Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:37

Avropa Məhkəməsi: İlqar Məmmədov azad edilməlidir


İlqar Məmmədov
İlqar Məmmədov

-

Avropa İnsan Hüquqları Məhkəməsinin REAL Hərəkatının həbsdəki sədri İlqar Məmmədovla bağlı qərarı qəti qüvvəyə minib. Bu haqda AİHM-nin səhifəsində məlumat yerləşdirilib. İlqar Məmmədovun vəkili Fuad Ağayev AzadlıqRadiosuna deyib ki, Avropa İnsan Haqları Məhkəməsi bu ilin mayında REAL sədrinin azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Məhkəmənin qərarına əsasən, İlqar Məmmədov azad olunmalı, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə ona 22 min avro təzminat ödəməlidir.

Ancaq avqustun 8-də Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarından Böyük Palataya müraciət edib. Bir gün öncə - oktyabrın 13-də kollegiya müraciətə baxıb və onu Böyük Palatanın baxışına verməkdən imtina edib. Bununla da Məhkəmənin mayda çıxardığı qərar qəti qüvvəyə minib. Vəkilin sözlərinə görə, İlqar Məmmədov 3 ay ərzində azadlığa buraxılmalıdır:

«Dünən Böyük Palatanın kollegiyası bu müraciətə baxıb və qərarını verib. Beləliklə, qərar artıq qətidir və artıq icra edilməlidir. Bu o deməkdir ki, həmin qərarda göstərilən pozuntular aradan qaldırılmalıdır. Onun həbsi ilə bağlı qəbul olunan bütün qərarlar qanunsuz, əsassız, qeyri-hüquqidir. Bu halda Ali Məhkəmənin plenumu həmin qərarlara yenidən baxaraq onları ləğv etməlidir”.
Vəkil hesab edir ki, Azərbaycan hakimiyyəti üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətlə yanaşmalı, qısa müddətdə İlqar Məmmədovu həbsdən azad etməlidir: “Qərar qətiləşdiyindən 3 ay ərzində yerinə yetirilməlidir».

Yeri gəlmişkən, Avropa Şurasının baş katibi Torbyorn Yaqland da Avropa İnsan Haqları Məhkəməsinin qərarına istinadən Azərbaycan hakimiyyətini İlqar Məmmədovu azadlığa buraxmağa çağırıb.

İlqar Məmmədov 2013-cu ilin yanvarında İsmayıllı rayonundakı hadisələrə görə həbs olunub, 7 il müddətinə azadlıqdan mərhum edilib.

XS
SM
MD
LG