Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:35

Gədəbəydə arxasız sahibkarların obyektləri sökülür...


Gədəbəy, sahibkar obyekti
Gədəbəy, sahibkar obyekti

-

Bu il Gədəbəy rayonunda əsaslı yenidən qurma işlərinin aparıldığı deyilir. Rayon icra hakimiyyətinin məlumatına görə, ən böyük layihələrdən biri inşasına 2 il əvvəl başlanmış Gədəbəy-Novosaratovka- Qaravəlilər avtomobil yolunun çəkilişidir.

Sahibkar Əli Adıgözəlov
Sahibkar Əli Adıgözəlov

Hazırda isə şəhər daxilində əksər yerlərdə söküntülər aparılır.

Addımbaşı traktor və bulduzerlər gözə dəyir. Ancaq bütün bunlar heç də bəzi sahibkarların ürəyincə deyil. 2-ci qrup müharibə əlli, sahibkar Əli Adıgözəlov deyir ki, bulduzerlərə onun obyekti də tuş gəlib. Sahibkarın sözlərinə görə, heç bir məhkəmə qərarı qüvvədə olmadan onun illərdir icarəyə götürüb işlətdiyi avtomobil yuma məntəqəsini söküblər. İndi də yanacaqdoldurma məntəqəsini sökmək istəyirlər.

“ƏVVƏL BAYRAQ MEYDANI BƏHANƏSİ, SONRA YOL, SONRA DA PİONER EVİ...”

“Bu obyekti icarəyə götürmüşəm, 3 illik. İş məhkəmədədir. Birinci dedilər burda bayraq meydanı tikiləcək. Sonra dedilər yol genişlənir.

Hamısı yalan çıxdı. İndi deyirlər qabaqda pionerlər evi var, onlara mane oluruq. Onlar bizdən neçə metr uzaqdadırlar. Mən də Bakıda olanda gəlib tikililərimi söküblər. Kompressorumuzu qırıblar. Hardasa 5-6 min manatlıq ziyan veriblər ”.

Əli Adıgözəlovun sözlərinə görə, Gəncədə Regional İnzibati İqtisad məhkəməsi qərar verib ki, qanuni sənədlərlə fəaliyyət göstərən obyekt sahibkara məxsusdur və sökülməsi qadağandır. Lakin sonra Apelyasiya məhkəməsi Gədəbəy rayon icra hakimiyyətinin iddiasını təmin edib:

“GÖZLƏMİRLƏR Kİ, MƏHKƏMƏ BAŞA ÇATSIN...”

“İşimiz məhkəmədədir. İqtisad məhkəməsi bizim xeyrimizə qərar çıxarıb, apelyasiya isə icra hakimiyyətinin xeyrinə qərar verdi. İndi biz ali məhkəməyə şikayəti vermişik. Gözləmirlər ki, məhkəmə başa çatsın, sonra nə qərar olar, onu da icra edərlər”.

Hüquqşünas Aftandil Zeynalov
Hüquqşünas Aftandil Zeynalov

Hüquqşünas Aftandil Zeynalov da deyir ki, Gədəbəy rayon icra hakimiyyəti qanunsuz olaraq zor tətbiq etməklə həmin obyekti sökməyə cəhd göstərir. Hüquqşünas bildirir ki, apelyasiya məhkəməsinin qərarı icraçılara təqdim edilməyib:

“GƏDƏBƏY RAYON İCRA HAKİMİYYƏTİ ÖZBAŞINALIQ EDİR”

“İnzibati iqtisad məhkəməsində mübahisəyə baxılıb və qərara alınıb ki, yanacaqdoldurma məntəqəsi yerində qalıb, fəaliyyətini davam etdirməlidir. Sonrakı apelyasiya məhkəməsində isə qərar verilib ki, stansiya başqa yerə köçürülsün. Bu qərardan da Ali məhkəməyə şikayət verilib. Hələ ki proses gedir və sökülməsi üçün atılan addımlar qanunsuzdur. Gədəbəy rayon İcra hakimiyyəti özbaşınalıq edir.

Gözlənilməlidir ki, ali məhkəmə nə qərar verər o da olar. Məhkəmə qətnaməsi də qüvvəyə minməyib, icraçı bura gəlməyib. Polislər gəlib sökmək istəyirlər, qeyri qanuni təzyiq vasitəsi ilə”.

Məhkəmə icraçısı Məhərrəm Bağırov da AzadlıqRadiosuna deyib ki, qərar qüvvəyə minməyib və icra sənədləri onlara təqdim edilməyib. O ki qaldı söküntülərə icraçı deyir ki, orada onun heç bir iştirakı yoxdur.

SAHİBKAR TORPAQ YOX KOMPENSASİYA İSTƏYİR...

Sahibkar Əli Adıgözəlov bildirir ki, icra hakimiyyətindən ona kənar bir ərazidə yanacaqdoldurma məntəqəsi işlətmək üçün yer ayıracaqlarını deyiblər. Lakin kompensasiya verilməsindən söhbət belə getmir. Bu səbəbdən də sahibkar əmlakının əlindən alınması ilə razılaşmaq istəmir.

Yanacaq doldurma məntəqəsi
Yanacaq doldurma məntəqəsi

Biz ərazidə olarkən icra hakimiyyətinin nümayəndələri də ora gəldi.

Onlar çəkiliş aparmağımıza etiraz edərək sahibkar Əli Adıgözəlovu hədələdilər.

Sahibkar Əli Adıgözəlov deyir ki, onun yanacaqdoldurma məntəqəsi ilə paralel küçədə yerləşən bank və vergilər idarəsinə bitişik də yanacaqdoldurma məntəqəsi var. Əgər əhali üçün təhlükədən söz gedirsə ilk olaraq həmin məntəqələr sökülməlidir.

MƏMURLAR YANACAQDOLDURMA MƏNTƏQƏSINDƏN DANIŞMAQ İSTƏMİRLƏR...

Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini Qüdrət Paşayev isə deyir ki, abadlıq işləri ilə bağlı şəhərdə söküntülər var. Ancaq konkret yanacaqdoldurma məntəqəsi ilə bağlı şəhərin baş memarı ilə danışmağımızı məsləhət görür.

Dəfələrlə cəhd göstərsək də nəhayət bir dəfə Gədəbəy rayon İcra Hakimiyyətinin Baş memarı Elxan Vəliyevlə danışa bildik. Ancaq o da bu mövzuda suallarımıza cavab vermək istəmədiyini bildirdi.

Sahibkar Əli Adıgözəlov isə ümid edir ki, bu ölkədə kimsə onun şikayətini eşidəcək...

XS
SM
MD
LG