Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:57

Piyadaların yolu üstündə tikinti...


«Hər gün biz burdan keçəndə ölə bilərik»
«Hər gün biz burdan keçəndə ölə bilərik»
«Yolu səki ilə keçirmiş, camaatın keçdiyi yol idi. 5-ci mərtəbədən başına mismarlı taxta düşüb. Aparıblar xəstəxanaya, elə oradaca keçinib...» Anna İsmayılovanın 34 yaşlı qızı Azita Əlizadə ötən ay vəfat edib. Səbəb isə metronun «Əhmədli» stansiyası yaxınlığındakı Sarayev küçəsində aparılan tikinti zamanı yuxarı mərtəbədən başına taxta parçasının düşməsidir. Bu hadisəni araşdırmaq üçün Xətai Rayon Prokurorluğunda cinayət işi açılsa da, indiyə qədər bir nəticə yoxdur. Xanım İsmayılovanın sözlərinə görə, tikintini aparan şirkətin rəhbərliyi heç onları yada salmır. O, kompensasiya və mərhumun 10 yaşlı oğlu Ruslana təqaüd kəsilməsini istəyir. Ruslan hələ dünyaya gəlməmiş atasını da itirib.


Bədbəxt hadisənin məhz bu tikinti sahəsində olmasına baxmayaraq, yenə də nə qoruyucu hasar, nə sürahi, nə də tor gözə dəyir. Piyadalarla tikilən binanın sütunları arasında heç bir səki qədər də məsafə yoxdur
Sözügedən tikinti sahəsində mən də oldum. Bədbəxt hadisənin məhz bu tikinti sahəsində olmasına baxmayaraq, yenə də nə qoruyucu hasar, nə sürahi, nə də tor gözə dəyir. Piyadalarla tikilən binanın sütunları arasında heç bir səki qədər də məsafə yoxdur. Tikintini aparan şirkətin rəhbərliyi ilə görüşmək cəhdlərimiz isə baş tutmadı.

Bu, metronun «Əhmədli» stansiyası yaxınlığında tikilməkdə olan yeganə bina deyil. Ətrafdakı bir neçə tikilidə də eyni mənzərənin şahidi olmaq mümkündür. Hansı tikiliyə yaxınlaşdımsa, fəhlələrdən «müdir burda yoxdur» cavabını aldım. Ətrafda yaşayan və hər gün bu yollarla gedən əhali isə artıq şikayət etməyin də mənasız olduğu qənaətindədir: «Hər gün biz burdan keçəndə ölə bilərik. Amma nə olsun ki, kimdi bizim şikayətimizə baxan. Qanun var ki!». «Piyadaların yolu üstündə tikinti aparmaq yəqin ancaq bizim ölkədə yolveriləndir». «Hər an təhlükə qarşısındayıq».


Paytaxtda aparılan tikintilərdə təhlükəsizlik qaydalarına nəzarət edən dövlət qurumları var. Belə qurumlardan biri də Fövqəladə Hallar Nazirliyi nəzdində fəaliyyət göstərən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyidir. Gün ərzində agentliklə əlaqə saxlamaq mümkün olmadı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elnur Kələntərov isə deyir ki, təmsil etdiyi nazirlik bu məsələ ilə bağlı öhdəsinə düşən vəzifəni yerinə yetirir, yerdə qalan isə Fövqəladə Hallar Nazirliyinə aiddir: «Yoxlamalar aparırıq. Bədbəxt hadisə baş verəndə məsələni araşdırırıq. Təhlükəsizlik qaydalarına əməl etməyən tikinti şirkətlərinə qarşı tədbirlər həyata keçiririk. Kim xəsarət alırsa, gəlib bizə müraciət edə bilər».

Anna İsmayılova isə deyir ki, qızının ölümü ilə bağlı nəinki müxtəlif nazirliklərə, hətta ölkə prezidenti və Bakı Şəhər İcra Hakimiyyətinə də məktub yazıb. Amma hələ də cavab yoxdur...


XS
SM
MD
LG