYDAN ÇOXDUR HEÇ BİR İŞLƏ MƏŞĞUL DEYİLİK”

“Faktiki olaraq 6 aydan çoxdur heç bir işlə məşğul deyilik. İşçiləri uzaqlaşdırmışıq. Bizim əsas işimiz insanlara hüquqi yardım göstərməkdir, pulsuz hüquqi yardım . Hüquq maarifçiliyidir. Regionda yaşamağımıza baxmayaraq 10 kitabımız var. Nəinki pulsuz yardım göstəririk, çalışırıq ki, insanlar bu kitablar vasitəsilə özlərini müdafiə edə bilsinlər. Kitablar insan hüquqları barəsində, seçkilər barəsində, qeyri hökumət təşkilatları barəsindədir.”

İlqar Qasımov artıq rəsmi şəkildə təşkilatın fəaliyyətini dayandırmaq qərarına gəlib:

“MƏCBUR OLUB VƏSAİTİ GERİ QAYTARDIQ”

“Mən fikirləşirəm ki, rəsmi qaydada artıq vergilər idarəsində fəaliyyəti dayandırım. Hər üç aydan bir gedib mütləq bildiriş verməlisən. Mən vergilər idarəsindən məktub almışam, güya vergilər köçürülməyib.

Baxmayaraq dəfələrlə bildirmişik ki, heç kim işləmir və bunun səbəbi bizdə deyil. Ona görə vergi ödəmirik. Hesabımızda bir miqdar maliyyə vəsaiti də var. Bizə bir köçürmə də daxil olmuşdu, ABŞ doları ilə. Biz onu da istifadə edə bilmədik. Məcbur olub vəsaiti geri qaytardıq. ”

İlqar Qasımovun dediyinə görə Lənkəranda müstəqil qeyri hökumət təşkilatların hamısında vəziyyət eynidir. Onların da fəaliyyətləri dayandırılıb:

“Digər QHT-dən məlumatlarımız var. Vaxtaşırı görüşürük. MAGİYA qeyri hökumət təşkilatı var. Qrant almışdı, istifadə edə bilmədi. Astaranın, Masallının hər birində bir QHT qeydə alınıb. Lerikdə, Yardımlıda yoxdur. Cəlilabadda bir QHT var, Biləsuvarda 2 .Bəziləri ildə bir dəfə Dövlət Dəstəyi Şurasından və yaxud Gənclər Fondundan yardımlar alırlar. Bu işləmək deyil. Ofisləri bağlayırlar.”

“Maarifçilik” Azərbaycan Gənclərinin İctimai Yardım Asossasiyasının rəhbəri Afiq Məlikov isə deyir ki, onların təşkilatının bank hesabları bağlanmayıb. Onun sözlərinə görə, bu təşkilat həmişə kiçik layihələrlə işləyib.

Ələsgər Həsənli
Ələsgər Həsənli

Masallıdakı Regional İnkişaf və İnsan hüquqları qeyri hökumət təşkilatın rəhbəri Ələsgər Həsənli isə deyir ki, ümumiyyətlə qeydiyyatları yoxdur. Ədliyyə Nazirliyi təşkilatı qeydiyyata almaqdan imtina edib. Buna görə də sənədləri Avropa İnsan Haqları məhkəməsinə göndəriblər.

İCRA HAKİMİYYƏTLƏRİ BU İŞLƏRƏ QARIŞMIR?

Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Müxtarlı isə deyir ki, onlar qeyri hökumət təşkilatların işinə qarışmırlar. Təzyiqlərlə bağlı deyilənlərdən isə xəbərləri yoxdur.

XS
SM
MD
LG