Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:04

Moratorium niyə pozuldu?


Azərbaycan mətbuat tarixində heç vaxt iki ay ərzində üç jurnalist həbs olunmayıb
Azərbaycan mətbuat tarixində heç vaxt iki ay ərzində üç jurnalist həbs olunmayıb

Son vaxtlar mətbuat təmsilçiləri dövlət rəsmilərini söz azadlığına kəskin münasibətdə, rəsmilərsə mətbuatı son üç ayda heç vaxt olmadığı qədər təhqir və böhtan yazmaqda ittiham edirlər. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyir ki, prezident heç kimə şərəf və ləyaqətinin təhqir olunmasına reaksiya verməyi qadağan edə bilməz. Onun sözlərinə görə, dövlət üçün jurnalisti döyənlə məmuru təhqir edən arasında heç bir fərq yoxdur. Buna görə də məmurların məhkəməyə müraciəti təbiidir: «Təəssüf ki, son iki-üç ayda bəzi mətbuat orqanları jurnalist etikasını o dərəcədə pozur ki, buna heç bir məmur dözə bilməz. Heç bir əsas və məhkəmə olmadan naziri cinayətkar dəstənin başçısı elan edirlər. Əlbəttə, həmin nazir də həm şəxsi, həm işgüzar nüfuzunu qorumaq məcburiyyətindədir. Təəssüf ki, prezident moratoriumu ilə bunun qarşısını almaq mümkün deyil…»



«Hökumət demək istəyir ki, söz azadlığı ilə bağlı vəziyyəti daha da kəskinləşdirərəm. Bununla da beynəlxalq qurumlarla danışıqlarda alverə getmək istəyir»

Məsələyə münasibət bildirən media mənsubları və ekspertlərsə bu qənaətdədirlər ki, məmurların jurnalistləri məhkəməyə verməməsi barədə prezidentin qoyduğu moratoriumun pozulmasının iki səbəbi ola bilər. Başlıca səbəb hakimiyyət daxilində gedən mübarizənin dərinləşməsidir ki, burda zərbənin bir tərəfi də mətbuata dəyir. Bəzən bilərəkdən, bəzən bilməyərəkdən mətbuat bu savaşda alətə çevrilir. «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyevin fikrincə, belə olan təqdirdə məmurların mətbuata cavabı da adekvat olur.


Digər səbəbə gəlincə, müşahidəçilərə görə, Azərbaycan hökuməti ondan islahatlar tələb edən beynəlxalq təşkilatlara daha sərt üzünü göstərməyə çalışır. Hökumət yaxınlarda bəzi qanunlara, o cümlədən «Sərbəst toplaşmaq azadlığı», «İnformasiya haqda» qanunlara, «Seçki Məcəlləsi»nə ciddi düzəliş edəcəyinə söz verib. Belə düzəlişlərdən biri də şərəf və ləyaqətin təhqirinə görə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan maddənin Cinayət Məcəlləsindən çıxarılmasıdır. Arif Əliyevə görə, hökumət bu sahələrdə böyük güzəştlərə getməmək üçün söz azadlığını təhlükə altına qoyur: «Həmişə belə ərəfədə mətbuata təcavüz olur. Hökumət demək istəyir ki, söz azadlığı ilə bağlı vəziyyəti daha da kəskinləşdirərəm. Bununla da beynəlxalq qurumlarla danışıqlarda alverə getmək istəyir».



«Sakit Zahidov jurnalist deyil, satirik şer yazır. Əməli də jurnalistika ilə bağlı deyil. Təəssüf ki, bunu mətbuatla bağlamağa çalışırlar»

Beş il əvvəl də məmurlar ayrı-ayrı qəzetləri və jurnalistləri məhkəməyə verir və böyük məbləğdə onlar cərimələyirdilər. Hərçənd ki, o zaman jurnalistin həbsi təcrübəsi belə geniş yayılmamışdı. Bu tendensiyanın təhlükəli olduğunu düşünən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, Azərbaycan mətbuat tarixində heç vaxt iki ay ərzində üç jurnalist həbs olunmayıb.


Bir məqama da diqqət çəkmək lazımdır ki, hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov bir müddət əvvəl YAP-ın mənzil qərargahında keçirdiyi dəyirmi masada «Azadlıq» qəzetinin əməkdaşı satirik jurnalist Sakit Zahidovun cəzalandırılmasına açıq işarə verib. Prezident Aparatının rəsmisi Əli Həsənov YAP-ın icraçı katibi Əli Əhmədovun çıxışını eşitmədiyini və həmin fikrin hansı formada çatdırdığını bilmədiyini deyir. Ancaq, cənab Həsənov Sakit Zahidovun da qərəzli olduğuna eyham vurur: «Əvvəla, Sakit Zahidov jurnalist deyil, satirik şer yazır. Əməli də jurnalistika ilə bağlı deyil. Təəssüf ki, bunu mətbuatla bağlamağa çalışırlar. Beynəlxalq təşkilatlar da məlumatsızlıqdan bu cür bəyanatlar verirlər».


Cənab Həsənov jurnalistin həbsinə yaxşı hal kimi baxmadığın da bildirir. YAP-da keçirilən dəyirmi masada iştirak edən MŞ sədri Əflatun Amaşov isə deyir nəinki Əli Əhmədov, hətta başqa millət vəkilləri və səlahiyyətli şəxslər də orda çıxış edərək Sakit Zahidovun şerlərdə təhqir olunduğunu bildirdilər: «Amma bu kənardan necə görünür deyə bilmərəm. Dərin araşdırmalara ehtiyac var». «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyevə isə baş verənləri təsadüf saymır. Onun fikrincə, YAP-da keçirilən tədbirlə satirik jurnalistin həbsi arasında bir bağlılıq mövcuddur.


XS
SM
MD
LG